Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr edilmiş
mərasim keçirilmişdir
Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası rayon təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş toplantısı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ölkəmizin hərtərəfli inkişafında, tərəqqisində, regionda lider dövlət kimi tanınmasında məhz ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd etmişdir. Bildirmişdir ki, ümummilli lider hər birimiz üçün fərəh və qürur mənbəyidir.
F.İsmayılovun çıxışından sonra YAP sıralarına daxil olmuş bir neçə gəncə partiya biletləri təqdim edilmişdir.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Rasim Nəbiyev, Milli Məclisin deputatı Etibar Hüseynov ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü böyük işlərdən, Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artırılması istiqamətindəki səylərindən danışdılar. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev dövlət quruculuğu və sosial-iqtisadi siyasətin həyata keçirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, biznes mühitinin liberallaşdırılması, xarici ölkələrlə hərtərəfli işgüzar münasibətlərin qurulması sahəsində, ölkə iqtisadiyyatına xarici investisiya və texnologiyaların cəlb edilməsində, Azərbaycanın qüdrətlənməsində və böyük nailiyyətlər qazanmasında ulu öndər Heydər Əliyevin iqtisadi-siyasi kursunu layiqincə davam etdirir.
Azərbaycan.- 2011.- 7 may.- S. 9.