Heydər Əliyevin xarici siyasət
strategiyası və Azərbaycanın milli təhlükəsizliyi
Ötən əsrin sonlarında dünyada bir sıra dəyişikliklərin baş verməsi nəticəsində Şərqlə Qərb arasındakı qarşıdurma və gərginlik tədricən aradan qalxdı və beləliklə "soyuq müharibə" başa çatmış oldu. Həmin proseslərin nəticəsi olaraq bir sıra Şərqi Avropa ölkələri öz dövlət müstəqilliklərini əldə etdilər. Bunun ardınca ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başladı. Belə müstəqil dövlətlərdən biri də 1991-ci ilin oktyabr ayının 18-də öz dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikası oldu. Dövlət müstəqilliyinin elan olunmasından sonra qısa bir zaman müddətində dünyanın bir çox dövlətləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq həmin təşkilatlarla və eyni zamanda dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdır.
Çox təəssüflər olsun ki, dövlət müstəqilliyinin ilk illərində qısa bir zaman kəsiyində bir-birini əvəz edən məlum hakimiyyətlərin səriştəsiz və naşı siyasətləri nəticəsində ölkəmiz dünyada və regionda təcrid vəziyyətinə düşdü. Hətta iş o yerə çatdı ki, bəzi yaxın və uzaq ölkələrlə Azərbaycan arasında qarşıdurma vəziyyətinə gətirib çıxara biləcək ziddiyyətlər meydana gəldi.
1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu.
Dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışırdı. Ulu öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi.
Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında "İşğal olunmuş ərazilərdə vəziyyətə dair" məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi.
Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi.
Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək orada "Sülh Naminə Tərəfdaşlıq Proqramının" çərçivə sənədini imzalamışdır. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başladı, ölkəmizin təhlükəsizliyi ilə bağlı Alyansla daimi məsləhətləşmələr aparıldı, Azərbaycan ordusunda islahatların gerçəkləşdirilməsi və ordunun NATO standartlarına uyğunlaşdırılması həyata keçirildi. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı. Hazırda NATO-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində Alyansla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. NATO Parlament Assambleyasının ildə iki dəfə keçirilən sessiyalarında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti yaxından iştirak edir. 2010-cu ilin sonlarında keçirilən NATO-nun Lissabon sammitində qəbul olunmuş Alyansın "Yeni strateji konsepsiyasında" Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənmişdir. Qeyd etmək lazımdır ki, NATO-nun bundan əvvəl keçirilən Riqa və Buxarest sammitlərində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir.
Özünün xarici siyasət kursunda ümummilli lider Heydər Əliyev Avropa İttifaqı ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. Çünki Avropa İttifaqı dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan bir təşkilatdır. 1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Lüksemburqda "Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanmışdır. Sənəddə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.
Özünün xarici siyasət kursunda Heydər Əliyev Avropa Şurası kimi mötəbər bir təşkilata da çox böyük əhəmiyyət vermişdir. 2001-ci il yanvarın 25-də Azərbaycan AŞ-nın tam hüquqlu üzvü seçilmişdir. Bu il Azərbaycanın AŞ-na üzvlüyünün 10 ili tamam oldu. Ötən bu 10 il ərzində Azərbaycanla AŞ arasında əlaqələr dinamik olaraq inkişaf etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin AŞ Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyalarda fəal iştirak edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində çox böyük işlər görmüşlər. 2011-ci ilin yanvar ayında AŞ-nın Dağlıq Qarabağa dair Alt Komitəsinin işinin yenidən bərpa olunması haqda qərar qəbul olunmuşdur.
Azərbaycanın xarici siyasətində ulu öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.
Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını və eyni zamanda zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət verməyə başladı. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Belə tədbirlərdən biri xarici investorların investisiyalarının qorunması və onlar üçün əlverişli şəraitin yaradılması idi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq "Əsrin müqaviləsi" adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı.
Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi daxili və xarici siyasət nəticəsində
hazırda Azərbaycan regionun ən güclü və dinamik
inkişaf edən ölkəsinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan neft
strategiyasının inkişaf etdirilməsinə böyük
önəm verir və neft-qaz kəmərlərinin daha
çox şaxələnməsinə
çalışır. 2010-cu
ildə Azərbaycanda 30 milyard kubmetr qaz və 52 milyon ton neft
hasil olunmuşdur. Həmin məhsulların
müxtəlif istiqamətlərdə dünya bazarlarına
çıxarılması çox vacibdir. Bu yaxınlarda Xəzərin "Ümid"
yatağında 200 milyard kubmetr qaz ehtiyatının aşkar
edilməsi gələcəkdə ölkəmizin iri qaz
ixracatçısı olan ölkələrdən birinə
çevrilməsi ümidlərini bir daha artırır.
2011-ci il yanvar ayının
17-də Davosda keçirilən 41-ci Dünya İqtisadi
Forumunda çıxış edən Prezident İlham Əliyev
qeyd etmişdir ki, Azərbaycan müstəqil siyasət
yürüdən, regionda yaxşı mövqeyə malik olan və
gələcəyə böyük ümidlərlə baxan
müstəqil ölkədir. Dövlət
başçısı İlham Əliyev Azərbaycanın
neft ölkəsi kimi tanındığını
xatırladaraq qeyd etmişdir ki, neft XIX əsrdə məhz Azərbaycanda
hasil edilmişdir. "Sonradan dənizdə
də neft yenə Azərbaycanda çıxarılıb.
Lakin bu gün biz bir sıra mühüm şaxələnmə
layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq
bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz
var. Biz nəhəng qaz yataqlarını aşkar etmişik.
Onlar bizə böyük qaz
ixracatçısı olmağa imkan verir. Hazırda
biz təbii qazı qonşu ölkələrə ixrac edirik.
Hasilatın artırılması və yeni bazarların
tapılması ilə bağlı böyük
planlarımız var. Azərbaycanın təsdiq edilmiş qaz
ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi
kimi bizim üçün 100 ildən artıq müddətə
kifayətdir".
2011-ci ilin
yanvar ayının ortalarında Avropa İttifaqı ilə Azərbaycan
arasında enerji razılaşması əldə olunmuşdur. Həmin
razılaşma Avropa Komissiyasının sədri Xose Manuel
Barrozunun Bakıya rəsmi səfəri zamanı əldə
olunmuşdur. İmzalanmış birgə
Bəyannamədə qeyd olunur ki, Azərbaycan Avropa
İttifaqına uzunmüddətli perspektiv üçün əhəmiyyətli
həcmdə qaz verməsini öhdəlik kimi öz üzərinə
götürür, Avropa İttifaqı isə həmin
qazın bazara çıxarılmasını təmin edir.
Analoji razılaşma Türkmənistan tərəfi
ilə də əldə olunmuşdur. Bakıya
səfərindən dərhal sonra Avropa Komissiyasının sədri
X.M.Barrozu Türkmənistana səfər edərək, həmin
ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədovla
görüşmüş və "NABUCCO" layihəsinin
reallaşması üçün rəsmi Aşqabadın
razılığını almışdır. Çox böyük qaz ehtiyatlarına malik olan
Türkmənistan da özünün qaz kəmərlərinin
saxlanmasında maraqlıdır. Türkmənistandan
başlanan "NABUCCO" qaz kəməri Xəzər dənizinin
dibindən keçərək, Azərbaycan-Gürcüstan-Türkiyə
ərazisi vasitəsilə Avropaya çıxacaqdır. Daha sonra kəmərin iki şaxəyə -
Türkiyə - Yunanıstan - İtaliya və Transadriatik boru kəmərlərinə
ayrılması planlaşdırılır. Ümumiyyətlə, "NABUCCO" qaz kəməri
ilə ildə 31 milyard kubmetr qaz nəql olunması nəzərdə
tutulur. Kəmərin tikintisinin 2015-ci ildə
başa çatdırılması nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev bu və
digər layihələri nəzərə alaraq qeyd etmişdir
ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan
heç bir layihənin həyata keçirilməsi
mümkün deyildir.
