Bazar iqtisadiyyatının Azərbaycan modeli

 

İqtisadi potensialından asılı olmayaraq müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri də məhz milli lider amilidir. Milli lider fenomeninin müəyyən etdiyi mütərəqqi inkişaf modeli ölkənin mövcud potensialını hərəkətə gətirməklə yanaşı, onun səmərəli realizəsini də təmin edir, bunun üçün zəruri əsasları, prioritet istiqamətləri müəyyənləşdirir. Bu mənada əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın intibahı üçün zəruri inkişaf kursu müəyyənləşdirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək layiqli siyasi davamçı da yetişdirmişdir. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli davamçısı - cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin əlamətdar səhifələri yazılır.

 

Sabit və dayanıqlı iqtisadi inkişaf kursu

 

Son 8 ildə ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılmasını təmin etmiş Prezident İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevirmişdir. Xalqa layiqli xidmət məramını əməli işi ilə doğruldan dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini ilk gündən dəqiq müəyyənləşdirir, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönələn modernləşmə strategiyasını inamla həyata keçirir.

Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə doğru inamla yetişən, bütün sahələrdə yeniləşən Azərbaycan beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illər Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir.

Azərbaycanın 20 illik müstəqillik tarixinin ən mühüm uğuru isə ölkənin heç bir dövlətdən və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsidir. Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında qeyd olunduğu kimi, dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğu nəzərə alınaraq, Azərbaycanın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliği son dərəcə vacibdir. Sərəncamda eyni zamanda keçid dövrünü başa vuran respublikamızın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkə olduğu vurğulanır: "Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır".

Sərəncamdan da göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Bu kursun ən layiqli davamçısı - Prezident İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.

Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı 2011-ci ilin ilk rübündə təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı keçirilən iclası respublikanın davamlı inkişaf və tərəqqi yolunda olduğunu, qısa müddətdə makroiqtisadi göstəricilərə imza atdığını göstərir. Hesabat dövründə ölkə iqtisadiyyatı 1,6 faiz artmış, qeyri-neft sektorunda bu rəqəm 5,6, qeyri-neft sənayesində 9,8 faiz təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində yanvar-mart aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 16,8, orta aylıq əməkhaqqı 11,7 faiz artmış, əhalinin adambaşına düşən gəlirləri inflyasiya səviyyəsini 7,7 faiz üstələmişdir.

Hökumətin son iclası deməyə əsas verir ki, sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi siyasət inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir.

 

Səmərəli iqtisadi islahatların uğurlu təməli

 

Bu gün mütləq əksəriyyət etiraf edir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Ulu öndərin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Neft-qaz sektorunun sürətli tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermişdir. Makroiqtisadi sabitliyə nail olunması fonunda isə həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Xüsusən də aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması, perspektivli sektorların beynəlxalq miqyasda məharətli təbliği xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev isə keyfiyyətcə yeni mərhələ üçün milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizm və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Prezident İlham Əliyevin ötən illərdəki ən ciddi uğurlarından biri respublikamızın mürəkkəb ictimai-iqtisadi proses kimi səciyyələnən keçid dövrünü başa vurmasıdır. Bakı Dövlət Universitetinin 2009-cu il noyabrın 1-də keçirilən 90 illik təntənəli yubiley mərasimində dövlət başçısı iqtisadi sahədə keçid dövrünün başa çatdığını, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Ölkədə keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər isə şübhəsiz ki, bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir. Beləliklə, aydın görünür ki, dövlətin idarəsində yer alan, cəmiyyətin tələbatına operativ reaksiya vermək imkanından məhrum olan, istehsalçılarda resurslardan səmərəli istifadə üçün hər hansı ciddi stimul yaratmayan, əmtəə və xidmətlərin geniş çeşidinə gətirib çıxarmayan, innovasiyalara meyilli olmayan, istehsal vasitələrinin dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsində ləngimələrə yol verilməsi kimi çatışmayan cəhətlərə malik olan inzibati komanda iqtisadiyyatından əsas prinsipləri sahibkarlıq, mülkiyyət və istehsal vasitələrinin müxtəlif formalarının yaranması, qiymətlərin bazar tərəfindən tənzimlənməsi, təsərrüfat subyektləri arasında müqaviləli münasibətlər, eləcə də təsərrüfat fəaliyyətinə dövlətin məhdud müdaxiləsi olan bazar iqtisadiyyatına keçid kifayət qədər çətin bir prosesdir. Əsas cizgiləri səmərəli texnologiyaların və təşkilati sistemlərin seçimi, özəl, kollektiv, dövlət mülkiyyət formalı, inzibati müstəqillik, əmlak istehsalçısının öz məhsulunun tam sahibi olması, məhsul təchizatçılarının və istehlakçıların azad seçimi, tərəqqipərvər vergi siyasəti olan bazar münasibətləri Azərbaycan iqtisadiyyatı üçün də səciyyəvidir.

