Prezident İlham Əliyevin yekun
nitqi
- Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə, əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir.
Böyük işlər görülübdür. İndi qazlaşdırma prosesi gedir. Elektrik enerjisi ilə təchizat, demək olar ki, öz həllini tapmışdır. Bütün rayonlarda, kəndlərdə qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər mənim tərəfimdən verilən tapşırığa uyğun olaraq, əksər kəndlərdə bütün qazlaşdırma işləri başa çatmalıdır. O ki qaldı Qarabağ zonasına, burada hesab edirəm ki, yüz faiz qazlaşdırma təmin edilməlidir və bu istiqamətdə işlər gedir.
İçməli su və kanalizasiya problemləri ənənəvi olaraq bizi, necə deyərlər, həmişə incidir, üzür. Çünki kanalizasiya xətlərinin olmaması, içməli suyun lazımi səviyyədə verilməməsi xüsusilə kənd yerlərində ən ciddi problemdir. Bu məsələnin həlli üçün ölkə miqyasında konkret proqramlar icra edilir. Çalışacağıq ki, 2013-cü ilin sonuna qədər bu məsələ də tam şəkildə öz həllini tapsın. Düzdür, burada çox böyük investisiyalar nəzərdə tutulur və texniki çətinliklər vardır. Ancaq müvafiq tapşırıqlar verilib və yenə də deyirəm, çalışacağıq ki, regional proqramın icrası, eyni zamanda, bu məsələləri ehtiva etsin. 2013-cü ilə qədər maksimum nə mümkündürsə etməliyik.
Kənd yollarının çəkilişi prosesi daha da sürətlə gedir. Dünən və bu gün 4 rayonda yeni kənd yollarının açılışlarını etdik və bu proses davam etdirilməlidir. Nəinki bu bölgədə, bütün rayonlarda. Əlavə vəsait ayrılır və kənd yollarının tikintisi həm sosial, həm iqtisadi cəhətdən çox vacib olan məsələlərdir. Bu məsələyə həm bu ilin büdcəsində əlavə vəsait nəzərdə tutulub və gələn ilin büdcəsində də mütləq kənd yollarının tikintisinə daha da böyük diqqət göstərilməlidir.
Prezident Administrasiyasına göstəriş verilib, yerlərdən bütün təklifləri almısınız. O təkliflər mənə verilibdir. O təkliflər əsasında Prezidentin ehtiyat fondundan bu yollara - Sabirabad, Saatlı, İmişli, Ağcabədi rayonlarında kənd yollarına vəsait ayrıldı. Bu, ən vacib yollar idi. Misal üçün, Sabirabad rayonunda 68 kilometr, Ağcabədidə 24 kilometr, Saatlıda, İmişlidə 27 kilometr yollar böyük kəndləri birləşdirən yollardır. Ancaq belə təkliflər hər bir rayondan gəlir. Ona görə onları həm bu ilin, həm xüsusilə gələn ilin proqramına salaq ki, biz kənd yollarını maksimum dərəcədə bərpa edək. Özü də biz bu yolları yüksək səviyyədə tikirik. Vaxtilə yollar hamısı torpaq yollar olmuşdur. Heç asfalt vurulmamışdı. İndi gözəl asfalt yollardır. Bu da kəndlərin inkişafına çox böyük təkan verəcəkdir.
Keçən il subasmaya məruz qalmış kəndlərdə bərpa işləri gedir. Böyük işlər görülübdür. Ancaq görüləsi işlər hələ də çoxdur. Dünən Qasımbəyli kəndində olarkən orada yeni məktəbin açılışında iştirak etmişdim. Orada yeni evlər tikilib. Nəinki Sabirabadda, bütün başqa bölgələrdə işlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq gərək bütün kəndlərə diqqət göstərilsin.
Qasımbəylidən qayıdarkən gördüm ki, qonşu kəndin sakinləri yolda durmuşlar, məni gözləyirlər. Mən maşını saxladım, çıxdım soruşdum nədir məsələ? Deyirlər ki, onların kəndində - Əsgərbəyli kəndində işlər ləng gedir. Bir kənddə işlər sürətlə gedir, digər kənddə isə o qədər də sürətlə getmir. Mənim proqramımda Qasımbəyli kəndi nəzərdə tutulmuşdu. Yəqin ona görə ki, orada işlər daha da yaxşı gedir. Amma onun böyründə yerləşən Əsgərbəyli kəndinə getməsəydim, bilməyəcəkdim ki, orada vəziyyət necədir. Ona görə belə məsələlərə də diqqət göstərilməlidir.
