Rusiya arxivində Azərbaycan mədəni
irsinə aid olan, lakin ermənilərin öz adlarına
çıxdığı nümunələr aşkar
edilmişdir
Mayın 6-da Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı illərboyu aktual olan bir problemə - Azərbaycan xalqının mədəni irsinə ermənilər tərəfindən təcavüz məsələsinə həsr edilmişdir.
Bu təcavüz (həm Azərbaycan torpaqlarının işğal edilməsi, həm də Azərbaycanın qeyri-maddi mədəni irsinin mənimsənilməsi) demək olar ki, ermənilərin Qafqaza köçürülməsi ilə eyni vaxtda başlamışdır.
Ə.Qarayev demişdir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə - internetdə, arxivlərdə, dövri mətbuatda dərc edilən məlumatları diqqətlə izləyir, müvafiq təhqiqatlar aparır, plagiatları ifşa edir və bütün bu cür cəhdlərin qarşısını alır. Azərbaycan xalqına mənsub olan bütün dəyərlərin ona qaytarılması üçün böyük iş aparılır.
Məsələn, bu yaxınlarda Sankt-Peterburqda, Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunun arxivində ("Puşkin evi") 1927-1929-cu illərdə ekspedisiyalar zamanı hazırda ermənilərin işğal etdiyi Azərbaycan kəndlərində toplanmış folklor fonoqramlarının qeydiyyat sənədləri tapılmışdır.
Mədəniyyət və Turizm Nazirliyi bu barədə məlumat toplamaq, həmin qeydiyyat sənədlərinin hüquqi əsaslarını müəyyən etmək üçün öz əməkdaşlarını dəfələrlə Sankt-Peterburqa ezam etmişdir.
Qeydiyyat sənədlərinin surətləri, habelə müasir Ermənistan ərazisində yerləşən Azərbaycan kəndlərinin adları jurnalistlərə təqdim edilmişdir. Budur həmin kəndlər: Gülağac, Gözəldərə, Aşağı Ərcəman, Görüş, Qarakilsə, Bazarçay, Gərgər, Keşişkənd, Molla Göyçə, Şulaverən, Arxvəli, Qırxdəyirman, Quşbələk, Karvansara.
Beləliklə, ekspedisiya materiallarını qeydiyyata alanlar hazırda Ermənistanda yerləşən və erməni toponimləri ilə adlandırılmış Azərbaycan kəndlərinin adlarını sadalamaqla özləri də istəmədən bizə xidmət etmişlər.
Bu kəndlərin adları hər şeydən xəbər verdiyinə baxmayaraq, "xalq" qrafasında "erməni" sözü yazılmışdır. O dövrdə azərbaycanlıların yığcam halda yaşadığı Tiflisdə və İrəvanda da xeyli fonoqram yazılmışdır.
Xüsusi qeyd etmək lazımdır ki, həmin arxivin qeydiyyat jurnalında "Azərbaycan" və ya "Azərbaycan musiqisi" barədə qeydlər olmasa da, musiqi özü, daha dəqiq desək, muğamlar ("Rast", "Çahargah", "Hicaz", "Mahur", "Şur", "Bayatı Şiraz", "Mirzə Hüseyn segahı"), habelə sözləri və melodiyaları azərbaycan xalqına mənsub olan "Koroğlu", "Xalabacı", "Otuz bir", "Çoban bayatı" və başqa mahnı və rəqslər Azərbaycan dilində ifa edilir.
Bu fakt ona dəlalət edir ki, həmin jurnalda qeydiyyata alınmış bütün fonoqramlar Azərbaycan folkloru nümunələridir.
Əbülfəs Qarayev demişdir ki, bu qeydlərin rəqəmsal surətləri hazırlanmış, onların xüsusi əhəmiyyəti nəzərə alınaraq saxlanmaq üçün Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə təhvil vermək məqsədəuyğun hesab edilir. Bütün bu materiallardan elmi araşdırmalar üçün istifadə ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 7 may.- S. 10.