Asiya İnkişaf Bankının illik toplantısı keçirilir

 

Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 44-cü illik toplantısında Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, illik toplantının gündəliyinə qurumun 2010-cu il üzrə illik hesabatının müzakirəsi və keçirilmiş auditin maliyyə nəticələrinin təsdiq olunması daxildir.

Azərbaycanın nümayəndə heyəti tədbir çərçivəsində AİB-in prezidenti Haruhiko Kuroda ilə görüşmüşdür.

H.Kuroda rəhbərlik etdiyi qurumla Azərbaycan arasında hazırkı əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etmiş, ölkə iqtisadiyyatının şaxələndirilməsində AİB-in köməyə hazır olduğunu bildirmişdir. H.Kuroda Azərbaycanın son illər davamlı olaraq əldə etdiyi yüksək iqtisadi göstəricilərin, xüsusilə dünya maliyyə böhranı zamanı ölkə iqtisadiyyatının göstərdiyi dayanıqlığın təqdirəlayiq olduğunu vurğulamışdır.

Azərbaycanın maliyyə naziri ölkəsinin AİB ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu demişdir. S.Şərifov Azərbaycan Hökumətinin həyata keçirdiyi sosial-iqtisadi siyasət barədə məlumat vermiş və nəzərdə tutulmuş bir sıra layihələrin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında regionların su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanmış layihələrin maliyyələşdirilməsində beynəlxalq qurumu yaxından iştiraka dəvət etmişdir.

S.Şərifovun AİB-in rəhbər işçiləri ilə keçirilmiş digər görüşlərində bankın Azərbaycanda həyata keçirdiyi layihələrin icra vəziyyəti müzakirə edilmiş, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.

Nazir Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vitse-prezidenti Kiyoşi Kodera, Türkiyə Respublikası Xəzinədarlığının müstəşarı İbrahim Çanakçı ilə də görüşmüşdür. Müzakirələrin əsas mövzusu maliyyə sahəsində ikitərəfli əməkdaşlıq və beynəlxalq maliyyə institutları çərçivəsində ölkələrimizin birgə fəaliyyət imkanları olmuşdur. Xatırladaq ki, 1966-cı ildə yaradılmış Asiya İnkişaf Bankının hazırda 67 üzvü vardır.

 

 

Azərbaycan.- 2011.- 7 may.- S. 10.