Mən başa düşürəm ki, işin həcmi çox böyükdür. Gördüyümüz işlər həddindən artıq çox təsirlidir. Biz öz hesabımıza qısa müddətdə - bir neçə ay ərzində işlərin böyük əksəriyyətini görə bilmişik. Dövlət hesabına minlərlə ev, məktəb, sosial obyekt tikilib. 70 min hektar torpaq su altında qalmışdı. Bir neçə min ev tamamilə uçub dağılmışdı. Minlərlə ev qəzalı vəziyyətə düşmüşdü. İndi vaxt keçdikcə biz bu məsələyə yenidən baxmalıyıq. Vaxtilə qəzalı ev kimi qeydiyyata alınmayan evlər sonra qəzalı vəziyyətə düşdü. Yəni yenidən təftiş aparılmalıdır və qış gələnə qədər əlavə tədbirlər görülməlidir ki, bu evlər bərpa olunsun, zərərçəkmiş bütün insanlar diqqət-qayğı görsünlər.
Ancaq yenə də deyə bilərəm ki, böyük işlər görüldü. Həm bəndbərkitmə işləri, həm evlərin tikintisi, yolların çəkilişi. Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərmişdir. Həm subasmaya məruz qalmış kəndlərdə yaşayan insanlar, həm xilasedicilər, bütün dövlət qurumları çox gözəl işlədilər və çətin vəziyyətdə olan soydaşlarımıza kömək göstərildi.
İnfrastruktur layihələrinin içində suvarma və meliorasiya məsələləri xüsusi məna daşıyır. Əgər biz kənd təsərrüfatımızı bundan sonra da inkişaf etdirmək istəyiriksə və biz bunu mütləq istəyirik, bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. İndi ölkəmizdə böyük layihələr icra edilir. O layihələrin icrası nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni torpaq sahələri suvarılacaqdır. Şəmkirçay, Taxtakörpü su anbarları tikilir, digər layihələr vardır. Kanallar tikilməlidir, Samur-Abşeron su kanalı tikilir. Yəni bütün bu layihələr böyük investisiyalar tələb edir. Ora yüz milyonlarla manat investisiya qoyulur ki, kənd təsərrüfatının inkişafına təkan verilsin.
Yeni torpaq sahələrinin dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artacaqdır. Ancaq bununla bərabər, biz dəfələrlə bu barədə danışmışıq, kənd təsərrüfatının inkişafı intensiv xarakter daşımalıdır. Burada ən müasir texnologiyalar tətbiq olunmalıdır. Biz aqrar elmi bu işlərə cəlb etməliyik. Bu yaxınlarda Elmlər Akademiyasında keçirilən illik yığıncağında da bu barədə fikir mübadiləsi aparıldı. Ondan sonra mənim sərəncamımla xüsusi komissiya yarandı. Baş nazirin rəhbərliyi ilə komissiya yarandı və ümid edirəm ki, komissiya yaxın zamanlarda konkret təkliflər verəcəkdir. Aqrar elmin lazımi səviyyəyə qaldırılmasına böyük ehtiyac vardır.
İndi bizdə
bir neçə aqraryönümlü institut fəaliyyət
göstərir. O
institutların fəaliyyəti daha da təsirli
olmalıdır. Onların buraxdığı məhsul daha da
keyfiyyətli olmalıdır və institutların işini təkmilləşdirmək
üçün konkret təkliflər verilməlidir. Bu təkliflər
nədən ibarət olacaq, onu siz müəyyən edəcəksiniz
- təklif verəcəksiniz, baxacağıq. Biz doğrudan da
aqrar elminə daha da böyük diqqət göstərməliyik.
