Azərbaycanı beynəlxalq
hüququn müstəqil subyektinə çevirən lider
XXI əsr tarixə
sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə
yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf
səviyyələrində, din və mədəniyyətlərində,
tarixi ənənələrində mövcud olan fərqlərə
baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və
xalqlarının bir-birindən qarşılıqlı
asılılığını getdikcə artırır. Bu
proseslər xalqların və bütövlükdə
sivilizasiyanın taleyini həlledici dərəcədə
müəyyən etməyə başlamışdır. Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici
siyasət bugünkü qlobal reallığın və
fundamental tendensiyaların mükəmməl dərkinə əsaslanır
və hazırkı planetar miqyaslı konyuktur dəyişikliklərə
tamamilə cavab verir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bununla bağlı aşağıdakı fikirləri xüsusilə diqqət cəlb edir: "Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır... Beləliklə, yeni minilliyin əvvəlində qloballaşma dünya təfəkkürünün və tərəqqinin yeni, öncül istiqamətinə çevrilmişdir. Hesab edilir ki, ümumiyyətlə, XXI əsr qloballaşma əlaməti altında keçəcəkdir.
Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalaşdırır, sonra isə yeni dövrün bu komponentlərinə həyat verir. Davranışın yeni stereotipləri və formaları meydana gəlir. Demokratik dövlət kimi Azərbaycan hüquqi və demokratik əsasları möhkəmləndirmək istiqamətində irəliləyir".
Qoballaşmaya müxtəlif yanaşmalar mövcuddur. Bu prosesə neqativ yanaşan bəzi alimlər belə hesab edirlər ki, o, milli mədəniyyəti məhv edir, dövlətin müstəqilliyini inkar edir, cəmiyyətə yad istehsal standartlarını zorla yeridir və s. Bəziləri isə qloballaşmanı sivilizasiyaların toqquşması və müharibəsi kimi qəbul edirlər. Bir sözlə, qloballaşmaya münasibət bütün dünyanı qlobalistlərə və antiqlobalistlərə ayırır. Bu gün qloballaşma dünyadakı siyasi proseslərə, beynəlxalq münasibətlərə, hətta etika və mənəviyyata təsir etsə də, bu prosesin xalqlara tam olaraq nə verə biləcəyi sirr olaraq qalır.
İndi bütün dünyanı ağuşuna almış qloballaşmanın bir-biri ilə əlaqəli olan 3 əsas formasını qeyd edirlər: iqtisadi, siyasi və mədəni. Qloballaşmanın özündə ehtiva etdiyi ideoloji mahiyyət əsasən iqtisadi qloballaşmanı ön plana çəkir. İqtisadi qloballaşma milli iqtisadi sistemlərin vahid bir iqtisadi sistem halında birləşməsi, onların qarşılıqlı asılı vəziyyətə gəlməsi və bununla da ölkələr arasındakı bütün iqtisadi münasibətlərin liberallaşmasıdır. Belə bir fikir mövcuddur ki, milli dövlətlər arasında hər cür maliyyə, iqtisadi və informasiya sərhədləri götürülməli, azad iqtisadiyyat və ticarət, azad rəqabət, maksimum sərbəstlik üçün münbit şərait yaradılmalıdır. Qloballaşmanın həqiqi mahiyyəti əslində elə bundan ibarətdir. O, iqtisadi inteqrasiya ideyalarının həyata keçirilməsinin yeni və daha da təkmilləşdirilmiş formasını müəyyənləşdirir. Lakin hətta ən çox inkişaf etmiş dövlətlərin özündə belə qloballaşmadan ehtiyatlananların, bu ideyanın millətlərin özünəməxsus tarixi nailiyyətlərini, milli və mənəvi dəyərlərini məhv edəcəyini düşünənlərin olmasına baxmayaraq, qloballaşmanın əsas üstünlüklərindən biri də məhz elə bundan ibarətdir ki, o dünyəvi inteqrasiyanı hər bir xalqın milli maraqları kontekstində təsəvvür etməyə imkan verir.
İqtisadi qloballaşmanın iki əsas komponenti var: qlobal bazarın yaranması və istehsalın qloballaşması. Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə cəmləşdiyi nəhəng çətirdir. Qlobal bazarın ən əsas və diqqəti cəlb edən xüsusiyyətlərindən biri budur ki, daxili bazarda bir-birinə rəqib olan TMŞ-lər həm artıq vahid dünya bazarı uğrunda rəqabət aparır, həm də yerli bazara daxil olan xarici rəqiblərə qarşı çıxırlar.
