Parlament neft sazişlərini təsdiq etdi

 

Mayın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə Şuşanın ermənilər tərəfindən işğalı zamanı həlak olan soydaşlarımızın xatirəsi yad edildi.

Milli Məclisin Sədri Oqtay Əsədov 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə xalqımızı və parlament üzvlərini təbrik etdi. Spiker əmin olduğunu bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan tarixinə Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı yeni Qələbə günü əlavə ediləcək.

Milli Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bildirdi ki Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. Ulu öndər xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcı enerjisini özündə təcəssüm etdirən dahi insan idi. Elə buna görə Heydər Əliyev millətimizin şərəf və ləyaqətinin rəmzinə çevrilib. Məhz onun sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Milli Məclisin Sədri Oqtay Əsədov əmin olduğunu bildirdi ki, ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövləti ildən-ilə daha da inkişaf edəcək və qüdrətlənəcək.

İclasın gündəliyindəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər, bəzi təkliflərlə çıxış etdilər.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı olan "Avronest" Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olduğu xatırlandı. "Avronest"in təsis toplantısında Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Maldova və Ermənistanın parlament nümayəndə heyətləri iştirak ediblər.

Bu barədə məlumat verən Ziyafət Əsgərovun sözlərinə görə, mayın 3-də Avropa Parlamentinin sədri Yeji Buzekin iştirakı ilə 5 dövlət tərəfindən (Azərbaycan, Gürcüstan, Ukrayna, Maldova və Ermənistan) "Avronest" Parlament Assambleyasının təsis sənədi imzalanıb. Eyni zamanda, 4 komitə yaradılıb. Bunlar Energetika, Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadiyyat və Sosial məsələlər, təhsil, səhiyyə və mədəniyyət komitələridir. Azərbaycan Milli Məclisinin deputatlarından Fuad Muradov Energetika komitəsinin sədri, deputatlardan Asim Mollazadə Siyasi işlər, insan hüquqları və demokratiya komitəsinin, Azay Quliyev isə Sosial məsələlər, təhsil, səhiyyə və mədəniyyət komitəsinin sədr müavinləri seçiliblər. Beləliklə, Azərbaycan nümayəndə heyəti təşkil olunmuş strukturlarda kifayət qədər yer ala bilib. "Avronest"də Azərbaycan nümayəndə heyətinin rəhbəri isə deputat Elxan Süleymanovdur.

Ziyafət Əsgərov Avropa Parlamentinin sədri Yeji Buzeklə keçirdikləri görüş barədə də məlumat verdi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun təkrar səsverməsi keçirildi və təsdiq olundu.

İclasda "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi də təsdiq olundu. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, dəyişikliklər ölkəmizdə həyata keçirilən məhkəmə islahatları ilə bağlıdır. Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 9-cu bəndindən və 43-cü maddənin II hissəsindən "Naxçıvan Muxtar Respublikasının İqtisadi Məhkəməsi" sözləri çıxarılıb. 44-cü maddənin VI hissəsi bu redaksiyada verilib: "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir".

Əli Hüseynli Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 45-ci maddəsinə edilən dəyişiklik barədə də məlumat verdi. Deputatlardan İsa Həbibbəyli və Siyavuş Novruzov bu dəyişiklikləri yüksək qiymətləndirdilər. Konstitusiya Qanununun layihəsi təsdiq olundu.

Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, bp Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsini müzakirəyə təqdim etdi. Valeh Ələsgərov saziş barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu saziş Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin Azərbaycan sektorunda Asiman və Şəfəq perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2010-cu il 7 sentyabr tarixli 1089 nömrəli sərəncamına uyğun olaraq ötən il oktyabrın 7-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə bp Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmışdır.

Sazişə əsasən, bp Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkətinin hər birinin payı 50 faizdir. O cümlədən mühəndis-texniki və fəhlə heyətinin böyük əksəriyyətini Azərbaycan vətəndaşları təşkil edəcəklər. Sənaye hasilatının başlanmasından sonra isə Azərbaycan vətəndaşı olan işçilərin sayı daha da artacaq.

Deputatlardan Mübariz Qurbanlı, Vahid Əhmədov, Rasim Musabəyov və digərləri sazişlə bağlı fikirlərini bildirdilər. Valeh Ələsgərov deputatları maraqlandıran məsələlərə münasibət bildirdiklən sonra qanun layihəsi təsdiq olundu.

