Azərbaycanda "İnsan alverinə qarşı mübarizə həftəsi" çərçivəsində tədbirlər həyata keçiriləcəkdir

 

Mayın 6-dan 16-dək Azərbaycanda "İnsan alverinə qarşı mübarizə həftəsi" elan edilmişdir.

AzərTAc xəbər verir ki, bu barədə ATƏT-in Bakı ofisinin Daxili İşlər Nazirliyi, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə mayın 5-də "Landmark" mehmanxanasında keçirdiyi mətbuat konfransında məlumat verilmişdir.

ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirmişdir ki, hər il dünyada minlərlə şəxs insan alverinin qurbanı olur. Ən ağrılısı odur ki, müxtəlif yaş qruplarından olan qadın və qızlarla yanaşı, azyaşlı uşaqlar da bu bəladan əziyyət çəkirlər. Dünya ölkələri, beynəlxalq təşkilatlar insan alverinə qarşı mübarizə aparsalar da, hələlik bu bəlanın qarşısını almaq mümkün olmamışdır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan hökuməti də insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı hazırlamışdır. Bu planın hazırlanması və icrası Azərbaycanın problemin həllinə olan marağını və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiqliyini sübut edir. ATƏT rəsmisi Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir. Qurumun həyata keçirdiyi kampaniya və tədbirlər haqqında ətraflı məlumat verən natiq bildirmişdir ki, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və könüllülərin iştirakı ilə keçirilən tədbirlərin məqsədi insan alverinə qarşı mübarizənin səmərəliliyini artırmaq, əhalinin bu problemlə bağlı maarifləndirilməsi işlərini və ictimai səyləri yüksəltmək, insan alverinin qarşısını almağa kömək etməkdir.

Sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki İmran Nəcəfov Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlər barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan hökuməti bu problemin həlli ilə bağlı Milli Fəaliyyət Planı ilə yanaşı, bir sıra layihələr də həyata keçirir. İnsan alverinə qarşı mübarizəyə dair mərkəzlər və qanunvericilik bazası yaradılmışdır. Müvafiq nazirliklərin və qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində təkcə ötən il 70 insan alveri faktı aşkarlanmış, insan alveri ilə məşğul olan 38 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, insan alverinin 34 qurbanı azad edilmişdir.

Bu qurbanların cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif tədbirlər görülmüş, onlara tibbi-psixoloji, eləcə də maddi yardımlar göstərilmiş, bəziləri işlə təmin olunmuşdur. Hökumət bu sahədə tədbirləri bundan sonra da davam etdirəcək, insan alverinə qarşı mübarizəni gücləndirəcəkdir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktopark, ABŞ Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi Jeniffer Ridl, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı proqram rəhbəri Elnur Nəsibov təmsil etdikləri təşkilatların insan alverinə qarşı mübarizə sahəsində gördükləri işlər barədə ətraflı məlumat vermişlər.

Azərbaycan Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev rəhbərlik etdiyi təşkilatın Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü işlərdən danışmış, mayın 6-dan başlayaraq keçirəcəkləri tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, mayın 6-dan 16-dək Bakı şəhərində məlumatlandırıcı aksiyalar keçiriləcək, müxtəlif tədbirlər təşkil olunacaqdır.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 9.