"Cənub
qaz dəhlizi"nə "NABUCCO" və onun qolları
olan TYİ, Transatlantik qaz kəmərləri ilə
yanaşı, Azərbaycan, Gürcüstan və
Rumıniyanın iştirakı ilə həyata keçirilən
AGRİ layihəsi də daxildir. 2010-cu ilin sentyabr
ayında həmin layihənin reallaşdırılması məqsədi
ilə Bakı Bəyannaməsi qəbul olunmuşdur. Bu məqsədlə iştirakçı dövlətlər
birgə müəssisənin yaradılmasına da
razılıq vermişlər. Layihəyə
görə Azərbaycan qazı Gürcüstanın Qara dəniz
sahilindəki xüsusi terminala çatdırıldıqdan
sonra orada sıxılmalı, oradan gəmilər vasitəsilə
Konstansa limanına çatdırılmalı və orada yenidən
təbii qaz halına gətirilməlidir. Həmin
layihənin ötürücülük gücündən
asılı olaraq ildə 5-8 milyard qaz ixrac etmək olar.
İkinci dəfə
siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev dünyada və regionda gedən
prosesləri nəzərə alaraq transmilli nəqliyyat-kommunikasiya
layihələrinin reallaşmasına da böyük önəm
verməyə başladı. Avropa ilə Asiyanı
birləşdirən TRASEKA layihəsi hələ qədim
zamanlardan mövcud olan "Qədim İpək yolu"
marşrutunun yeni layihəsidir. Ulu öndərin
uzaqgörən diplomatik səyləri nəticəsində
1998-ci ilin sentyabr ayında Bakıda TRASEKA layihəsinin
reallaşması istiqamətində ilk addım atıldı və
böyük bir beynəlxalq konfrans keçirildi. Həmin beynəlxalq konfransda 32 ölkənin və
13 beynəlxalq təşkilatın nümayəndələri
iştirak edirdilər. Konfrans
iştirakçıları TRASEKA layihəsinin texniki və
iqtisadi tərəflərini özündə əks etdirən
sənəd qəbul etdilər. Sənəd
"Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin inkişaf
etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında
çoxtərəfli əsas saziş
adlandırılmışdır. Qeyd etmək
lazımdır ki, TRASEKA layihəsi Çindən və
Sarı dənizdən Avropaya qədər gedib çıxan
çox böyük bir layihədir. Avropanı
Asiya ilə birləşdirən bu layihə iqtisadi cəhətdən
çox səmərəli layihədir. Hazırda
Avropa ilə Asiya arasında əsas marşrut kimi
Süveyş kanalından istifadə olunur. Avropa ilə Asiya arasında hazırda ticarət
dövriyyəsi 2 trilyon, nəqliyyat xərcləri isə 200
milyard dollardır. TRASEKA layihəsinin tam
reallaşmasından sonra Avropa ilə Asiya arasındakı
yük daşımaları Süveyş kanalı vasitəsi
ilə daşınan yüklərdən 20 gün tez Avropaya və
əks istiqamətə çatdırıla bilər. TRASEKA layihəsinin əsas marşrutunun Azərbaycan
üzərindən keçməsini nəzərə alsaq, gələcəkdə
ölkəmizin əsas tranzit ölkələrdən birinə
çevrilməsini aydın şəkildə təsəvvür
etmək olar.