Son 3 ildə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərini də ciddi sınaqlarla üz-üzə qoyan maliyyə-iqtisadi böhran "İnkişafın Azərbaycan modeli" ilə bağlı müzakirələrə yeni nəfəs vermiş, respublikanın yeni ictimai-iqtisadi formasiyaya sürətli keçidinin spesifik cəhətləri, eləcə də çətin vəziyyətdə ümumi daxili məhsulun yüksək inkişaf tempini şərtləndirən amillər nüfuzlu iqtisadçıların elmi müzakirə mövzusuna çevrilmişdir. Bu müzakirələr göstərir ki, hər bir ölkədə inkişaf proseslərinin davamlı və sabit olmasını təmin edən başlıca amillərdən biri də iqtisadi islahatların elmi təməl üzərində aparılması, bu sahələrin qarşılıqlı əlaqəsinin futuroloji planda proqnozlaşdırılması, elmi-nəzəri, fəlsəfi əsaslarının işlənib hazırlanmasıdır.

Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda elmin inkişaf təmayüllərinin ölkənin müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin mərhələlərlə aradan qaldırılması, elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və ideya müəllifliyi ilə işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabı respublikamızın milli inkişaf modelinin konkret elmi postulatlar üzərində əsaslandırılması, onun nəzəri-metodoloji əsaslarının işlənib hazırlanması istiqamətində ilk uğurlu addımlardan biridir. Dərin elmi-nəzəri araşdırmalara əsaslanmaqla ensiklopedik səciyyə daşıyan əsərdə xalqın tarixi-etnik köklərinə, dövlətin iqtisadi müstəqilliyini təmin edən real təsərrüfat sisteminə, dünya iqtisadiyyatının qloballaşması prosesinin müasir meyillərinə əsaslanan milli iqtisadi inkişaf modelinin spesifik cəhətləri araşdırılmışdır. Eləcə də Azərbaycandakı çağdaş sosial-iqtisadi proseslərə elmi-politoloji rakursda nəzər salınmış, respublikamızın müstəqillik illərində əldə etdiyi uğur və nailiyyətlər, çoxşaxəli islahatlar prosesi dərindən tədqiq olunmuşdur.

 

Keçid iqtisadiyyatı anlayışının nəzəri-praktik xüsusiyyətləri

 

"İnkişafın Azərbaycan modeli" əsərində akademik Ramiz Mehdiyev haqlı olaraq elmi tədqiqatların azlığını ciddi problem kimi qarşıya qoyur. Söhbət, əslində, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövründə kompleks təşkilati-hüquqi tədbirlər sisteminin nəzəri əsasda tədqiq edilməsi və vahid inkişaf strategiyası kimi ümumiləşdirilməsi zərurətindən gedir. Əsərdə vurğulandığı kimi, "Keçid dövrü kimi xarakterizə edilən tarixi mərhələdə keçilən mürəkkəb, çətin və şərəfli yola elmi-pedaqoji və fəlsəfi rakursdan nəzər salmaq, respublikanın milli inkişaf modelinin xüsusiyyətlərini cəmiyyətə açıqlamaq prosesində bu gün təkcə iqtisadçı və filosoflar, ümumilikdə, elm xadimləri və siyasətşünaslar deyil, ictimai rəyə əsaslı təsir imkanları olan kütləvi informasiya vasitələri də yaxından iştirak etməlidirlər. Bu, həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir".

İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrü iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi və ümumiyyətlə, sistemsizlik böhranının bütün məziyyətləri, xüsusiyyətləri ilə birlikdə təzahürünü özündə ehtiva edir. İqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional bağlılığın qırılması ilə müşayiət olunan keçid dövrü iqtisadi inkişaf modelinə dəyişən iqtisadi münasibətlər sisteminin tələbləri prizmasından baxmağı tələb edir. İnzibati-amirlik sistemi ilə bazar iqtisadiyyatının mahiyyət uyğunsuzluğu yeni bir iqtisadi inkişaf modelinin yaradılması probleminə yanaşmada varisliyin tam həcmdə tətbiqini qeyri-mümkün edir. Eyni zamanda bazar iqtisadiyyatlı ölkələrin bu sahədə əldə etdikləri təcrübədən Azərbaycanın keçid iqtisadiyyatı şəraitində, sözün müstəqim mənasında, yararlanmaq mümkün deyildir. Beləliklə, tarixi təkamül prosesində analoqu olmayan bir mərhələdə - inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövründə iqtisadi inkişaf modeli problemi mövcüd situasiyaya uyğun şəkildə qoyulmalıdır.

