Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq konfrans işini davam etdirir

 

Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans işini bölmə iclaslarında davam etdirir.

AzərTAc xəbər verir ki, BSU və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ, Polşa, Belarus, Gürcüstan və digər ölkələrin ayrı-ayrı universitetlərinin təmsilçiləri - alim, tədqiqatçı və mütəxəssislər iştirak edirlər.

Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi, xarici ölkələrin universitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, onun inkişafı, təbliği və tədqiqi məqsədi ilə təşkil olunmuş beynəlxalq konfransın işi müasir Azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılır.

Mayın 6-da bölmə iclasları Gəncə Dövlət Universitetində davam etdiriləcəkdir. Ümumilikdə, beynəlxalq konfransda 200-dək məruzə dinləniləcək, mövzu ilə bağlı müzakirələr aparılacaqdır.

 

 

Azərbaycan.- 2011.-6 may.- S. 11.