İstehsalın qloballaşması istehsalın xərc və keyfiyyət üstünlüklərindən yararlanmaq üçün müəssisələrin öz məhsullarını müxtəlif ölkələrdə istehsal etməsidir. Başqa sözlə, parçaları ayrı-ayrı ölkələrdən mənbələnən vahid məhsulun yaranmasıdır.
Siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma təmayülü iqtisadi qloballaşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də arxasınca aparır. Təsadüfi deyil ki, artıq siyasət getdikcə daha çox iqtisadiləşmişdir. İqtisadi qloballaşma dərin mahiyyətə malik sosial-iqtisadi hadisədir, prosesdir ki, bütün milli iqtisadiyyatları əhatə edir, onları bir-birinə bağlayır, birini digərindən asılı edir və buna görə də milli iqtisadiyyatlar arasında qarşılıqlı asılılıq və qarşılıqlı təsir mexanizmi formalaşır. İqtisadi qloballaşmanın nəticəsi özünün maddi-texniki əsası, yeni məzmunlu münasibətlər sistemi, təsərrüfat mexanizmi və idarəetmə formaları olan qlobal iqtisadiyyatın yaranmasıdır. Belə bir yeni məzmunlu dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsünün inkişafı, istehsalın beynəlxalq kooperasiyası, xarici ticarətin genişlənməsi, bütövlükdə beynəlxalq iqtisadi əlaqələrin dərinləşməsi və başlıca olaraq da məhsuldar qüvvələrin beynəlmiləlləşməsi sayəsində mümkün ola bilər.
Qlobal iqtisadiyyat beynəlxalq əmək bölgüsü sistemində özünün yeri olan, qarşılıqlı əlaqə və qarşılıqlı asılılıqda fəaliyyət göstərən milli iqtisadiyyatlardan yaranmış dünya iqtisadiyyatıdır. Onun beynəlxalq əmək bölgüsünün tələblərinə uyğun strukturu, vahid dünya bazarı, vahid təsərrüfat mexanizmi, idarəetmə sistemi və qanunları olmalıdır. İqtisadi qloballaşma belə bir yeni keyfiyyətli iqtisadi sistemin formalaşmasına xidmət edir.
İqtisadi qloballaşma hər bir xalqın, milli dövlətin müstəqil yaşayıb mövcud olmasına bilavasitə təsir göstərir. Onun müsbət cəhətlərindən bəhrələnmək və mənfi nəticələrinin təsirini azaltmaq üçün iqtisadi qloballaşma hərtərəfli öyrənilməli və düzgün strateji xətt müəyyən edilməlidir.
Postsovet məkanında müstəqillik əldə etmiş ölkələrin siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf problemləri, xarici iqtisadi əlaqələri, onların dünya bazarına inteqrasiyası ilə iqtisadi inkişaf mexanizmi arasındakı qarşılıqlı əlaqə və asılılıq qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir.
Bu ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri də sovet dövründə uzun müddət qapalı şəraitdə mövcud olmuş təsərrüfatın texnoloji və struktur cəhətdən yenidən qurulmasıdır. Bu proses isə iqtisadiyyatın o sahələrinin üstün inkişafını nəzərdə tutur ki, həmin sahələr öz məhsullarını daxili və xarici bazarlarda müvəffəqiyyətlə sata bilirlər. Beynəlxalq əmtəə, maliyyə və işçi qüvvəsi axınlarının şərtlərini müəyyən edən qlobal maliyyə-iqtisadi mühitə inteqrasiya imkan verir ki, qüvvələr istehsalın uduşlu sahələrinə yönəldilsin, zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edilsin və investisiyanın strukturunu dəyişdirməklə səmərəli inkişaf modeli seçilsin. Ölkənin seçdiyi yol beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda isə həmin ölkədə istehsal özünün aşağı səmərəliliyi və zəif inkişaf sürəti ilə xarakterizə edilir.