Keçid iqtisadiyyatı mahiyyət etibarı ilə köhnə sistemdən yeni sistemə keçid dövrünün sistemlilik baxımından qeyri-müəyyənliyi deməkdir. Keçid iqtisadiyyatı hər iki sistemin elementlərindən istifadə etməklə yeni sistemin tədrici təkamülünə, formalaşmasına, qurulmasına yönəldilmişdir. Yəni nə qədər ki, söhbət keçid iqtisadiyyatından gedir, bir o qədər milli iqtisadi sistem formalaşma mərhələsində olacaqdır. İqtisadiyyatın sahə və sferaları arasında üfüqi əlaqələr kompleksinin intişarı yalnız bazar münasibətlərinin mövcudluğu halında baş tuta bilər. Real bazarsız bütövlükdə iqtisadi münasibətlərin əsasını təşkil edən üfüqi əlaqələr sisteminin formalaşması qeyri-mümkündür. Deməli, əgər bazar münasibətlərinin inkişaf səviyyəsi göstərilən optimallığa çatmamışsa, onda ölkə iqtisadiyyatının sahə və sferaları arasında inteqrativ bağlılıqdan danışmaq olmaz. Bu isə o deməkdir ki, milli iqtisadiyyat müəyyən keyfiyyət xassələrinə malik vahid məcmuluq kimi yoxdur. Digər tərəfdən, vaxtilə əyalət iqtisadiyyatı kimi formalaşmış bir sistem siyasi müstəqillik əldə etdikdən sonra mexaniki olaraq milli səviyyəyə yüksələ bilməz. İqtisadiyyatın özünəməxsus inkişaf qanunauyğunluqları belə bir halın reallaşma imkanını aradan qaldırır.

Müstəqilliyini bərpa etdikdən sonra özünün siyasi və iqtisadi quruluşunu dəyişən, ictimai həyatın bütün sahələrində islahatlar aparan Azərbaycan bütün bu böyük və əsaslı dəyişiklikləri müharibə şəraitində apardığından ölkəmiz analoqu olmayan bir dövrə qədəm qoydu. Bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçidin əsasında hər bir ölkənin spesifik xüsusiyyətlərini özündə əks etdirən iqtisadi inkişaf modeli və konsepsiya durur. Burada söhbət ilk növbədə beynəlxalq təcrübəni və milli xüsusiyyətləri özündə əks etdirən, ölkənin inkişaf səviyyəsinə uyğun gələn modelin olmasından gedir. Müharibə şəraitində yaşayaraq əsaslı dəyişikliklər aparan Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə uyğun gələn, buna bənzər elə ölkə yox idi ki, onun təcrübəsindən istifadə etmək mümkün olsun. Digər tərəfdən, inkişafın Amerika modeli olan liberal bazar iqtisadiyyatı modelini, Almaniya modeli olan sosialyönümlü bazar iqtisadiyyatı modelini və nəhayət, İsveç modeli olan sosial-demokrat modelini Azərbaycanda adekvat olaraq tətbiq etmək mümkün deyildi. O illərdə nə Çin modeli, nə Koreya modeli, nə yapon modeli, nə də hazırda bizə məlum olan iqtisadi inkişaf modelləri yox idi. İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən Azərbaycan isə özünün ən ağır dövrünü yaşayırdı. İqtisadiyyat tamamilə dağıdılmış, onun bütün sahələri arasında əlaqələr tamamilə kəsilmiş, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi prosesi müşahidə olunurdu. Bir sözlə, Azərbaycan sistemsizlik böhranını bütün xüsusiyyətləri ilə birlikdə öz taleyində yaşayırdı. Keçid dövrünün ilkin mərhələsində Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün iqtisadiyyatın bərpa edilməsi və səmərəliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması zəruri idi. Belə çətin və mürəkkəb şəraitdən ölkəni yalnız zəngin dövlətçilik təcrübəsinə, dərin biliyə, dönməz iradəyə malik olan bir şəxsiyyət çıxara bilərdi.

