1941-1945-ci illər müharibəsi
iştirakçılarına birdəfəlik maddi
yardımın çatdırılmasına başlanıb
Azərbaycan Prezidenti İlham Əliyevin 3 may 2011-ci il tarixli "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təlitif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdır.
Artıq sərəncamda nəzərdə tutulmuş 8,7 milyon manat məbləğində vəsait Maliyyə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülüb. Hazırda fond birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərin hesablarına köçürür və proses bu həftənin sonuna kimi tam yekunlaşacaq.
Sərəncam təxminən 32400 nəfərdən artıq şəxsə şamil olunacaq. Onların 3400 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstəriləcək. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad müharibəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 min nəfərdən artıqdır.
Xəbəri yayan DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun məlumatında həmçinin qeyd olunur ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə Azərbaycan MDB ölkələri içərisində ilk yerdədir.
Azərbaycan.- 2011.-7 may.- S. 11.