İsveçrənin Xarici
İşlər Federal Departamenti Azərbaycan səfirliyinin
etiraz notasına cavab vermişdir
İsveçrənin Xarici İşlər Federal Departamenti Azərbaycan səfirliyinin etiraz notasına cavab vermişdir.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, aprelin 29-da Cenevrədə 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisinin açılış mərasimində Ermənistana aid stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materiallar nümayiş etdirilmişdir. Bununla əlaqədar səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Federal Departamentinə göndərilmiş etiraz notasına cavab verilmişdir. Cavab notasında sərgidə ermənilər tərəfindən təhrif olunmuş materialların nümayiş etdirilməsinin təəssüf doğurduğu bildirilir.
Federal Departamentin cavab notasında materiallara görə stend sahiblərinin məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu halda mümkün ola biləcəyi qeyd edilmişdir. Məsələ ilə bağlı sərginin təşkilatçıları Federal Departament tərəfindən məlumatlandırılmışdır. Sərginin təşkilatçıları erməni stend sahiblərini inandırmaq üçün əllərindən gələni etmişlər.
Məktubda
vurğulanmışdır ki, sərgidə ermənilər tərəfindən
təhrif olunmuş materialların nümayiş etdirilməsi
Azərbaycan Respublikasının işğal edilmiş
Dağlıq Qarabağ regionu və ətraf rayonları ilə
bağlı İsveçrə hökumətinin mövqeyi ilə
ziddiyyət təşkil edir. Xüsusi qeyd olunmuşdur ki,
Federal Departamentinin rəsmi internet səhifəsində
İsveçrə Konfederasiyasının vətəndaşlarına
Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ regionuna və ətraf rayonlara səfər etməmək
tövsiyə edilmişdir.
Azərbaycan.- 2011.- 7 may.- S. 11.