 

Davamlı inkişafın real göstəriciləri

 

"Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan tez zamanda iqtisadi böhrandan çıxdı. 2001-ci ilə qədər dünyanın 15 ölkəsinin 33 şirkəti ilə 23 beynəlxalq müqavilə imzalandı, bunun nəticəsində 6 il yarım ərzində Azərbaycan iqtisadiyyatına 11,4 milyard dollar investisiya qoyuldu. Bunun da 8,3 milyard dolları xarici investisiyalar idi. Keçid dövrünün sonuncu - 2009-cu ilini nəzərdən keçirsək görərik ki, bir ildə Azərbaycana qoyulmuş 9,2 milyard dollar investisiyanın 1,9 milyard dolları xarici, 7,3 milyard dolları isə daxili investisiyalardır. Halbuki, 2001-ci ilə qədər ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,8 faizini xarici, 27,2 faizini daxili investisiyalar təşkil edirdi.

Azərbaycanın iqtisadi qüdrətinin yüksək dinamizmlə artmasının nəticəsidir ki, 2009-cu ildə daxili sərmayələr 79,3, xarici sərmayələr 20,7 faiz təşkil etmişdir. 2010-cu ildə isə respublika iqtisadiyyatına 13,9 milyard və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya qoyulmuşdur. Əsas kapitala yönəldilmiş sərmayələrin məbləği 21,2 faiz artaraq 9,7 milyard manata çatmışdır və onun da 75,2 faizi daxili investisiyalar olmuşdur. Xüsusi qeyd olunmalıdır ki, investisiyaların 70 faizi qeyri-neft sektorunun və infrastruktur sahələrin inkişafına sərf edilmişdir. Ölkəyə qoyulmuş investisiyaların tərkibində daxili investisiyaların xüsusi çəkisinin belə sürətlə artması Azərbaycan iqtisadiyyatının yüksək sürətli inkişafını və onun iqtisadi qüdrətinin artmasını göstərir. Bu böyük nailiyyətlərin əldə edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü siyasətin, düşünülmüş strategiya və taktikanın, iqtisadi islahatların həyata keçirilməsi, siyasi iradənin olması, ölkədə güclü maliyyə iqtisadi potensialının yaradılması, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyin təmin edilməsi hesabına mümkün olmuşdur. Bu böyük uğurların bir səbəbi də ölkə başçısı İlham Əliyevin yeni idarəetmə modeli sayəsində, ölkəni elmi surətdə əsaslandırılmış çoxsaylı dövlət proqramlarının vasitəsi ilə idarə etməsidir.

Hələ 2006-cı ildə Dünya Bankı bəyan etmişdir ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə hələ 6 il dünya birinciliyini qoruyub saxlayacaqdır. 2005-ci ildə ümumi daxili məhsulun artımının 26, 2006-cı ildə 35, 2007-ci ildə 25, 2008-ci ildə 11, 2009-cu ildə 9,3, 2010-cu ildə isə 5 faiz olması Dünya Bankının bu proqnozlarının nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Nəzərə almalıyıq ki, hər bir artım faizinin kəmiyyət tutumu əvvəlki illərdəki artım faizinin kəmiyyət tutumundan xeyli yüksəkdir.

Azərbaycanda istehsal olunmuş ÜDM-in üçdə iki hissəsi ixrac edilir və respublikada iqtisadi artımın yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşmışdır. İqtisadi böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 4874 ABŞ dollarına yüksəlmişdir. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsul 800, 2007-ci ildə isə 3660 ABŞ dolları olmuşdur. 2003-cü illə müqayisədə 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsul 6 dəfədən çox artmışdır. Dünya ölkələri ilə müqayisə etsək, 2009-cu ilin nəticələrinə əsasən Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. İqtisadi və maliyyə böhranı şəraitində əksər dünya ölkələrinin bu sahədə xeyli gerilədikləri halda, Azərbaycan həmin göstəriciyə görə vəziyyətini əsaslı dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda ötən 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə dünya ölkələri içərisində yerini 40 pilləyə qədər yüksəltmişdir. Beynəlxalq aləmdə bu, olduqca yüksək göstərici sayılır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası bu gün uğurla həyata keçirilir və ölkənin iqtisadi qüdrətinin artırılmasına xidmət edir. 2010-cu ildə neft hasilatı 51 milyon tona, qaz hasilatı 26,2 milyard kubmetrə çatmışdır. Neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, hazırda Azərbaycanda neft-qaz kəmərlərinin çəkilməsi, yataqların işlənməsi sahəsində beynəlxalq münasibətlərin inkişaf etmiş sistemi formalaşmışdır. Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatı sahəsində ciddi addımlar atır. Respublikada elektrik stansiyalarının tikintisi belə bir nəticəyə gəlməyə əsas verir ki, ölkəmiz elektrik enerjisi istehsalının artım sürətinə görə də dünyada ilk yerlərdən birini tutur. Bu gün Azərbaycan elektrik enerjisinə olan tələbatını tam ödəyir və xarici ölkələrə ixracı ildən-ilə artırır. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə imkanlarını genişləndirir, eyni zamanda elektrik enerjisini böyük həcmdə xarici ölkələrə satmaqla özünün iqtisadi qüdrətini gücləndirir.

