Əlillərin hüquqlarının müdafiəsi daha da təkmilləşdirilir

 

5 may - Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günüdür.

Bu münasibətlə mayın 5-də Ombudsman Aparatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əlil Təşkilatları İttifaqı ilə birgə "Əlilliyi olan insanların əmək hüquqları: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirmişdir.

Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova "Ombudsmanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti" mövzusunda çıxış etmişdir. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının əhəmiyyətini vurğulayan E.Süleymanova bildirmişdir ki, dövlətimiz sözügedən sənədi ratifikasiya etməklə əlillik əlamətlərinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam həyata keçirilməsini təmin və təşviq etməyi bir öhdəlik kimi üzərinə götürmüşdür. Müvəkkil fəaliyyəti dövründə ölkədə əlillərin hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsinə, onların barəsində mümkün ayrı-seçkilik hallarının qarşısının alınmasına, bu sahədə fəaliyyət göstərən dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm verdiyini bildirmişdir.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli əlilliyi olan insanların problemlərinin həllində vətəndaş cəmiyyəti institutlarının rolundan, dövlət qurumları və digər tərəfdaşlarla əməkdaşlıq məsələlərindən danışmışdır.

Hökumət qurumlarının və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əlillərin hüquqları üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi perspektivləri, əlilliyi olan insanların məşğulluq problemlərinin həlli və qarşıda duran vəzifələr, bu insanların məşğulluq problemlərinin həllində inklüziv təhsilin rolu barədə danışılmışdır. Tədbirdə mövzu üzrə müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 10.