İqtisadi qloballaşma kapitalın hərəkətini sürətləndirən və yeni ideyaların tətbiqini təmin edən vahid qlobal maliyyə və informasiya məkanının formalaşması və inkişafı prosesidir. Görkəmli iqtisadçı Manuel Kastels qlobal iqtisadiyyatı bütün planet miqyasında real zaman rejimində işləmək qabiliyyəti olan vahid iqtisadi sistem kimi xarakterizə etmişdir. Manuel Kastelsə görə, dünya iqtisadiyyatının qloballaşması anlayışı dünya təsərrüfatının inteqrasiyası anlayışından daha genişdir.
XX əsrin sonunda iqtisadi qloballaşmanın və liberal fundamentalizmin əsaslarını yaradan "Vaşinqton konsensusu" dünya təsərrüfatına güclü təsir göstərmişdir. Dünya iqtisadi siyasəti layihəsi Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları tərəfindən qeyri-qərb dövlətlərinə münasibətdə reallaşdırılmış və "Vaşinqton konsensusu" adını almışdır. "Vaşinqton konsensusu"nu yaradarkən ABŞ Maliyyə Nazirliyinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərləri dünya ticarətinin yolu üzərində duran gömrük və digər baryerlərin aradan qaldırılması haqqında razılığa gəlmişlər. "Vaşinqton konsensusu"na əsasən iqtisadiyyatda islahatların aparılması üçün bir sıra təkliflər işlənib hazırlanmışdır. Lakin "Vaşinqton konsensusu" qlobal iqtisadiyyatın böhranı ilə başa çatdı. Onun da başlanğıcı 1997-ci ildə baş vermiş Asiya maliyyə böhranı olmuşdur. Beynəlxalq Valyuta Fondunun səhv təklifləri əsasında əvvəlcə Şərqi Asiya, Latın Amerikası və Şərqi Avropa iqtisadiyyatı çox böyük ziyan çəkdi. Bu isə ABŞ-ın geosiyasi və geoiqtisadi maraqlarına uyğun idi. Çox az müddət keçdikdən sonra maliyyə böhranı dalğası Amerika iqtisadiyyatına da təsir etdi. Şərqi Avropanın bir çox iqtisadçıları "Vaşinqton konsensusu" modelinin tətbiqinin əleyhinə çıxdılar. Çünki həmin model dövləti iqtisadiyyatdan ayırmışdır.
Hazırkı zamanda iqtisadi qloballaşma tərəfdarları hər il Ümumdünya Davos Forumunda görüşürlər. Görüşlərdə işgüzar dairələrin və siyasi elitanın nümayəndələri iştirak edirlər. Elə buna görə də çox vaxt qlobalistləri "Davos adamları" adlandırırlar. Bundan başqa, işgüzar Avropa elitası üçün Zaltsburq Forumu təşkil edilir. Bu forumların keçirilməsi çox vaxt antiqlobalistlərin kütləvi etirazları ilə müşahidə olunur.
Faktlar göstərir ki, iqtisadi qloballaşma prosesi mədəni və yaxud siyası qloballaşmadan daha sürətlə gedir. Real görünən odur ki, qloballaşma dünyanı vahid bir iqtisadi məkan kimi nəzərdə tutur, amma onun mahiyyəti yalnız iqtisadi bütövləşmə ilə məhdudlaşmır. Qloballaşma həm də hərbi-siyasi, sosial-mədəni, elmi-texniki bütövləşməni şərtləndirən tarixi bir faktora çevrilmişdir. Ona görə də belə hesab etmək olar ki, qloballaşmanın növbəti mərhələsində siyasi qloballaşma ön plana çıxacaqdır. Həm iqtisadi, həm də siyasi qloballaşma isə mənəvi-mədəni dəyərlərin də ciddi təsirə məruz qalmasına səbəb olacaq. Qloballaşma yalnız bütün müxtəlifliyi ilə bəşər nəslinə mənsubluğumuza əsaslanan ümumi gələcəyin formalaşdırılması sahəsində irimiqyaslı və təkidli səylərimizin nəticəsində tam, hərtərəfli və ədalətli xarakterə malik ola bilər.
Ötən minilliklər ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə çox sanballı töhfələr verərək, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
Bu gün dünyaya uğurla inteqrasiya edən, beynəlxalq birliyin ayrılmaz hissəsinə çevrilən ölkəmiz qloballaşmadan, həmçinin cəmiyyət həyatında gedən modernləşmə prosesindən, bəşəriyyətin magistral inkişaf yolundan kənarda qala bilməz.