Ümumiyyətlə, həyata keçirilən uğurlu inkişaf strategiyasının nəticəsidir ki, son 7 ildə ümumi daxili məhsul 3 dəfə artmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "Son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir".

2004-2010-cu illərdə ümumi daxili məhsulun həcmi 3, o cümlədən qeyri-neft sektoru 2, sənaye istehsalı 2,8 dəfə artmışdır. Bu illər ərzində dövlət büdcəsinin xərcləri 9,5 dəfə yüksəlmiş, sosial müdafiə və sosial təminat sahəsində xərclər 5,3, səhiyyədə 7,8, təhsildə 5, mədəniyyət, incəsənət və informasiya sahələrində 5,4, müdafiə sahəsində 8,7 dəfə artmışdır. Bütün dünyanı bürümüş iqtisadi böhran şəraitində valyuta ehtiyatlarını 34,2 milyard ABŞ dollarına çatdıran Azərbaycan milli inkişaf strateqiyasını uğurla davam etdirmiş, bütün sahələrdə yüksək artım templərinə nail olmuşdur. 2010-cu ildə 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun real həcmi 5 faiz artmışdır. Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına yönəldilən siyasətin nəticəsi olaraq qeyri-neft sektorunda bu artım 7,9 faizə çatmışdır.

İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın həyatında tarixi bir hadisədir. Biz artıq dövlət mülkiyyətinin inhisarına son qoymuş, iqtisadiyyatın qeyri-dövlət sektorunun sürətli inkişafına nail olmuşuq. Qeyri-dövlət sektoru indi iqtisadiyyatın bütün sahələrində hakim mövqeyə malikdir. 2009-cu ildə inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş Azərbaycanda ümumi daxili məhsulun 85 faizdən çoxu xüsusi mülkiyyətdə olan müəssisələrdə istehsal olunur. Deməli, bazar münasibətləri bütün sistemi demək olar ki, əhatə edir.

Qürur hissi ilə deyə bilərik ki, hazırda respublikamızın heç bir dövlətin inkişaf yoluna oxşamayan, hansısa təcrübəni təkrarlamayan milli inkişaf modeli formalaşır və hazırda dünyanın aparıcı elmi mərkəzləri bu modelin öyrənilməsi istiqamətində işlər aparır. Bu istiqamətdə Azərbaycanın iqtisadçı alimlərinin yeni-yeni araşdırmalar aparması ölkənin ötən 20 ildə keçdiyi yola konseptual nəzər salınması, uğurların təhlil edilib ümumiləşdirilməsi, habelə gələcək inkişaf perspektivlərinin öyrənilməsi baxımından son dərəcə vacibdir. Hesab edirik ki, bu istiqamətdə araşdırmalar Azərbaycanın hazırda üstünlük verdiyi sabitləşmə və modernləşmə strategiyasının tədqiqi baxımından da əhəmiyyətlidir.

Modernləşmə mürəkkəb proses olaraq cəmiyyətin ayrılıqda götürülmüş hansısa bir sahəsini əhatə etmir, onun hüdudları son dərəcə genişdir. Ən ümumi formada desək, modernləşmə yeni əsrdə ictimai həyatın bütün sahələrində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərini, ictimai şüur və vərdişlərin müasirləməsini nəzərdə tutur. Azərbaycanın hazırkı dinamik inkişafı deməyə əsas verir ki, ulu öndərin modernləşmə strategiyasının gerçəkləşdirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına sürətlə daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır.

 

 

Rasim NƏBİYEV,

Azərbaycan İctimai-Siyasi

Universitetinin rektoru,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 6 may.- S. 10.