Bu sahəyə kifayət qədər lazımi səviyyədə
diqqət göstərilməmişdir. Ancaq indi vaxt
çatıb və biz aqrar elmin inkişafı və mütərəqqi
texnologiyaların Azərbaycana gətirilməsi sahəsində
böyük dönüşə nail ola bilərik. Xüsusilə
indi həm texnika, həm ən gözəl cins mal-qara
alınır. Amma onların saxlanması, onlar
üçün şəraitin yaradılması, bütün
ətraf infrastruktur əgər lazımi səviyyədə
olmasa, istədiyimiz nəticəni verməyəcəkdir. Ona
görə bütün bu məsələlərə kompleks
şəkildə baxılmalıdır. Xarici
aqraryönümlü elmi tədqiqat mərkəzləri ilə
əlaqələr daha da ciddi olmalıdır. Biz bu işlərə
xarici mütəxəssisləri də cəlb etməliyik.
Çünki biz bilməliyik dünyada nələr baş
verir, hansı ölkədə, inkişaf etmiş ölkələrdə
bu məsələlər necə həll olunur?! Onların təcrübəsini
tətbiq etməliyik, əlbəttə ki, daxili şəraitə
də uyğunlaşdırmalıyıq.
Ona görə bu məsələlər
- suvarma, meliorasiya və aqrar elmin inkişafı ilə
bağlı məsələlər xüsusi məna
daşıyır. Suvarma və meliorasiya məsələlərini
biz dövlət investisiyaları hesabına həll edəcəyik.
Buna böyük ehtiyac vardır. Əlavə təkliflər
verilməlidir. Biz əkin sahələrinin həcmini
artırmalıyıq. Dünən İmişli şəkər
zavodunda olarkən, - bildiyiniz kimi, orada yeni müəssisələr
fəaliyyətə başlayır, - məsələ
qaldırıldı ki, zavodun fəaliyyətinin 12 faizi daxili
istehsal hesabına təşkil olunur. Bu da müsbət
haldır. Çünki zavod fəaliyyətə başlamazdan
əvvəl, ümumiyyətlə, bizdə çuğundur
çox az əkilirdi. İndi müxtəlif bölgələrdə,
rayonlarda çuğundur istehsal olunur və emala gətirilir.
Ancaq biz bilirik ki, başqa ölkələrdə şəkər
zavodları öz işlərini daha çox yerli xammal üzərində
qurur. Hesab edirəm ki, 12 faiz azdır. Ona görə 12 faizdən
çox qalxmır ki, münbit torpaq azdır. Ona görə nəinki
çuğundurla, bütün başqa sahələrlə
bağlı suvarma işləri aparılmalıdır.
İndi biz iri taxılçılıq fermer təsərrüfatlarını
yaradacağıq. O yerlər də müəyyən edilib. Nə
qədər müəyyən edilib?
İsmət ABASOV: İlkin mərhələdə 100 min hektar. Amma
geniş proqramda 200 min hektar nəzərdə tutulubdur.
Prezident İlham ƏLİYEV: 200 min. Bu sahələr
artıq müəyyən edilib?
İsmət ABASOV: 100 min hektarı, bəli. Hazırda Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi tərəfindən
torpaqların keyfiyyəti araşdırılır ki, həmin
torpaqlarda nə işlər görülməlidir və yaxud
da onların bugünkü vəziyyəti necədir, gələcəkdə
orada hansı kənd təsərrüfatı bitkilərini əkmək
mümkündür? Ondan sonra meliorativ işlərlə də
məşğul olunacaq, sonra məhsul istehsalına
başlanılacaqdır.
Prezident İlham ƏLİYEV: Yaxşı, əyləş.
Amma 100 min və 200 min əlavə hektarın dövriyyəyə
buraxılması əlavə vəsait tələb edəcəkdir.
İndi əlavə texnika, gübrələr
alınmalıdır. Hər şey hesablanmalıdır. Yəni
biz hazır olmalıyıq. Biz bu məsələyə
çox ciddi yanaşmalıyıq və kompleks tədbirlər
görülməlidir ki, doğrudan da bu işin nəticəsi
bizim maraqlarımıza uyğun olsun.
Bununla bərabər, kəndlərdə
sosial infrastrukturun yaradılması işinə daha da
böyük diqqət göstərilməlidir. İndi
bütün rayonlarda müasir xəstəxanalar, idman
qurğuları, mədəniyyət ocaqları, məktəblər
tikilir. Bu proses geniş vüsət almışdır.
