Azərbaycan həm ön, həm
də arxa cəbhədə döyüşürdü
"Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".
Heydər ƏLİYEV
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. Bununla da Böyük Vətən müharibəsi başlandı. Bu müharibə Sovet İttifaqı tərəfindən xilaskar, ədalətli, məhz elə buna görə də Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı və Sovetlər İttifaqında yaşayan bütün xalqlar, o cümlədən azərbaycanlılar da o zaman ümumi Vətən sayılan SSRİ-nin müdafiəsinə qalxmışdılar.
Başqa cür ola da bilməzdi.
Axı, Azərbaycan bu ittifaqın tərkibində idi və
söz yox ki, faşist Almaniyası SSRİ-ni işğal etməkdə
israrlı olanda təkcə Moskvanı, yaxud Rusiyanı, Ukraynanı,
Belarusu almaq barədə fikirləşmirdi. Onun niyyəti daha
böyük idi. Üstəlik də Hitlerin Bakı haqqında
ayrıca planları vardı. Təsadüfi deyil ki, Rozenberqin
başçılığı ilə təşkil edilən
Şərq İşləri üzrə Nazirliyin nəzdində
olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ
1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahının
təsis etdiyi planda Qafqazın, xüsusilə Bakının
işğalı əsas yer tuturdu.
Qafqazın
işğalının (Edelveyus planının) həyata
keçirilməsi Hitler Almaniyasının "A" qrupu ordusuna
həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş
işğal rayonuna bölünməli və onlardan biri Azərbaycan
əlahiddə rayonu idi. "Ost" planına görə,
Bakı 1941-ci il sentyabrın axırına qədər
işğal olunmalı, faşistlər Bakını
almalı, onun neftini alman şirkətlərinin sərəncamına
verməli idilər.
Tarixi dəyişmək
mümkün deyil. Bu gün o böyük, dəhşətli
hərbin yollarında canından keçmiş,
sağlamlığını itirmiş, əlil olmuş
insanlara xor baxaraq "onlar özgə torpaqları uğrunda
vuruşublar" deyənlər bunları yaxşı bilməli
və dərk etməlidirlər. Sıraları lap seyrəlmiş,
çoxu odlu cəbhələrdə, çoxu da orada
aldıqları yaralardan sonralar dünyasını dəyişmiş
qəhrəmanların ruhunu narahat etmək günahdır. Odur
ki, tarixi təhrif edənlərə bir daha xatırlatmaq istərdik:
o vaxt Azərbaycan həmin igidlərin uğrunda
vuruşduqları ölkənin bir parçası
sayılırdı. Məhz onda döyüşmək
lazım idi! Onda...
hünər vaxtı, qeyrət çağı idi
Azərbaycanlıların
döyüş meydanlarındakı igidliyindən çox
yazılıb və çox sözlər deyilib. Bundan sonra da
yeni kitablar yaranacaq, filmlər çəkiləcək və həmin
insanlar bütün dillərdəki ən gözəl sözlərə
layiqdirlər. Amma elə məqamlar da var ki, orada söz fakta
söykənməlidir. Azərbaycanlıların, daha
doğrusu, bütün Azərbaycanın müharibədə
göstərdiyi qəhrəmanlıq özü, böyük
faktdır.
1941-1945-ci illərdə Azərbaycandan
640 min nəfərdən çox insan səfərbər edilərək
ordu sıralarına yola düşmüşdü. Müharibənin
hələ ilk günlərində respublikada 4 mindən
çox oğlan və qız könüllü surətdə
cəbhəyə getmək üçün hərbi
komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq
qoşunu dəstələrində 187 min nəfər
döyüşçü vardı. Onlardan 30 min nəfərdən
çoxu qadınlar idi.
Ağır müharibə
illərində azərbaycanlı əsgər və zabitlər
od-alov püskürən döyüş meydanlarında
misilsiz şücaət göstərmişdilər. Cəbhənin
elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz
orada vuruşmamış olsun. Hətta azərbaycanlılardan
ibarət diviziyalar təşkil olunmuşdu. 416-cı, 402-ci,
396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar
Simferopolda, Odessada və digər şəhərlərdə
vuruşmuşlar. 77-ci diviziya Polşa və
Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad
edilməsində igidlik göstərmişdi. 416-cı diviziya
Qafqazdan Berlinədək qəhrəmanlıq yolu
keçmişdi.