Şübhəsiz, bəşəriyyətin sürətli inkişaf "karvan"ından geri qalmamaq həyati əhəmiyyətli məsələdir və indiki zamanda bunun alternativi yoxdur. Lakin bu, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərini itirmək hesabına olmamalıdır. Vaxtilə ümummilli lider Heydər Əliyev "Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ndə bu narahatlığı belə ifadə etmişdir: "Dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailliyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri, bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür".
Əsrin son onilliyində SSRİ-nin dağılması ilə dünyanın yeni siyasi xəritəsində özünə layiqli yer tutmuş müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmuşdur. Kəskin mübarizə şəraitində əldə edilmiş siyasi müstəqillik ölkənin sovet dövründə 70 il ərzində yığılıb qalmış ciddi siyasi, iqtisadi və sosial problemlərinin həlli yolunda geniş perspektivlər açmışdır. Sovet "dəmir pərdələri" ilə uzun illər boyu dünya birliyindən siyasi və iqtisadi cəhətdən təcrid olunmuş Azərbaycanda açıq cəmiyyət yaradılması, dünya dövlətləri ilə bərabərhüquqlu hərtərəfli əlaqələrin inkişaf etdirilməsi ölkəmizdə mövcud olan sosial-iqtisadi problemlərin həlli yolunda, sözün əsl mənasında, açar rolunu oynayır. Özünün üçrəngli bayrağında əksini tapmış müasirləşmə ideyası, istəyi bir ideya və istək kimi qalmayıb həm də gələcəyə doğru böyük bir hərəkatın rəmzidir, Azərbaycan cəmiyyətinin mühüm fərqləndirici xüsusiyyətlərindən biridir. Bu hərəkat Azərbaycanın ictimai inkişafının bütün istiqamətlərində bariz şəkildə görünməkdədir. Ümumdünya İqtisadi Forumunun 1995-ci ildə Londonda təşkil etdiyi "Azərbaycan: investisiya imkanları" adlı Beynəlxalq sərgi və konfransda ümummilli lider Heydər Əliyev demişdir: "Bizim strateji kursumuz dünya iqtisadi birliyi ilə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan, müstəqil, demokratik hüquqi dövlət qurmaqdır. Buna uyğun olaraq biz artıq konkret nəticələr vermiş olan genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk".
Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən məkandır. İki qitənin qovşağında və mühüm strateji əhəmiyyətli ərazidə yerləşən respublikamızda dünyanın nəhəng dövlətlərinin mənafeləri toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda rəqabət gedir və Azərbaycanın təbii coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, potensial imkanları və milli maraqları onun dünyada gedən proseslərdə, o cümlədən iqtisadi qloballaşmada iştirakını zəruri edir.
İqtisadiyyat inkişafın təməl daşıdır. Regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilərə malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir. Ötən 5 ildə Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdir.
Ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara tələbatın ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır və bu sahəyə ayrılan dövlət investisiya xərcləri ildən-ilə artır. Prezident İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafı ilə paralel aparılan demokratikləşmə proseslərini Azərbaycanın gələcək yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə mühüm əhəmiyyət verir.
Azərbaycan Prezidentinin qlobal düşüncələri və milli dəyərləri əsas tutaraq nümayiş etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin qloballaşma prosesinin incəliklərinə dərindən bələd olması ölkə daxilində və xaricində ona böyük inam və etimadın güclənməsini təmin edir. Cənab İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanın daxili və xarici siyasəti yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir".
Beləliklə, qloballaşma Azərbaycan Respublikasının da qarşısında çox böyük perspektivlər açır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan" neft və "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərlərinin reallaşdırılması, "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar, tarixi İpək yolunun bərpasında ölkəmizin iştirakı Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasının artıq real həyat hadisəsi kimi təzahür etməsinin əyani göstəricisinə çevrilmişdir. Qloballaşma həm də cəmiyyətin və ayrı-ayrı fərdlərin qarşısında duran başlıca məqsəd və vəzifələri müəyyənləşdirir. Bu məqsədlərə çatmaq üçün cəmiyyətin bütün daxili ehtiyatlarını səfərbər etmək çox zəruridir - hər bir vətəndaş başa düşməlidir ki, dövlətin həyata keçirdiyi islahatların son nəticəsi onun da öz vəzifələrini səylə və yüksək peşəkarlıqla yerinə yetirməyə hazır olmasından, eləcə də vətəndaş kimi mövqeyini bildirməsindən asılıdır.