Növbəti illərdə
bu məsələyə daha da böyük diqqət göstərilməlidir.
Qəzalı vəziyyətdə olan bütün məktəblər
təmir olunmalıdır. Onların siyahısı vardır.
Təhsil Nazirliyinə, Prezident Administrasiyasına göstəriş
verilmişdir. Yerli icra orqanları da siyahılar tərtib ediblər,
göndəriblər. Dövlət investisiya proqramında həm
bu il, həm gələn il bu məsələlər öz əksini
tapacaqdır. O cümlədən Bakıda və Bakıətrafı
qəsəbələrdə də qəzalı vəziyyətdə
məktəblər, əfsuslar olsun ki, vardır. Məktəblərin
təmiri 2013-cü ilin sonuna qədər başa
çatmalıdır. Çalışmalıyıq ki,
bütövlükdə məktəblərlə, məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı məsələləri də regional proqramın
başa çatması ilə əlaqələndirək və
2013-cü ilin sonuna qədər bu məsələ də
öz həllini tapsın.
Həm bu bölgədə,
həm digər bölgələrdə indi kifayət qədər
taxıl anbarları tikilib. Əlavə taxıl
anbarlarının tikintisinə sanki ehtiyac yoxdur. Siz bu məqsədlər
üçün vəsait nəzərdə tutmursunuz daha,
yoxsa yenə də ehtiyac vardır?
Şirzad ABDULLAYEV: Əgər sahibkarların təşəbbüsü
olacaqsa, cənab Prezident, bu layihənin maliyyələşdirilməsi
məsələsinə baxılacaqdır. Amma bu gün
respublikanın əsasən taxıl anbarları kompleksləri
ilə təmin olunması mümkündür. Çünki
bu gün respublikada bir milyon tona qədər tutumu olan,
müasir tələblərə cavab verən taxıl
anbarları kompleksləri artıq fəaliyyətdədir.
Prezident İlham ƏLİYEV: Amma nəzərə alsaq ki,
bizdə taxılın istehsalı artacaq, onda bəlkə də
müəyyən mərhələdə yenə də tikmək
lazım olacaqdır.
İsmət ABASOV: Hazırda, cənab Prezident, mövcud layihələr
hesabına təxminən 267 min ton tutumu olan taxıl
anbarları vardır. Bundan başqa, nəzərə alsaq ki,
Fövqəladə Hallar Nazirliyi tərəfindən də bu
tədbirlər həyata keçirilmişdir, mən
düşünürəm ki, bu gün üçün hələlik
kifayət edər. Amma gələcəkdə ehtiyac olarsa,
yenidən bu məsələyə İqtisadi İnkişaf
Nazirliyi ilə birlikdə baxmaq olar.
Prezident İlham ƏLİYEV: Çox yaxşı, əyləş.
Biz bu məsələni qısa müddət ərzində həll
etdik. Konkret tapşırıqlar verildi, vəsait
ayrıldı və bu məsələni həll etdik. İndi
soyuducu anbarların tikintisi də davam edir. Orada da böyük
işlər görülür. Ancaq hələ ki, işlər
görülməlidir. Buna ehtiyac vardır. Yəqin ki, indi siz
də investisiya proqramında bunu nəzərdə
tutacaqsınız.
"Aqrolizinq"lə
bağlı məsələlər öz həllini tapır.
Bir neçə il bundan əvvəl biz "Aqrolizinq"i
yaratdıq. Dünən "Aqroservis" bazasında olarkən
yeni texnika ilə
İsmət ABASOV: Cənab Prezident, rayonlarda "Aqroservis"
filiallarının yaradılması Sizin təşəbbüsünüzlə
oldu. Yəni o vaxt Siz dəstək verməsəydiniz bu,
yaranmayacaqdı. Filiallar Sizin təklifiniz və
razılığınızla yaradıldı. Yoxsa deyirdilər
ki, bu texnikalar yalnız lizinqə verilsin. Amma nəzərə
alsaq ki, kombayn mövsümdə bir ay yarım işləyir,
fermerlərin böyük vəsait hesabına bu texnikanı
almalarına lüzum yoxdur.
Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxtilə
"Aqrolizinq"i yaradanda da müxtəlif fikirlər var idi.