Sovet İttifaqı Qəhrəmanları
Ziya Bünyadov, Məlik Məhərrəmov, Bahəddin Mirzəyev
və digər neçə-neçə rütbəli zabit və
hünərvər igidlərimiz odlu-alovlu illərdə
böyük cəsarət, şücaət göstərərək
mərdliklə vuruşmuşdular. Sovet İttifaqı Qəhrəmanlarından
söz düşmüşkən: 1941-1945-ci illərdə Azərbaycanın
130-a qədər oğlu bu yüksək ada layiq
görülmüşdür. Bu, böyük bir tarix, şərhə
ehtiyacı olmayan, özü haqqında özü
"danışan" bir həqiqətdir. Sovet
İttifaqı Qəhrəmanı olan ilk azərbaycanlı
İsrafil Məmmədov idi. O, 1941-ci ilin dekabrında Novqorod
yaxınlığındakı Pustinka kəndi uğrunda gedən
döyüşlərdə göstərdiyi hünərə
görə bu yüksək ada layiq
görülmüşdü.
Şimali Qafqazı müdafiə
edərkən Qafur Məmmədov, Stalinqrad uğrunda
döyüşlərdə Həzi Aslanov, Şimali
Transilvaniyanın Mağara şəhərindəki igidliyinə
görə Gəray Əsədov "Qızıl Ulduz"
almışlar. Tank qoşunları general-mayoru H.Aslanov bu şərəfə
iki dəfə layiq görülmüşdür.
Gedənlərin az qala
yarıya qədəri geriyə dönməmişdi.
Qayıdanların isə əksəriyyətinin sinəsini
orden və medallar bəzəyirdi. Müharibə onların
sağlamlığına böyük zərbə vurmuşdu.
Amma vicdanlarına zərrə qədər də ləkə gəlməmişdi.
Onlar üzüağ, alnıaçıq, başıuca idilər.
Bu, Azərbaycan tarixinin daha
bir şanlı səhifəsi idi.
Bakı nefti olmasaydı...
Uzun illər SSRİ-nin neft və
qaz sənayesinə başçılıq etmiş Nikolay
Baybakov təsdiqləyir ki, ölkənin neft balansında Azərbaycanın
iştirakı olmasaydı, Sovetlər İttifaqının
faşizm üzərində qələbəsi sual altında
qala bilərdi.
Marşal K.K.Rokossovski isə
bu barədə fikirlərini belə ifadə etmişdi: "Hər
bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə
zərbəsində Bakı neftçilərinin payı
vardır".
Dənizdə, quruda və
havada sovet ordusunun düşmən üzərində
üstünlük qazanmasına, sovet zirehli moto və tank
qoşunlarının, aviasiya birləşmələrinin
görkəmli strateji əməliyyatlarına Bakı neftinin
rolu əvəzsiz idi. Bakı neftçiləri ən çətin
şəraitdə ordunun və ümumiyyətlə,
bütün ölkənin xalq təsərrüfatını
yanacaqla fasiləsiz təmin edirdilər. O zaman SSRİ-də
çıxarılan neftin təxminən dörddən
üç hissəsini Azərbaycan verirdi. Marşal G.K.Jukov
sonralar haqlı olaraq deyirdi: "Bakı neftçiləri vətənin
müdafiəsini və düşmən üzərində qələbəni
təmin edəcək qədər yanacaq verdilər".
1941-ci ildə Azərbaycanda
rekord miqdarda - 23,5 milyon ton neft çıxarıldı.
Müharibə illərində Azərbaycan Sovet
İttifaqının başlıca yanacaq bazasına
çevrilərək 75 milyon ton neft verdi. Vuruşan təyyarələrin
85-90 faizi Azərbaycan benzini ilə işləyir, düşmənə
ağır zərbələr vururdu.
İkinci Dünya müharibəsi
illərində Baltik dənizindən Qara dənizə qədər
uzanmış cəbhənin tələb etdiyi bütün
benzinin 80, sürtkü yağlarının 90 faizini Azərbaycan
təmin edirdi. Başqa sözlə, həmin illərdə
neft mədənləri də qəhrəmanlıq meydanına
çevrilmişdi. Ayrı-ayrı neftçilər əmək
igidliyi göstərir, rekordlar qazanırdı.