Qısa fasilədən sonra Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsini təqdim etdi. Komitə sədri bu sazişin mühüm əhəmiyyət kəsb etdiyini və ölkəmizin maraqlarına cavab verdiyini bildirdi. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.

Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikası Gömrük Məcəlləsi layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, birinci oxunuşdan sonra qanun layihəsinin ayrı-ayrı maddələrinə dair deputatlar tərəfindən verilən təkliflər nəzərə alınmışdır. Təqdim olunan qanun layihəsi 59 fəsil və 334 maddədən ibarətdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ölkəmizdə gömrük işinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirəcək. Z.Səmədzadə əlavə etdi ki, Gömrük Məcəlləsində kömrük orqanlarının fəaliyyəti, bu orqanlar tərəfindən "bir pəncərə" sisteminin tətbiqi, gömrük orqanlarının beynəlxalq əməkdaşlığı məsələləri müvafiq maddələrdə öz əksini tapıb.

Deputat Jalə Əliyeva birinci oxunuşdan sonra qanun layihəsi üzərində işçi qrupunun səmərəli işlədiyini bildirdi. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına uyğun olaraq gömrük qanunvericiliyinin yaradılmasını müsbət addım saydı. Deputatın fikrincə, ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyası yolunda Gömrük Məcəlləsinin qəbul edilməsi son dərəcə vacibdir.

"1997-ci ildə qəbul edilmiş Gömrük Məcəlləsi Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına cavab vermirdi. Müzakirəyə çıxarılan Gömrük Məcəlləsi çox təkmil variantda hazırlanıb və beynəlxalq təcrübəyə əsaslanır",- deyən deputat Əli Məsimli qanun layihəsinə dair bir sıra təkliflərini verdi. Bildirdi ki, gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati şikayətə 30 gün müddətində baxılması çox böyük müddətdir. Qanun layihəsində bu müddətin 30 gündən 2 həftəyə qədər endirilməsini təklif verdi.

Deputat Elton Məmmədov müzakirəyə təqdim edilən qanun layihəsini beynəlxalq qanunvericilik öyrənilməklə hazırlandığını müsbət qiymətləndirdi. Deputat gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya verilməsindən, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsindən bəhs edən maddəyə dair fikirlərini bildirdi.

Deputat Vahid Əhmədov qanun layihəsində ötən müzakirələrdən sonra mütərəqqi dəyişikliklər edildiyini bildirdi. Qanun layihəsində şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydasından və sənədlərin təqdim olunmasına dair tələblərdən bəhs edən maddələrə dair təkliflərini verdi. Təklif etdi ki, gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarına inzibati şikayətə on beş gün müddətində baxılması daha məqsədəuyğun olardı. Gömrük qanunvericiliyinin mükəmməl variantda hazırlanması Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması yolunda mühüm addımdır.

Gömrük Məcəlləsinin əsas anlayışlar hissəsinə dair təkliflərlə deputat İlyas İsmayılov münasibət bildirdi. Deputat təklif etdi ki, gömrük orqanları həm də hüquq-mühafizə orqanları kimi sənəddə öz əksini tapmalıdır. Deputat İsa Həbibbəyli ölkəmizin milli maraqları nəzərə alınmaqla və beynəlxalq təcrübə öyrənməklə hazırlanan Gömrük Məcəlləsini təqdir etdi. Qanun layihəsinin ölkəmizin sürətli sosial-iqtisadi inkişafına uyğun hazırlandığını bildirdi. Deputat Aytən Mustafayeva qanun layihəsinin gömrük ekspertizasının aparılmasından bəhs edən maddəsinə dair təkliflərini verdi. Bildirdi ki, ekoloji baxımdan təhlükəli, tərkibində ozon qatını dağıdan maddələr olan mallarla yanaşı, ölkəyə gətirilən qida məhsulları da ciddi şəkildə yoxlanılmalıdır.

Deputatlardan Əhməd Vəliyev, Siyavuş Novruzov, Çingiz Qənizadə, Fərəc Quliyev Gömrük Məcəlləsi layihəsinin birinci oxunuşdan sonra xeyli təkmilləşdirildiyini bildirdilər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deputatlar tərəfindən səslənən təkliflərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə qoyularaq qəbul edildi.

 

 

Azərbaycan.- 2011.-  7 may.- S.  6.