Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev burada oxumuşdur

 

Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycan xalqının böyük oğlunun barelyefinin açılışı olmuşdur

 

Mayın 6-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycanın böyük oğlunun barelyefinin açılışı olmuşdur.

ADNA-nın rektoru, əməkdar elm xadimi, akademik Siyavuş Qarayev təntənəli mərasimi giriş sözü ilə açmışdır. S.Qarayev öz çıxışında ümummilli liderin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərini, onun dövlət başçısı vəzifəsində bütün fəaliyyəti dövründə akademiyanın professor-müəllim heyətinə və tələbə kollektivinə həqiqətən atalıq qayğısı göstərməsini qeyd etmişdir. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Sənaye İnstitutunda (indiki ADNA) iki il müvəffəqiyyətlə oxumuşdur. Lakin Böyük Vətən müharibəsi başlandı və Heydər Əliyevin qəlbində xoş xatirələr qoymuş, onda möhkəm intizam və iradə kimi keyfiyyətlər tərbiyə etmiş, dərin biliklərə yiyələnməsinə kömək etmiş təhsil illəri yarımçıq qalmışdır. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur. Onun gənclik illərinin bəlkə də ən unudulmaz xatirələri məhz bu ali təhsil müəssisəsində oxuduğu dövrlə bağlıdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd etmişdir ki, ulu öndərin doğum gününün qeyd edilməsi Azərbaycan xalqı üçün əsl bayrama çevrilmişdir. Ulu öndərin neft strategiyası Azərbaycanın müstəqilliyinə, onun dünyada rolunun və nüfuzunun daha da artmasına xidmət edir. Məhz bu səbəbdən o, qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Barelyefin açılışı ilə əlaqədar təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatları, ADNA-nın professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri və başqaları iştirak etmişdir.

Bu tədbirdən bir gün əvvəl mən ADNA-nın rektoru akademik Siyavuş Qarayevlə görüşmək və dahi Heydər Əliyevin neft strategiyasında Neft Akademiyasının rolu barədə onunla söhbət etmək şərəfinə nail oldum. Səmimi şəraitdə keçən söhbət zamanı Siyavuş müəllimin mənə dediklərini oxucularla bölüşmək istəyirəm.

Avropada və Asiyada neft profilli ilk ali məktəb olmuş Neft Akademiyasının 90 yaşı var. Keçən əsrin əvvəlində o, SSRİ energetika müəssisələri üçün mühəndis kadrları hazırlayan İttifaq əhəmiyyətli yeganə ali məktəb idi. ADNA neft-qaz profilli yeni ali məktəblərin, məsələn, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Ukraynada İvano-Frankovsk Neft və Qaz Texniki Universiteti, Başqırdıstanda Ufa Dövlət Neft Universiteti, habelə Əlcəzairin Bumerdes şəhərindəki üniversitetin yaradılmasında bilavasitə iştirak etmişdir. ADNA-nın ayrı-ayrı fakültələri bazasında Azərbaycanın özündə də müxtəlif illərdə bir neçə müstəqil təhsil müəssisəsi yaradılmışdır. İndiki Texniki Universitet, Aqrar Universiteti, Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu bu qəbildəndir.

Dövlət Neft Akademiyası Azərbaycana bütün dünyada şöhrət gətirən bir ali məktəbə çevrilmişdir. Burada təhsil həmişə yüksək səviyyədə olmuşdur. Akademiyanın professor-müəllim kollektivi bu gün də Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz sektoru üçün peşəkar kadrlar hazırlamaqla müstəqil Azərbaycanın inkişafına qiymətli töhfə verir.

ADNA-nın məzunları təkcə Azərbaycanın deyil, başqa ölkələrin də elm və sənaye sahələrinin, obrazlı şəkildə desək, qaymaqlarıdır. Görkəmli memarlar M.Hüseynov və S.Dadaşov, vaxtilə SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş N.Baybakov, SSRİ qaz sənayesi naziri S.Orucov, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri K.Kərimov, akademik A.Mirzəcanzadə, Qərbi Sibirin neft yataqlarını kəşf etmiş F.Salmanov, təyyarəçi-kosmonavt V.Jolobov və bir sıra başqaları, müasirlərimizdən "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərov, "Rosneft" şirkətinin vitse-prezidenti Mars Xasanov, ARDNŞ-in vitse-prezidenti, akademik X.Yusifzadə bu ali məktəbin məzunlarıdır.

Siyavuş müəllim öz peşəsinin vurğunu kimi danışır, akademiyanın adını və statusunu ucaltmış insanların hər birinin adını çəkdikcə qürur hissini gizlətmirdi. Təbii ki, ADNA-nın ən böyük fəxri ümummilli liderin Neft Akademiyasına xüsusi münasibətidir, çünki Heydər Əliyev dünyanın enerji xəritəsinin yenilənməsi barədə möhtəşəm planlar qurarkən bu ali məktəbin məzunlarına, onun yetişdirdiyi kadrlara güvənir, bu insanlara arxalanırdı. Axı, Xəzər hövzəsinin enerji ehtiyatları hələ sovet mühəndisləri tərəfindən kəşf edilmiş və proqnozlaşdırılmışdı. Heydər Əliyevin dahiliyi məhz bundan ibarətdir ki, sovet imperiyasının dağılacağını qabaqcadan görərək bu böyük sərvətlərin mənimsənilməsi barədə planlar qururdu.