"Hər şey cəbhə üçün, hər
şey qələbə üçün!"
Marşal A.A.Qreçko
yazmışdır: "Azərbaycandan cəbhəyə
tükənməz axınla yüksək keyfiyyətli benzin,
silah, döyüş sursatı və ərzaqla dolu yük
qatarları gəlirdi".
Müharibə illərində
Azərbaycan həqiqətən də ordunun silah,
döyüş sursatı və ərzaqla təchizatının
ən güclü cəbbəxanalarından birinə çevrilmişdi.
Burada 130-dan çox adda silah və hərbi sursat istehsal
olunurdu. Elmin və istehsalatın, mədəniyyətin və
incəsənətin elə bir sahəsi yox idi ki, səyi və
potensialı qələbə naminə səfərbər edilməmiş
olsun. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə
aviasiya benzini istehsalının yeni texnologiyası
hazırlandı. Alimlərimiz 100 növ neft-kimya məhsullarının,
o cümlədən 38 növ sürtkü yağının,
9 adda təyyarə benzininin, 8 növ dizel yağının
istehsalını təşkil edə bildilər.
Dəmiryolçular və Xəzər
dənizçiləri ağır şəraitdə yüksək
intizamlılıq, cəsarət və qeyrət nümunəsi
göstərirdilər. Onlar hərbi və xalq təsərrüfatı
yüklərini vaxtında daşımaq üçün gecəni
gündüzə qatmışdılar. 1941-ci ilin yayında və
payızında təkcə Bakı dəmiryolu bölməsinə
gündə 500 vaqona qədər müxtəlif yük gəlirdi.
Orta Asiyada tikilən yeni müdafiə zavodları
üçün əsas avadanlıq Azərbaycan dəmiryolu və
Xəzər dənizi vasitəsilə göndərilirdi.
Geoloqlar, kimyaçılar,
fiziklər və riyaziyyatçılar hərbi təşkilatların
xüsusi tapşırıqlarını yerinə yetirirdilər.
Təbabət sahəsində çalışan alimlər
yeni müalicə üsulları hazırlayırdılar.
Humanitar elmlərlə məşğul olan alimlərimiz Azərbaycan
xalqının qəhrəmanlıq tarixindən,
döyüş ənənələrindən bəhs edən,
qələbəyə səsləyən əsərlər
yaradırdılar.
Müharibə illərində
Azərbaycan cəbhə arxasında yerləşən nəhəng
hospital bazasına çevrilmişdi. Ə.Əliyev,
M.Topçubaşov, M.Mirqasımov, V.Tarnoqradski kimi
adlı-sanlı professorlar neçə-neçə əsgər
və zabitin həyatını xilas edirdi. Tibb İnstitutunun ən
təcrübəli əməkdaşları da bu işə cəlb
olunmuşdu.
Müharibənin ilk iki ilində
neftayırma zavodları əczaçılıq məhsullarının
istehsalını da mənimsəmişdilər. Müəssisələrdə
gecə-gündüz iş gedirdi. Bəzi işçilər
gecə də evlərinə getmir, tapşırıqları
yerinə yetirirdilər. Bir sözlə, kim nə bacarırdısa
edirdi, hər kəs var gücü ilə
çalışırdı. Bu, təkcə adlı-sanlı
insanlara deyil, adi sıravi fəhlələrə də aiddir.
Kənd əməkçiləri
də cəbhəyə bacardıqları qədər
yardım edirdilər. Onlar sovet ordusunun fonduna öz şəxsi
istifadələrində olan 18 min baş mal-qara, 52 min pud
taxıl, 170 min pud müxtəlif növ məhsul göndərdilər.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15
kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl məbləğində
vəsait verdilər. Cəbhəyə 1,6 milyondan çox zəruri
mal və 125 vaqon isti geyim yola salındı. Yalnız Leninqrad
üçün 1942-ci ilin yayına qədər Bakı
müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə
qurusu, 12 vaqon tomat-püre və digər məhsullar, eləcə
də dərman və sarğı materialı yolladılar.
O zaman hər şey cəbhə
üçün, hər şey qələbə
üçün idi.
Qadınlar da silahlanmışdı...
