Milli təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişlər

 

Mayın 7-də general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində milli təhlükəsizlik orqanlarının xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra MTN-in əsas inzibati binasında ulu öndər Heydər Əliyevin ad günü münasibətilə qoyulmuş büstünün önündə dahi şəxsiyyətin xatirəsi anılmışdır. Nazir Eldar Mahmudov abidənin müəllifi, tanınmış heykəltəraş, xalq rəssamı Fuad Salayevə şəxsi heyətin adından təşəkkürünü çatdırmışdır.

Daha sonra MTN-in Heydər Əliyev adına Akademiyasında təntənəli mərasim keçirilmişdir. Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar. Nazir Eldar Mahmudov kursantları salamladıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti öz xalqının taleyi ilə sıx bağlı olmuşdur. Bu müdrik insanın bütün səyləri daim milli maraqlara xidmət etmişdir. Ulu öndər inamla deyirdi: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Biz də qürurla deyirik ki, Heydər Əliyev özü Azərbaycan tarixinə günəş kimi daxil olmuşdur. Çünki onun nurlu siması Azərbaycanın müstəqillik yolunu əbədi işıqlandıracaqdır. Müasir Azərbaycanın xilaskarı və memarı olan ulu öndərin anadan olduğu günü xalqımız bayram kimi qeyd edir.

Qeyd olunmuşdur ki, ümummilli lider bütün həyatını Azərbaycan xalqına həsr etmişdir. Bu, reallıqda da öz əksini tapmışdır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, ümumən elə bir sahəsi yoxdur ki, orada onun izi, rəhbər rolu və yaradıcılıq missiyası görünməsin. Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə müstəqilliyimizin siyasi, iqtisadi və intellektual əsasını qoymuşdu. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra isə müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirmiş, onu dönməz və əbədi etmişdir. Bizim bugünkü təhlükəsizlik sisteminin və uğurlarımızın əsası da ulu öndərin peşəkarlıq irsindən və uzaqgörən tövsiyələrindən qaynaqlanır. Sabitlik və inkişaf, milli maraqlar, strateji yanaşma, qanunçuluq, səriştə və peşəkarlıq Heydər Əliyevin prioritet dövlətçilik prinsipləridir.

Bildirilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev təhlükəsizlik orqanlarında 25 ildən artıq müddətdə fəaliyyət göstərmişdir. Onun səyləri ilə xüsusi xidmət sahəsində bütöv bir peşəkar nəsil formalaşmışdır. Şəxsən həyata keçirdiyi əks-kəşfiyyat işləri barədə sənədlər bu gün də əsl əyani vəsaitdir. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası Heydər Əliyevin şərəfli adını daşıyır. Burada onun peşəkarlıq irsi öyrənilir. Ulu öndər təhsilə həmişə xüsusi önəm vermişdir. O deyirdi ki, təhsil hər bir millətin bu günü və gələcəyidir.

Azərbaycanı parçalamaqdan və xaosdan xilas etmək, sabitlik yaratmaq və inkişaf üçün ulu öndər 1994-cü ilin bu ayında atəşkəsə nail oldu. Həmin vaxt dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkədə ciddi islahatlar başlandı, "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlara baxmayaraq, erməni təcavüzünün aradan qaldırılması, ərazi bütövlüyümüz uğrunda mübarizə daim Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil etmişdir. Bu məsələ hər zaman, bu gün də bütün ictimaiyyətimiz və dövlət orqanları üçün prioritet sayılır. Prinsip və mövqe birdir. Hər zaman olduğu kimi, bu yaxınlarda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bir daha qətiyyətlə demişdir: "Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir". Fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan xətti olan milli təhlükəsizlik orqanlarının şəxsi heyəti üçün də bu prinsip istinad nöqtəsidir.

Müharibə vəziyyətində olmasına baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir və regionda lider mövqeyini qoruyub saxlayır. Azərbaycanın tərəqqisi ulu öndərin qurduğu təməllər üzərində davam etdirilir. Bizim vəzifəmiz isə bu tərəqqi, ümumən dövlətimizin daxili və xarici siyasət kursu üçün təhlükəsizlik şəraiti yaratmaqdır. Son illər Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər üzrə xeyli işlər görülüb və önəmli nəticələr əldə olunub. Nazir Eldar Mahmudov bildirmişdir ki, akademiyanın kursantları və dinləyiciləri yaradılan şəraitdən maksimum istifadə etməli, yaxşı oxumalı, çalışmalı, biliklərini genişləndirməlidirlər.

Ulu öndər Heydər Əliyev bizim üçün ikiqat doğma və örnəkdir. O, çoxşaxəli həyat yolu və əmək fəaliyyəti ilə hər bir vətəndaşa və soydaşımıza nümunədir. Onun adı bizim üçün ona görə ikiqat şərəflidir ki, həm ulu öndərimizdir, həm də bizim orqanın əzəli və əbədi rəhbəridir. O, bizlər üçün dərin peşəkarlıq irsi qoyub getmişdir. Ulu öndər Heydər Əliyevin anadan olduğu əziz bir vaxtda sizi dönmədən onun amallarına sadiq olmağa çağırıram. Təhsildə, Vətənin təhlükəsizliyi və qüdrətlənməsi naminə fəaliyyətdə ardıcıl uğurlar arzulayıram. Əminəm ki, ulu öndər Heydər Əliyevin ülvi amalları həyata keçəcək, dövlətimiz əbədi müstəqil olacaqdır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə çatacaq, torpaqlarımız işğaldan azad olacaq. Həm də inanıram ki, bütün bu işlərdə milli təhlükəsizlik orqanlarının şəxsi heyəti daim ön sıralarda olacaq, fədakarlıq və rəşadət nümunələri göstərəcəkdir.

Çıxışlar bitdikdən sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Təntənəli mərasim daha sonra akademiyanın akt zalında xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadimin, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransla davam etdirilmişdir.

Akademiyanın rəisi Ziya Yusifzadə çıxış edərək bildirmişdir ki, bizim hər birimizə azərbaycanlı olmağımızla fəxr etməyi məhz Heydər Əliyev öyrətmişdir. O, böyük qürurla deyirdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu gün bizim regionda lider olan müstəqil dövlətimiz, güclü iqtisadiyyata malik ölkəmiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev vardır. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan gündən-günə qüdrətlənir və beynəlxalq aləmdə nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Bunun sayəsində biz həm azərbaycanlı olmağımızla, həm də Azərbaycanımızla fəxr edirik.

Çıxış edən digər natiqlər bildirmişlər ki, dövlətçiliyimizin və əmin-amanlığımızın qarantı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi getdikcə daha da möhkəmlənir və milli təhlükəsizlik orqanlarının əməkdaşları bu işdə həmişə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ən yaxın köməkçiləri olacaqlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 may.- S. 5.