Azərbaycan ordusu qısa vaxt ərzində
qarşısına qoyulan vəzifəni yerinə yetirməyə
qadirdir
Azərbaycanın hərbi qanunvericilik bazası gücləndiriləcəkdir. AzərTAc xəbər verir ki, bu barədə Milli Məclis Sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində məlumat vermişdir.
Z.Əsgərov bildirmişdir ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı normativ-hüquqi sənədlərin monitorinqi aparılır. Prezident Administrasiyasının, Milli Məclisin və Müdafiə Nazirliyinin ekspertləri bununla bağlı ciddi işləyirlər. Bu sənədlər hazır olduqdan sonra, Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.
Komitə sədri demişdir ki, hərbi sahədə işin həcmi böyük olduğu üçün çox iş görüləcəkdir. Çünki hərbi qanunvericilik aktlarının bir hissəsi 1995-ci ilin Azərbaycan Konstitusiyası qəbul edilməmişdən əvvəl hazırlanmışdır. Təbii ki, müəyyən dövr ərzində ona dəyişikliklər olunmuşdur. Ancaq indi Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin inkişafının elə bir yüksək nöqtəsinə çatmışıq ki, bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir. Ona görə də biz bu işi tez bir zamanda yekunlaşdırmağa və Silahlı Qüvvələrin fəaliyyətinin qanunvericilik bazasını daha da möhkəmləndirməyə çalışırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri bildirmişdir ki, Azərbaycan ordusu çox qısa vaxt ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə qadirdir. Azərbaycanda "sülh danışıqları nəticə verməsə torpaqlarını hərbi yolla azad edəcək" kimi səslənən fikirlər sadəcə bir ritorika deyil, bu, reallıqdır. Bu gün Azərbaycanın həm hərbi büdcəsi, həm bütövlükdə büdcəsi, həm də Silahlı Qüvvələrin texniki hazırlığı, əsgərlərin döyüş hazırlığı deməyə imkan verir ki, biz çox qısa müddət ərzində torpaqları azad edə bilərik.
Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırmışdır ki, danışıqlar prosesinin hansısa bir nəticə verə bilməsi ilə bağlı yenə də müəyyən qədər ümidlər vardır. Lakin, Ermənistan tərəfi yenə imitasiya ilə məşğul olsa, sadəcə, danışıqlar xatirinə danışıqlara getsə və yaxud vaxtı uzatmağa cəhd göstərsə, biz öz qəti sözümüzü deyəcəyik.
Azərbaycan.- 2011.-8 may.- S. 4.