Şəmkirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr edilmiş toplantı keçirilmişdir

 

Şəmkirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi ilə əlaqədar toplantı keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ermənilərin ideoloji təbliğatına qarşı ən fundamental tədqiqat əsəri olduğunu vurğulamış, buna görə də Azərbaycan ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu maraq, ilk növbədə, əsərdə ermənilərin əsassız iddialarının yalnız tarixi, fəlsəfi, siyasi, coğrafi, antropoloji, arxeoloji və geneoloji baxımdan deyil, həm də müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından elmi dəlillərlə ifşa olunması ilə səciyyələnir. Müəllif əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısında verdiyi açıqlamaların reallıqdan tamamilə uzaq olduğunu əsaslandırır və bunu haqlı olaraq "absurd teatrı"na bənzədir. Bu teatrın tamaşaçıları erməni diasporunu təmsil edən jurnalistlər, naşı artisti isə fikir və düşüncələri çaşdıran, yalan və riyakarlıqla dolu monoloq söyləyən Serj Sarkisyandır.

Sonra RİH başçısının birinci müavini Tariyel Məmmədovun kitabda əsaslandırılmış ayrı-ayrı faktların təhlilinə həsr edilmiş məruzəsi dinlənilərək müzakirə edilmişdir.

Müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Müsahib Zeynalov, mərkəzi rayon xəstəxanasının baş həkimi Nurəddin Əhmədov və başqaları çıxış edərək Qarabağla bağlı ideoloji mübarizənin daha da kəskinləşdiyi indiki dövrdə akademik Ramiz Mehdiyevin dünya ictimaiyyətinə təqdim etdiyi bu dəyərli əsərin əhəmiyyətindən danışmışlar. Qeyd edilmişdir ki, "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ermənilərin yeni "tədqiqatlarına" tutarlı və elmi dəlillərə əsaslanan cavabdır. Şübhəsiz, belə elmi əsərlərin geniş yayılması əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir. Kitab Ermənistan rəhbərliyinin və erməni ideoloqlarının nə qədər dayaz və məntiqsiz düşüncə tərzinə sahib olduqlarını bariz şəkildə nümayiş etdirir. Təəssüf hissi ilə bildirilmişdir ki, müəyyən zaman kəsiyində Azərbaycanın tarixini yazanlar və taleyini müəyyənləşdirənlər, onu ikiyə bölənlər yadlar və yağılar olmuşlar. Onlar təkcə bu millətin dilinə "genosid", "repressiya", "deportasiya", "terror" sözlərini gətirməyib, həm də xalqımıza bu sözlərin məzmunundakı faciəni yaradıblar. Nəticədə paralel olaraq mənəviyyat və əxlaqda, dildə və dində diskriminasiya, ərazilərdə itki, sərhəd dirəklərində isə içəriyə doğru sıxılma baş vermişdir. Müəllif Serj Sarkisyanın Gorusdakı çıxışında azərbaycanlıların S.Şaumyanı "bandit" adlandırmasından hiddətləndiyini önə çəkir və ona cavab olaraq bildirir: "S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər". Elə keçən əsrin əvvəllərində Bakıda, Naxçıvanda, Gəncədə, Qubada, Şamaxıda həyata keçirilən qətliamların əsas təşkilatçısı və ilhamvericisi olan maskalanmış, insan qanına susamış Şaumyanın "bandit" adlandırılması olduqca yumşaq səslənir.

Akademik Ramiz Mehdiyev bu əsərində sübut edir ki, müasir erməni vandalizminin başında köçəryanlar, sarkisyanlar və digər "yan"lar dayanır. Müəllif haqlı olaraq erməni vandalizmi, erməni vəhşiliyi ilə faşizm arasında bir paralellik aparır, yaxın və uzaq analoji oxşarlıqları əsaslandırılmış elmi dəlillərlə sübuta yetirir və yazır: "Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ali irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Natiqlər onu da diqqətə çatdırmışlar ki, müəllif əsərdə dünya ictimaiyyətinin diqqətini elmdə çox mühüm əhəmiyyət kəsb edən toponimikaya yönəldir və haqlı olaraq göstərir: "Əvvəllər Azərbaycana məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirərək onlara erməni adları qoyulmuşdur". Ermənilər tərəfindən toponimlərin dəyişdirilməsi yalnız İrəvanla məhdudlaşmamış, daha da genişlənərək Azərbaycanın bütün ərazilərini əhatə etmişdir.

"Böyük Ermənistan" mifinin də ermənilər və ermənipərəst qüvvələr tərəfindən yaradıldığını (uydurulduğunu) və bunun müasir dünyada reallaşmasının mümkünsüzlüyünü, ermənilərin mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə, minalanmasından, sosial xərclər əvəzinə, hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmadıqlarını diqqətə çatdıran natiqlər Dağlıq Qarabağı Ermənistana birləşdirməyin mümkünsüzlüyünü qeyd etmişlər.

Məruzə və çıxışlarda kitabın əsas məziyyətlərindən biri kimi tarixiliklə müasirliyin vəhdətindən danışılaraq bildirilmişdir ki, müəllif tarixiliklə müasirliyi verərkən Herodotdan, Strabondan bugünə kimi ermənilər barəsində deyilmiş fikirləri, arxeoloji qazıntıların nəticələrini, bunlardan az əhəmiyyət kəsb etməyən Azərbaycanın qədim və müasir dövr xəritələrini diqqətə çatdırır. Müəllif fikirlərinin daha inandırıcı, daha tutarlı və daha elmi olması üçün Avropa, rus, gürcü və erməni müəlliflərinin tədqiqatlarına müraciət edir ki, bu da əsərin elmiliyini şərtləndirən ən mühüm xüsusiyyətlərindən biri kimi özünü göstərir.

Toplantının sonunda erməni təbliğat maşınına sarsıdıcı zərbə vuran bu əsərə görə akademik Ramiz Mehdiyevə minnətdarlıq edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 may.- S. 10.