Ancaq mən hesab edirəm və həyat bunu göstərdi ki,
bu, ən düzgün addım idi. İndi bəzi fikirlər
var ki, "Aqroservis"lər sovet dövründən qalan
mirasdır. Amma sovet dövründə də axı müsbət
hallar, müsbət təşəbbüslər kifayət qədər
idi. Məhz sovet dövründə Azərbaycanda 2 milyon ton
üzüm, 1 milyon ton pambıq istehsal olunurdu. Bunlar Heydər Əliyevin
fəaliyyətinin nəticəsi idi. O, hakimiyyətə gələndə
Azərbaycanda pambıq istehsalı 150 min tonu keçmirdi.
İsmət ABASOV: 150 min ton pambıq, 264 min ton üzüm istehsal olunurdu.
Prezident İlham ƏLİYEV: Bəli, pambıq istehsalı
bir milyon tona, üzüm isə 2 milyon tona çatdı.
İsmət ABASOV: Təkcə Cəlilabad rayonu 260 min tondan yuxarı
üzüm istehsal edirdi ki, bu da Ermənistanın bütün
üzümündən daha çox idi.
Prezident İlham ƏLİYEV: Bəli, ona görə biz
müsbət təcrübəni tətbiq etməliyik.
Xüsusilə nəzərə alsaq ki,
üzümçülüklə bağlı verdiyim
tapşırıqlar indi icra olunur və olunmalıdır, biz
geniş proqram qəbul etməliyik. Bilirəm ki, bu məsələ
ilə bağlı da fikir ayrılığı vardır. Bəzi
fikirlər var ki, biz o əkin sahələrini daha çox ərzaq
təhlükəsizliyinin təmin edilməsi
üçün, taxılçılıq üçün
saxlayaq. Əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələləri
çox vacibdir və biz bu məsələlərə
böyük diqqət göstəririk. Amma biz hamımız
yaxşı bilirik ki, üzümçülüyün
inkişafı hesabına 1970-ci illərdə on minlərlə
kəndli pul qazandı, ev tikdi, maşın aldı. Yəni
öz güzəranını yaxşılaşdırdı.
Ona görə üzümçülüyün
inkişafına diqqət verilir və verilməlidir. Bir
neçə gün bundan əvvəl Azər arayış
yazıb mənə göndərdi. Mən onu göndərdim
İqtisadi İnkişaf Nazirliyinə. Birgə baxın - Kənd
Təsərrüfatı Nazirliyi, Administrasiya, İqtisadi
İnkişaf Nazirliyi. Hesab edirəm ki, geniş proqramın qəbul
olunmasına da ehtiyac vardır.
İsmət ABASOV: Üzümçülüyün inkişaf etdirilməsi
əlbəttə, Sizin dediyiniz kimi, həyata keçiriləcəkdir.
Söylədiyiniz kimi, ərzaq təhlükəsizliyinin təmin
edilməsinə, məhsuldarlığın
artırılmasına daha çox diqqət yetirilməlidir.
Biz mütəxəssislər düşünürük ki,
suvarılan sahələri olan fermerlər yaxşı
olardı ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi
ilə məşğul olsunlar.
Prezident İlham ƏLİYEV: Yəni
taxılçılıqla.
İsmət ABASOV: Bəli, taxılçılıqla. Amma dəmyə
şəraitində olan sahələrdə
üzümçülüyü inkişaf etdirmək daha məqsədəuyğundur.
Biz hesablamalar aparmışıq ki, Azərbaycanda təxminən
50 min hektar üzüm bağı olsa və hektardan 100 sentner
məhsul götürülərsə, bu, 500 min ton deməkdir.
Nəzərə alsaq ki, həmin məhsul öz
bazarını tapıb satılmalıdır, ilkin mərhələdə
500 min ton Azərbaycan üçün kifayət edər.
Prezident İlham ƏLİYEV: Bəli. Amma əlbəttə
ki, bu məsələlər kompleks şəkildə öz həllini
tapmalıdır. Biz istehsalı artıra bilərik, ondan sonra
emal müəssisələri və satış məsələləri
gəlir. Satışla bağlı inanmıram ki, hər
hansı bir problem ortaya çıxsın. Çünki əvvəlki
dövrdə ənənəvi bazarlarımız olubdur və
o bazarlara çıxmaq üçün hesab edirəm ki, bizdə
imkanlar vardır.