Azərbaycan qadını da
döyüşürdü. 10 min nəfərdən çox
azərbaycanlı qızı birbaşa odlu cəbhələrdə
idi. Kimisi əlinə silah götürmüşdü, kimisi
şəfqət bacısı kimi igidlərin
döyüşlərdə aldığı yaralara məlhəm
qoyurdu, onları yenidən həyata qaytarırdı. Ziba Qəniyeva,
Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova və
başqa Azərbaycan qızlarının adı İkinci
Dünya müharibəsinin ən fəal
iştirakçıları sırasında çəkilir.
Oğlunu,
qardaşını, həyat yoldaşını müharibəyə
yola salan qadınlar isə arxa cəbhədə var qüvvələri
ilə çalışırdılar. Gözü yolda,
qulağı səsdə olan anaların gecəsi-gündüzü
yox idi. Soyuq səngərdə, qanlı döyüşlərdə
olan övladlarını bir an belə yaddan çıxara
bilmirdilər. Deyirlər, nənəm Gülgəz xanım
oğlunu müharibəyə yola saldığı gündən
döşəyi kənara atıb quru döşəmənin
üstündə yatarmış. Müharibəyə ən əziz
varlığını göndərmiş Azərbaycan
qadını cəbhədən son tikəsini belə əsirgəmirdi.
"Biz cəbhəyə gedənləri
istehsalatda əvəz etməyə hazırıq. Nə qədər
ki bizim atalarımız, oğullarımız və ərlərimiz
vətəni faşist işğalçılarından
müdafiə edir, bir dənə də olsun dəzgah və
quyu boş dayanmayacaqdır". İyunun 22-də
Bülbülə qəsəbəsindəki evdar qadınlar
mitinq keçirərək belə demişdilər.
Əslində bu,
bütün Azərbaycan qadınlarının qərarı
idi. Cəmi bircə həftə ərzində, yəni iyunun
30-na qədər yalnız neft sənayesində işləməyə
979 evdar qadın gəlmişdi. Oktyabr ayında 26 Bakı
komissarı adına neft mədənlərində artıq
1800-dən çox qadın çalışırdı.
1942-ci ilin yayında neft sənayesində işləyən
qadınların sayı 25 minə çatırdı. Bu da həmin
sahədə çalışan fəhlələrin 33 faizinə
bərabər idi.
Kəndlərdə də
qız-gəlinlər tarlalarda sübh tezdən qaş qaralana
qədər çalışırdı. Yüzlərlə
qadın həmin vaxta qədər cəsarət etmədiyi
işin qulpundan yapışmışdı - kənd təsərrüfatı
maşınlarının sükanı arxasına keçərək
onları idarə etməyi öyrənmişdi. Müharibə
başlanandan cəmi bir ay sonra respublikanın tarlalarında 5
mindən çox qadın traktorçu, kombaynçı və
sürücü kimi çalışırdı. 1942-ci ilin
birinci yarısında əlavə olaraq 3 min qadına
traktorçu peşəsinin sirləri öyrədildi.
Ümumiyyətlə, 1941-1942-ci illərdə Azərbaycanda
mexanizator peşəsinə yiyələnmiş 10 min nəfərin
yarıdan çoxu qadın idi.
Müharibə illərində
müəssisələrdə və kolxozlarda işləyənlərin
təxminən 70 faizini qadınlar təşkil edirdi. 1941-1945-ci
illər müharibəsi xalqımızın fədakarlığının,
şücaətinin, qəhrəmanlığının daha
bir sübutu oldu.
İkinci
Dünya müharibəsinin və bu savaşı
qızışdıranların aqibəti hamıya
yaxşı məlumdur. Bu gün Azərbaycanın təcavüzkar
Ermənistan tərəfindən cəlb olunduğu müharibə
hələ sona çatmayıb. Şübhə etmirik ki,
torpaqlarımıza həyasızcasına sahib çıxmaq
istəyənləri də belə bir aqibət gözləyir.
Özgə xalqın torpağında hökmranlıq etmək
mümkün deyil. O cümlədən, tarix boyu qəhrəman
övladları, yurdu-yuvası uğrunda canını fəda
edən oğulları ilə tanınmış Azərbaycan
xalqının torpağında.
İ.Əliyeva
Azərbaycan.- 2011.-7 may.- S. 11.