Dünya maliyyə böhranı qloballaşma və ölkələrin qarşılıqlı maliyyə asılılığı şəraitində inkişaf etmişdir. Bütün ölkələr qlobal maliyyə böhranının aqibətini bu və ya digər dərəcədə özlərində hiss etmişlər. Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası onda dünya maliyyə böhranının əks olunmasına səbəb oldu. Lakin bu təsir çox zəif xarakter daşıdı.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı böhranın acısını birdən-birə hiss etmədi. İnkişaf etmiş ölkələrdə böhranın var gücü ilə özünü göstərdiyi 2007-ci ildə və 2008-ci ilin birinci yarısında Azərbaycanda iqtisadiyyatın sabit artımının yüksək tempi qeydə alındı. "2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın reallaşması həmin dövrdə müvəffəqiyyətlə başa çatdı. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2008-ci ildə Azərbaycanın ÜDM-i 10,8 faiz, əhalinin hər bir nəfərinə düşən gəlirlər 36,2 faiz, AMB-nin valyuta ehtiyatları 52,8 faiz və ya 2121,7 milyon manat artmış, Dövlət Neft Fondunun aktivlərini nəzərə alsaq, ölkənin strateji valyuta ehtiyatları 16 milyard manatı ötmüşdür. 2007-2008-ci illər ərzində iqtisadiyyatın real sektorunun kreditləşməsində artım müşahidə olunmuşdur. 2007-ci illə müqayisədə 2008-ci ildə investisiya 34,3 faiz artmışdır. 2007-ci ilə nisbətən 2008-ci ildə ixracın 8 dəfədən çox və idxalın 29,7 faiz yüksəlişi Azərbaycanda iqtisadiyyat artımını real faktlar əsasında nümayiş etdirir. Kənd təsərrüfatı məhsullarının rekord yığımı qeydə alınmışdır. 2008-ci ildə Dünya Bankı biznesin aparılması proqramında Azərbaycanı lider dövlət kimi qeyd etdi.
Azərbaycan qlobal iqtisadi böhrandan ən az zərər çəkmiş ölkələrdən biridir. Bütün bunlar ölkə hökuməti tərəfindən vaxtında və elmi əsaslarla həyata keçirilmiş və Mərkəzi Bank tərəfindən ətraflı düşünülmüş tədbirlər nəticəsində əldə edilmişdir. Bunların nəticəsində dünya böhranı şəraitində Azərbaycanın dövlət strukturları üç əsas məsələni uğurla həll edə bildilər: birincisi - milli valyuta öz sabitliyini saxlaya bildi və manatın devalvasiyasının qarşısı alındı, ikincisi - neftin satışından daxilolmaların azalmasına baxmayaraq, 2009-cu ilin yanvar-noyabr ayları üzrə dövlət büdcəsində 1026,9 milyon manat profisit müşahidə olundu, üçüncüsü isə - Azərbaycan bankları özlərini qoruyub saxlaya bildilər və heç bir bank müflisləşmədi. Bu faktlar dövlətin maliyyə-büdcə siyasətini müsbət qiymətləndirməyə imkan verir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan heç də az olmayan neft ehtiyatlarına malik Rusiya və Qazaxıstan kimi ölkələr sadalanan məsələlərdən heç birini yerinə yetirməmişdilər.
Qlobal maliyyə böhranının təsirini azaltmaq üçün bir sıra tədbirlər görülmüşdür. Azərbaycanın Mərkəzi Bankı yerli banklar tərəfindən xarici borcalmalara vaxtında məhdudiyyət qoydu, həmçinin məcburi ehtiyat normaları və cəlb olunan borcların həcmi üzrə müəyyən normativlər tətbiq olundu. AMB kapitallaşmaya və kredit portfelinin keyfiyyətinə qarşı tələbatı sərtləşdirdi. İqtisadiyyatı və sosial sahəni pul-kredit vəsaitləri ilə təmin etmək məqsədilə 2009-cu ilin mayında uçot dərəcəsi 2 faizə kimi endirildi. Müxtəlif modellər vasitəsilə bazarın stimullaşması həyata keçirildi, bu da onu göstərdi ki, manatın kursunun 1 faiz enməsi inflyasiyanın 0,6 faiz artmasına gətirir. MB manatın kursunun sabit saxlanılmasını vacib hesab etdi və onun saxlanmasına 1 milyard dollar vəsait yönəltdi. Nəticədə dünyada baş verən proseslər fonunda milli manat ABŞ dollarına nisbətdə cəmi 0,3 faiz ucuzlaşdı. Bütün bu tədbirlər dünya bazarlarındakı resessiya zamanı bank sektorunun dayanıqlığını təmin etməyə imkan verdi.