Ümummilli
lider Heydər Əliyevin çox böyük əhəmiyyət
verdiyi layihələrdən biri də TRASEKA layihəsinin
ayrılmaz tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsinin tikilib istifadəyə verilməsi
olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
dünyanın ən böyük transmilli dəmir yolu layihələrindən
biridir. Layihənin reallaşması nəticəsində
dəmir yolunun üzərində yerləşən ölkələr
çox böyük iqtisadi səmərə əldə edə
bilərlər. Layihənin
reallaşmasından sonra yükdaşımaların həcminin
artması ilə yanaşı, nəqliyyat
daşımalarında tətbiq olunan tariflər və
rüsumlar aşağı düşəcək və
yüklərin çatdırılma vaxtı xeyli
azalacaqdır.
2007-ci ilin
fevral ayında Azərbaycan və Gürcüstan
respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisinə dair yekun sənədini imzaladılar. Bundan sonra dəmir yolunun
tikintisinə start verildi. Qeyd etmək
lazımdır ki, digər layihələrin gerçəkləşməsində
olduğu kimi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
reallaşmasında da bir çox maneələr
yaradılmışdır. Bütün bu
maneə və çətinliklərə baxmayaraq dəmir
yolunun tikintisi uğurla davam etdirilir və 2012-ci ildə onun
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan dəmir yolunun Gürcüstandan
keçən hissəsinin tikilməsi üçün 200
milyon dollar vəsait ayırmışdır. Azərbaycan üçün dəmir yolunun tikilib
istifadəyə verilməsinin bir üstün cəhəti də
ondan ibarətdir ki, Türkiyənin Qars şəhərindən
Naxçıvana da dəmir yolu çəkilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev 2011-ci ilin yanvar ayının 17-də Davosda
keçirilən iqtisadi forumda qeyd etmişdir ki, Azərbaycanın
coğrafi mövqeyi çox əlverişlidir: "Hazırda
biz Şərq-Qərb və Şimal-Cənub daşıma dəhlizləri
sahəsində işləyirik. Türkiyə ilə
Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki
ölkəni birləşdirən xətt deyil, əslində
bu, Avropa ilə Asiya arasındakı bağlantıdır.
Çünki həmin dəmir yolu Çindən
başlayıb Avropaya qədər gedəcək. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan
verəcək və bütün tərəflər
üçün faydalı, səmərəli marşrut
olacaq".
Hazırda Azərbaycan
Respublikası Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizinin
tam gücü ilə işləməsində maraqlı
ölkə olaraq qalmaqdadır. Şimal-Cənub nəqliyyat-kommunikasiya
dəhlizi Azərbaycandan keçərək İran-Rusiya və
Avropanı birləşdirir. 2001-ci ilin
aprel ayında Tehranda Rusiya ilə İran arasında nəqliyyat
sahəsində memorandum imzalanmışdır. Həmin sənəddə qeyd olunur ki, Şimal-Cənub
nəqliyyat dəhlizinin reallaşdırılması
üçün Rusiya-Azərbaycan-İran dəmir yolu
marşrutunun tam tikilməsi çox vacibdir. Dəmir yolunun Astara (İran) - Rəşt-Qəzvin
hissəsinin tikintisini İran tərəfi öz üzərinə
götürmüşdür və hazırda tikinti işləri
davam etdirilir. Layihədə İran
Astarası ilə Azərbaycan Astarasını birləşdirən
dəmir yolu da çəkilməlidir. Qeyd
etmək lazımdı ki, Sovet İttifaqı dövründə
İranla SSRİ-ni birləşdirən yeganə dəmir yolu
Azərbaycan ərazisindən keçərək
Naxçıvana, oradan isə İrana gedirdi. Sovet İttifaqı dağıldıqdan sonra həmin
dəmir yolunun keçdiyi ərazilərin bir hissəsinin Ermənistan
tərəfindən işğal olunması və dəmir
yolunun tamamilə dağıdılması nəticəsində
həmin dəmir yolu hazırda işləmir. 2011-ci ilin yanvar ayının 31-də Tehranda
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin
tikilməsi istiqamətində növbəti üçtərəfli
görüş (Azərbaycan-Rusiya-İran)
başlanmışdır. İki gün
davam edən tədbirdə "Şimal-Cənub" beynəlxalq
nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara
(İran) - Astara (Azərbaycan) xəttinin tikintisinə dair birgə
müştərək müəssisəsinin təsis
olunması, tikintinin layihələndirilməsi və digər
məsələlər müzakirə olunmuşdur.
Ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən
böyük xidmətlərindən biri də uğurlu neft
strategiyasının işlənib hazırlanması və
reallaşması oldu. Heydər Əliyevin gərgin əməyi
və əzmkarlığı sayəsində
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri tikilib
istifadəyə verildi. 1999-cu ilin noyabr ayında
Türkiyənin İstanbul şəhərində ATƏT-in
zirvə sammiti çərçivəsində
"Bakı-Tbilisi-Ceyhan" ixrac boru kəməri vasitəsi
ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən
Xəzər dənizindən çıxarılan əsas xam
neftin nəqli haqqında" saziş imzalandı. Sazişi prezidentlər Bill Klinton, Heydər Əliyev,
Süleyman Dəmirəl və Eduard Şevardnadze
imzalamışlar. Həmin layihənin
reallaşmasından sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri
layihəsinin reallaşdırılmasına
başlanıldı.
Adıçəkilən
neft və qaz kəmərlərinin işə düşməsi
nəticəsində ölkəmizin gücü artmış,
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında rolu güclənmişdir. İndiyə
qədər Azərbaycana 90 milyard dollar investisiya qoyulmuşdur
ki, onun 50 milyardı xarici investorların payına
düşür. 2011-ci ildə Azərbaycanda
51 milyon ton neft hasil olunubdur ki, onun da 45 milyon tonu ixrac
olunmuşdur. Ulu öndər Heydər Əliyevin
uğurlu neft strategiyasının reallaşması nəticəsində
hazırda Azərbaycan regionun ən güclü və dinamik
inkişaf edən, özünün enerji tələbatını
tam təmin edən və heç bir ölkədən
asılı olmayan bir ölkəyə çevrilmişdir.
Dövlət
müstəqilliyini əldə etdikdən sonra Azərbaycan
Respublikasının qarşısında ən çətin və
mürəkkəb məsələlərdən biri də
ölkənin xarici siyasət kursunun milli təhlükəsizlik
tələbatlarına uyğunlaşdırılması sahəsində
atılan addımlar oldu. Böyük dövlət xadimi olan Heydər
Əliyevin dövlət idarəçiliyi sahəsindəki təcrübəsi
və biliyi sayəsində ölkəmiz həmin dövrdə
bir çox təhdid və təhlükələrdən xilas
oldu. Ölkənin xarici siyasət kursunu
müəyyən edərkən Heydər Əliyev birinci
növbədə Azərbaycanın milli maraqlarına əsaslanan
milli təhlükəsizlik siyasətini əsas götürməyə
çalışmışdır. Məlum
olduğu kimi, hər bir ölkənin xarici siyasəti həmin
dövlətin suverenliyini, ərazi
bütövlüyünü və təhlükəsizliyini təmin
etmək üçün aparılan siyasətdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik
siyasəti milli mənafeyə və maraqlara əsaslanır.
Məlumdur ki, milli maraqları da milli tələbatlar
yaradır. Bir çox politoloqlar milli mənafeləri
bəzi meyarlara görə əsas maraqlara və xüsusi
maraqlara ayırmağa çalışırlar.
Milli mənafe
və milli təhlükəsizlik konsepsiyası əsasən
ötən əsrin əvvəllərində ABŞ
politoloqları və siyasi xadimləri tərəfindən
işlənilmişdir. ABŞ siyasi realizm məktəbini
yaradanlarından biri olan H.Morgentau ilk dəfə milli mənafe
və milli təhlükəsizlik konsepsiyasını nəzəri
cəhətdən işləmişdir. H.Morgentau
ölkənin milli təhlükəsizliyinin təmin
olunmasında güc amilini ön plana çəkmişdir.
