Fransa Senatı qondarma erməni
soyqırımını inkar edənlərə cəza verilməsi
haqqında qanun layihəsini rədd etmişdir
Xəbər verdiyimiz kimi, Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etmişdir.
Senatın müzakirələrində iştirak edən 290 senatorundan 270-i qanun layihəsi ilə bağlı səsverməyə qatılmışdır. Onlardan 196-sı qanun layihəsinin qəbul edilməsinin əleyhinə, 74-ü isə lehinə səs vermişdir.
Üç saata yaxın davam edən müzakirələrdə Fransa Senatının qanunvericilik komitəsi adından məruzə ilə çıxış edən Jan-Jak Hyest parlamentin qondarma erməni soyqırımını inkar edənləri cəzalandırmağı nəzərdə tutan yeni qanunun qəbul etməsinin bir çox problemlərə səbəb olacağını demişdir. Senator bu qanun layihəsinin Fransa Konstitusiyasındakı cinayət və cəzaların qanuniliyinə və beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olmadığını vurğulamışdır.
Senatorun sözlərinə görə, qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsinin Avropa İnsan Haqları Konvensiyasının söz və fikir azadlığı prinsipinə də zidd olacaqdır. O xatırlatmışdır ki, Fransanın Xarici İşlər Nazirliyinin rəyinə əsasən, layihə qəbul olunacağı halda, ölkəsi tarixdə faciələrlə üzləşən dövlətlər qarşısında çətin vəziyyətdə qalacaqdır. Bu ölkələr Fransadan bənzər qanun layihələrinin qəbulunu tələb edəcəklər.
Fransanın ədliyyə naziri Mişel Mersye də senatorlara Fransa hökumətinin bu məsələ ilə bağlı mövqeyini açıqlamışdır. Nazir bu qanun layihəsinin Fransa Senatında qəbul edilməsinin düzgün olmadığını bildirmiş, qurumu məsuliyyətli qərar çıxarmağa çağırmışdır.
Müzakirələrdə qondarma erməni soyqırımı məsələsi fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Senatorların diqqətinə çatdırılmışdır ki, Ermənistan hələ də Azərbaycanın torpaqlarını işğal altında saxlayır.
Senatın digər üzvü, xanım Natali Qule soyqırımına məruz qaldıqlarını iddia edən ermənilərə özlərinin başqa dövlətin ərazilərini işğal etdiyini vurğulamışdır. Senator Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın 20 faiz ərazilərinin işğal olunmasını, bunun nəticəsində bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından qovulmasını xatırlatmışdır.
Ümumilikdə
müzakirələrdə çıxış edən
senatorların əksəriyyəti bu qanun layihəsinin qurum tərəfindən
qəbul edilməsinə qarşı
çıxmışdır. Hakim partiyanı təmsil edən
senatorlar bunun yalnız Türkiyə ilə deyil, Azərbaycanla
da münasibətlərə mənfi təsir göstərəcəyini
bildirmişlər. Onlar Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında Fransanın da ATƏT-in
Minsk qrupunun həmsədrlərindən biri olduğunu
xatırladaraq, belə bir vəziyyətdə bu sənədin
Fransa Senatı tərəfindən qəbul edilməsinin məqsədəuyğun
olmadığını qeyd etmişlər. Sənədin
qəbul edilməsinə tərəfdar çıxanlar isə
əsasən qurumda təmsil olunan sosialist qrupunun üzvləri
idi.
Azərbaycan.- 2011.-6 may.- S.9.