Depozitlərin azalması tendensiyasına mənfi təsirin aradan qaldırılması üçün stimullaşdırıcı tədbirlər görülmüşdür: əhalinin manat əmanəti üzrə orta faiz dərəcələri illik 12,92, valyuta əmanəti üzrə isə illik 12,45 faizə qədər artırılmışdır. Hüquqi şəxslər üçün bu göstəricilər müvafiq olaraq - 8,41 və 4,94 faiz təşkil etmişdir. 2009-cu il oktyabrın 27-də "Fiziki şəxslərin banklarda və digər kredit təşkilatlarındakı əmanətləri üzrə faiz gəlirlərinin gəlir vergisindən azad olunması haqqında" qanun qəbul edildi. Qəbul olunmuş qanunun dövlət büdcəsinə təxminən 60 milyon manata başa gələcəyinə baxmayaraq, bank sisteminə himayədar olmaq məqsədilə dövlət bu addımı atdı. Nəticədə ölkə banklarında əhalinin əmanətləri sürətlə artdı. Beləliklə, əgər 2009-cu ilin yanvar ayından oktyabr ayına kimi əhalinin banklardakı əmanəti 221,9 milyon manat artmışdısa, təkcə həmin ilin noyabr ayında bu artım 126 milyon manat təşkil etmişdir.
Böhran dövründə sahibkarlığa yardım məqsədilə 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu 130 milyon manat güzəştli kredit vermişdir ki, bu da 2008-ci ildəkindən 48 faiz çoxdur, kredit alanların sayı isə İqtisadi İnkişaf Nazirliyinin göstəricilərinə əsasən 2,6 dəfə artmışdır.
Bütün
bunlara əsasən deyə bilərik ki,
görülmüş tədbirlər dünya iqtisadi
böhranının Azərbaycana mənfi təsirini
mümkün qədər azaltmağa imkan verdi. "İnternational Living"
jurnalında dərc olunmuş hesabatda Azərbaycana 42 reytinq
balı verilib. Bu göstəricilərə əsasən, bizim
ölkə MDB ölkələri arasında ən
güclü iqtisadiyyata malik ölkə kimi
çıxış edərək Avropanın Slovakiya,
Yunanıstan, Malta, Portuqaliya kimi inkişaf etmiş ölkələrini
geridə qoyur.
2010-cu ilin sosial-iqtisadi
uğurları da ölkəmizin qlobal böhranı uğurla
dəf etdiyi, düşünülmüş və məqsədyönlü
iqtisadi kurs müəyyənləşdirdiyini aydın şəkildə
təsdiq edir. Belə ki, ötən il Azərbaycan
iqtisadiyyatının təqribən
5, əhalinin pul gəlirlərinin
12 faiz artması, inflyasiyanın cəmi 5,7 faiz təşkil
etməsi deyilənlərə əyani misaldır. 2010-cu ildə
Azərbaycanda strateji əhəmiyyətli sosial-iqtisadi layihələrin
icrası davam etdirilib, bununla bağlı ölkəyə 15
milyard dollar həcmində sərmayə qoyulub. Ölkəmizin
valyuta ehtiyatları 2010-cu ildə əhəmiyyətli dərəcədə
artaraq, 20 milyard dollardan 29 milyard dollara çatıb. Əgər
2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin
maliyyələşdirilməsinə 600 milyon manat
ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5
milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu
ildə 4,1 milyard manat təşkil edib. 2011-ci ildə bu məqsədlə
3 milyard 380 milyon manatın ayrılması da dövlət
büdcəsinin investisiyayönümlü olduğunu göstərir.
Beləliklə, bu faktlar bir
daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan
uğurla çıxmaqda və ölkəmizin gələcək
inkişaf perspektivləri baxımından qarşıda yeni
imkanlar açmaqdadır.
Siyavuş NOVRUZOV,
Milli Məclisin İntizam
komissiyasının sədri,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.- 2011.-7 may.- S.8.