Heydər Əliyevin fəal vətəndaşlıq mövqeyi, sözün həqiqi mənasında, möhtəşəm əməyi təkcə tarixin səhifələrində deyil, həm də qədirbilən xalqımızın əbədi yaddaşında silinməz izlər qoymuşdur. O, təkcə rəhbər deyil, həm də, sözün ən yüksək mənasında, millət atası idi.

Barışmaz əleyhdarların hakimiyyət uğrunda didişməsindən təngə gəlmiş xalqın israrlı tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdanda ölkə vətəndaş müharibəsi və parçalanma həddində idi: ordu yox səviyyəsində idi, bunun əvəzində siyasi partiyaların hərbiləşdirilmiş qruplaşmaları bir-birinə meydan oxuyurdu, Ermənistanla müharibə, işğal edilmiş rayonlardan paytaxta üz tutmuş qaçqınlar ordusu, əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması... Bu şəraitdə bütün ölkə, bütün xalq yalnız bir nəfərə - Heydər Əliyevə ümid bəsləyirdi.

1993-cü ilin yazında Azərbaycan neftinə maraq göstərən neft şirkətləri ilə aparılan danışıqlar başa çatmaqda idi. Həmin dövrdə Azərbaycan elə bir saziş bağlamağa hazırlaşırdı ki, bu sənəd nəinki xalqın mənafeyini nəzərə almır, üstəlik, misilsiz təbii ehtiyatların talan edilməsinə gətirib çıxarar, bu isə ölkə iqtisadiyyatına əvəzi çıxarılması mümkün olmayan dərəcədə ziyan vurardı.

Heydər Əliyev ilk növbədə, qərb şirkətləri ilə imzalanmağa hazırlanmış sazişi ləğv edərək birbaşa bəyan etdi ki, bu saziş Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə şərait yaradır. Sonra danışıqlar tamamilə təzədən başlandı.

Heydər Əliyev atəşkəs barədə saziş imzalamaqla qısa müddət ərzində 22 beynəlxalq neft kontraktı imzalanması, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə bütün həqiqətin dünyanın aparıcı dövlətlərinə çatdırılması imkanı əldə edilmiş, beləliklə, həm MDB ölkələri və Avropa İttifaqı ilə, həm də bütövlükdə dünya birliyi ilə yeni qarşılıqlı münasibətlərin təməli qoyulmuşdur. Məhz bu dahi insan dünyanın maliyyə elitasını Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığına, bu layihənin həm region üçün, həm də bütövlükdə Avropa üçün zəruri olmasına inandıra bilmişdir.

Bir sıra analitiklərin qəti inamına görə, liderliyin əsasını strateji təsəvvür təşkil edir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev bu uzaqgörənlik keyfiyyətinə tam həcmdə malik idi. O, nəinki gələcəyi qabaqcadan görür, onu planlaşdırır, həm də öz niyyətlərini həyata keçirirdi. 1990-cı illərin birinci yarısında "şaxələndirmə" və "enerji asılılığı" anlayışları dünyada hələ məlum olmadığı vaxtda Heydər Əliyev dünya enerji daşıyıcıları bazarına çıxışın sürətləndirilməsi barədə qərar qəbul etmişdi. 1999-cu il noyabrın 18-də ATƏT üzvü olan ölkələrin dövlət başçılarının İstanbul sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi haqqında tarixi saziş imzaladılar. Azərbaycanın neft strategiyasının təməlini qoymuş "Əsrin müqaviləsi" belə yarandı.

Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü Heydər Əliyevin - müasir Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev ölkəni tarixin ən mürəkkəb sınaqlarından çıxarmış, Azərbaycan dövlətinin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuşdur. O, öz Vətəninə, öz xalqına xidmət edirdi. Çünki özü üçün bundan daha yüksək vəzifə görmürdü. Azərbaycan xalqının, bu ölkənin tarixinin ən dramatik dövründə onun taleyinin etibar edildiyi ən böyük insanlardan biri Heydər Əliyev idi. O, əleyhdarlarının həsədinə rəğmən, düşmənin acığına bütün dünyanın gözü qarşısında tarixi yaradır, ölkəni qurur, dövləti yaradır və möhkəmləndirirdi.

Heydər Əliyevin sonrakı nəsillər qarşısında xidmətləri ilbəil daha sanballı, daha əhəmiyyətli olur, onilliklər, yüzilliklər keçəcək, onun böyüklüyü daha dərindən başa düşüləcəkdir, çünki onun bəşəriyyət qarşısında xidmətlərini heş bir meyarla ölçmək mümkün deyildir.

 

 

Tamilla NURİYEVA,

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2011.- 7 may.- S.9.