Yenə də deyirəm, biz
bu məsələyə kompleks şəkildə
baxmalıyıq - istehsaldan satışa qədər. Biz gərək
bu zənciri müəyyən edək və siz də bunun
üzərində işləyin. Orada nə qədər
dövlət vəsaiti olmalıdır. Dövlət vəsaitini
illər üzrə bölün. Biz bilməliyik, texnika almaq,
fermerləri stimullaşdırmaq üçün nə qədər
vəsait lazımdır. Çünki bu sahə bir az unudulub.
İsmət ABASOV: Ötən il 130 min ton üzüm istehsal olunmuşdur.
Amma, cənab Prezident, nəzərə almaq lazımdır ki,
ölkədə təkcə sənaye üçün
üzümün istehsalı deyil, eyni zamanda, süfrə
üzümünə çox böyük ehtiyac vardır.
Süfrə üzümünün qeyri-mövsümdə
satılması üçün soyuducu kameralar tikilir. Bundan
başqa, süfrə üzümünün emal edilərək
kişmiş və digər formada satılması da
iqtisadiyyatımıza çox böyük müsbət təsir
göstərər.
Prezident İlham ƏLİYEV: Mütləq buna da fikir verilməlidir.
İndi bəzi hallarda süfrə üzümü Azərbaycana
idxal edilir.
Bizim
üstünlüyümüz ondadır ki, ölkədə
istehsal olunan kənd təsərrüfatı məhsullarının
hamısı təbiidir. Orqanik deyirlər bunlara. Yaxşı
bilirsiniz ki, xaricdə orqanik, yəni təbii məhsullar daha
da baha qiymətə satılır. Biz bu təbiiliyi
saxlamalıyıq. Ona görə bu məsələyə
çox ciddi diqqət verilməlidir. Bu, həm iqtisadi
inkişaf, həm də insanların, fermerlərin sosial məsələlərinin
həlli baxımından çox vacibdir. Biz bu ənənəni
bərpa etməliyik. Vaxtilə bizim üzüm
bağlarımızı sovet hökuməti məhv edib. Azərbaycana,
azərbaycanlılara qarşı qərəzli münasibət
bunda da özünü göstəribdir. O vaxt digər
respublikalarda da üzüm istehsal olunurdu - Ukraynada, Moldovada, Ermənistanda,
Gürcüstanda. Orada, nədənsə, üzüm
bağları məhv edilməmişdir. Amma mərkəzi
hökumət və onların buradakı xidmətçiləri
canfəşanlıqla bütün üzüm
bağlarını məhv etdilər, insanları çörəksiz
qoydular. Biz bu sahəni bərpa etməliyik.
Beləliklə, kənd təsərrüfatının
inkişafı ilə bağlı bütün məsələlərə,
bir daha demək istəyirəm ki, kompleks şəkildə
baxılmalıdır, onlar həllini tapmalıdır. Biz bu məsələlərlə
bağlı vaxtaşırı görüşürük.
Sahibkarlarla görüşlərimdə də əsas diqqət
kənd təsərrüfatının inkişafına yönəldilir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əsas
vəsait kənd təsərrüfatının emal sənayesinin
inkişafına gedir. Yəni bu sahə daim diqqət mərkəzindədir
və bütün dövlət qurumları - Prezident
Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadi
İnkişaf nazirlikləri, Fond, yerli icra orqanları öz
işini əlaqəli şəkildə qurmalıdırlar ki,
ölkəmizin bu istiqamətdəki siyasəti daha da təsirli
və məqsədyönlü olsun.
Bütövlükdə Azərbaycanda
kənd təsərrüfatının, sahibkarlığın
inkişafı sahəsində böyük uğurlar,
böyük nəticələr vardır və bu gözəl
süd kombinatı da bunun bariz nümunəsidir. Nəinki
qonşuluqda, hətta Şərqi Avropada da buna bənzər
gözəl kompleks yoxdur. Mən istəyirəm ki, belə
gözəl komplekslərin sayı çox olsun.
Sizə uğurlar və yeni
nailiyyətlər arzulayıram.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.- 8 may.- S. 2, 3.