Prezident İlham Əliyev Ağcabədidə əsaslı təmirdən sonra istifadəyə verilən rayon mədəniyyət evində görülən işlərlə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində mayın 6-da şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evində görülən işlərlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, ötən əsrin 60-cı illərində inşa olunan rayon mədəniyyət evi son vaxtlaradək əsaslı təmir olunmamışdır. Azərbaycan Prezidentinin 2008-ci ilin yanvarında Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq bu mədəniyyət ocağının əsaslı təmirinə başlanılmışdır.

Bildirildi ki, ətrafda yaşıllıqlar salınmış, dekorativ gül və ağac kolları əkilmiş, müasir işıqlandırma sistemi yaradılmışdır. 945 kvadratmetr sahəsi olan binanın fasadı tam yenilənmişdir. Mədəniyyət evinin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı fikirlərini əks etdirən yazılar əks olunmuşdur. Birinci mərtəbədə qonaq və qrim otaqları və 304 nəfərlik zal fəaliyyət göstərir. Zalda bütün texniki vəsaitlər və elektrik sistemi alman texnologiyası ilə təchiz olunmuşdur. Zalın və səhnənin işıqlandırma sistemi müasirləşdirilmişdir. Binada xarici texnologiya əsasında havalandırma sistemi qurulmuş, səsləndirmə sistemi yüksək keyfiyyəti ilə seçilir. Binanın ikinci mərtəbəsində iş və texniki otaqlar yerləşir. Burada müxtəlif dərnəklər də fəaliyyət göstərir.

Dövlət başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasını dinlədi.

Azərbaycan Prezidenti mədəniyyət evində yaradılmış şəraiti yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 may.- S. 4.