Hər bir ölkənin gücü onun iqtisadi və
hərbi gücündən, həmin ölkənin
böyüklüyü və əhalisinin sayından, geosiyasi
mövqeyindən, təbii ehtiyatlarından, xarici ölkələrlə
aparılan diplomatiyanın səmərəliliyindən və
başqa amillərdən asılıdır.
Milli təhlükəsizliyin
xarici siyasət vasitəsilə təmin olunmasına ilk
növbədə ölkəmizin ərazi
bütövlüyü və suverenliyi, dövlətin və
şəxsiyyətin təhlükəsizliyinin təmin
olunması daxildir. Suveren dövlət kimi bu gün Azərbaycan
daxili və xarici siyasət vasitələrindən istifadə
edərək, mövcud təhlükəsizlik mühitinə təhdidlərin
nəzarət altında saxlanmasına və aradan
qaldırılmasına çalışır.
Şərqlə
Qərb, Şimalla Cənub arasında təbii körpü
rolunu oynaması və əlverişli geosiyasi məkanda yerləşməsi,
eyni zamanda zəngin təbii sərvətlərə malik
olması dünyanın bir çox dövlətlərinin Azərbaycana
marağını daha da artırır. Yuxarıda
qeyd olunan bir çox üstünlüklərlə
yanaşı, Azərbaycana qarşı bir çox təhdid və
təhlükələrin qarşısını almaq məqsədi
ilə ölkəmiz təhlükəsizlik mühitini daima nəzarətdə
saxlamaq məcburiyyətindədir. Ölkə
başçısı İlham Əliyev Azərbaycanın
mürəkkəb geosiyasi məkanda və əhatədə
olmasını nəzərə alaraq, böyük güc mərkəzləri
ilə balanslaşdırılmış siyasət yeridir.
Ölkə başçısı İlham Əliyevin
siyasəti eyni zamanda ölkəmizin həmin güc mərkəzlərinin
maraqlarının toqquşması meydanına çevrilməsi
cəhdlərinin qarşısının alınmasına
yönəlmişdir.
Azərbaycan
Respublikasının milli təhlükəsizlik siyasətinin əsas
müddəaları 2004-cü ilin iyun ayının 29-da Milli Məclis
tərəfindən qəbul olunmuş "Milli təhlükəsizlik
haqqında Azərbaycan Respublikasının Qanununda",
2007-ci ilin may ayının 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının milli təhlükəsizlik
konsepsiyasında" və 2010-cu ilin iyun ayında Milli Məclis
tərəfindən qəbul olunmuş "Azərbaycan
Respublikasının hərbi doktrinasında" və digər
müvafiq qanunlarda öz əksini tapmışdır.
"Azərbaycan Respublikasının
milli təhlükəsizlik konsepsiyasında" deyilir: "Azərbaycan
Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq
üçün olduqca mühüm, bir çox hallarda isə
həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat
layihələrinin həyata keçirilməsində əvəzsiz
rol oynamaqdadır." Daha sonra sənəddə
qeyd olunur ki, "Azərbaycan Respublikasının təhlükəsizlik
mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı, milli maraqları, davamlı
inkişafı, əhalinin rifah və dəyərlərinin
qorunmasına təsir edən amillərin məcmusudur."
Sənəddə qeyd olunur ki, Azərbaycan
Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit
olan region dostluq və əməkdaşlıq ruhlu regional və
beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf
üçün səmərəli istifadə oluna biləcək
geniş potensiala və imkanlara malikdir. Ölkənin
yerləşdiyi coğrafi şərait vacib
üstünlüklər verməklə yanaşı, eyni
zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə
də üzləşdirir.
Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan.- 2011.- 7 may.- S. 7.