Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili
avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak
etmişdir
Prezident İlham Əliyev mayın 5-də İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə yolun əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.
Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olmuşdur. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanmışdır. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaltmışdır.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi, görülmüş işlərdən razılığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 7 may.- S. 1.