Müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinə yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, mayın 6-da "Gülüstan" sarayında müsabiqə qaliblərini mükafatlandırma mərasimi keçirilmişdir.

Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika (yekun) keçirilmişdir. Ümumtəhsil məktəblərinin VII-XI sinifləri arasında təşkil olunan müsabiqədə 700 minədək şagird iştirak etmişdir. Müsabiqənin yekun mərhələsinə 97 məktəbli qatılmışdır. Nəticələrə əsasən, 3 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər isə III yerə layiq görülmüşlər.

Milli Məclisin deputatlarının, tanınmış alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Nazir dövlətimizin başçısı İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatmışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev irsini öyrənməklə gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Çünki Heydər Əliyev böyük vətənpərvər idi. Heydər Əliyev irsini öyrənməklə gənclər vətəndaş kimi formalaşırlar. Heydər Əliyev irsini öyrənən gənclərimiz Azərbaycançılıq məfkurəsini mənimsəyirlər.

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edən Ə.Əhmədov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına uyğun olaraq inşa müsabiqəsinin qaliblərinin hər birinə ali məktəblərdə təhsil aldıqları müddətdə YAP tərəfindən təqaüdlər verildiyini də xatırlatmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulamış, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs etmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cəmiyyətin inkişafında təhsilin mühüm rolu olduğunu bildirmiş, müsabiqənin əhəmiyyətini diqqətə çatdırmış, qalibləri təbrik etmişdir.

Sonra müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 7 may.- S. 9.