Azərbaycanın iqtisadi inkişaf naziri Almaniyaya səfəri çərçivəsində Bavariyada olmuşdur
Mayın 6-da Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin Mustafayevin
başçılıq etdiyi nümayəndə heyəti
Almaniyaya səfəri çərçivəsində Bavariya Əyalətinin
paytaxtı Münhen şəhərində olmuşdur.
Şahin Mustafayev Bavariya
Federal Torpağının Federal və Avropa məsələləri
üzrə dövlət naziri E.Müller ilə
görüşmüşdür. Görüşdə Bavariya
əyaləti ilə Azərbaycan Respublikası
arasındakı iqtisadi münasibətlərin hazırkı səviyyəsi,
inkişaf potensialı olan sahələr, bununla bağlı tərəflərin
üzərinə düşən vəzifələr və
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
Daha sonra Bavariya Federal
Torpağının İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat
və Texnologiyalar Nazirliyinin Azərbaycanın Almaniyadakı səfirliyi
ilə əməkdaşlıq çərçivəsində
təşkil etdiyi iqtisadi forum öz işinə
başlamışdır. Forumda çıxış edən
Şahin Mustafayev Azərbaycanın inkişaf edən
iqtisadiyyatı, Prezident İlham Əliyevin apardığı
iqtisadi kurs və ölkədə daş verən müsbət
dəyişikliklər barədə iştirakçılara məlumat
vermişdir. Bundan əlavə, Azərbaycan nümayəndə
heyətinin tərkibinə daxil olan digər məruzəçilər
- AZPROMO-nun prezidenti A.Məmmədov, Azərbaycan İnvestisiya
Şirkətinin icraçı direktoru Ə.İsayev potensial
alman investorları üçün maraqlı ola biləcək
əməkdaşlıq sahələri barədə təqdimatlar
etmişlər. Müzakirələrdə şirkətləri
maraqlandıran məsələlər, o cümlədən
birgə əməkdaşlıq imkanları müzakirə
olunmuş, ikitərəfli görüşlər
keçirilmişdir. Məhsuldar iş şəraitində
keçən forumda Bavariya əyalətini təmsil edən
25-dən artıq alman şirkətinin və 60-dan artıq Azərbaycan
şirkətinin nümayəndələri iştirak
etmişdir.
Forum çərçivəsində
Azərbaycan İnvestisiya Şirkəti və Almaniyanın
HİPP şirkəti arasında “Azərbaycanda uşaq
qidası istehsalının təşkili ilə bağlı
layihənin həyata keçirilməsi haqqında xidməti
müqavilə” imzalanmışdır. Bu layihənin
reallaşdırılması nəticəsində Azərbaycanda
ən müasir tələblərə cavab verən uşaq
qidasının istehsalı təmin olunacaq, istehsal prosesində
müasir alman texnologiyası və avadanlığı tətbiq
ediləcəkdir. Bu isə Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsinə, qeyri-neft sektorunun
inkişafına, qeyri-neft məhsullarının
ixracının artmasına töhfəsini verəcəkdir. Bu
müəssisə regionda uşaq qidası istehsal edən ilk
müəssisə olacaqdır.
Bununla yanaşı,
forumda çörəkbişirmə müəssisəsi
üçün avadanlığın alınmasına dair
“Werner & Pfleiderer Bachverfahren Technik GmbH” şirkəti
ilə Azərbaycanın “Delta Group” şirkəti
arasında müqavilə imzalanmışdır. Müqavilənin
həyata keçirilməsi Azərbaycanda ən müasir tələblərə
cavab verən çörək istehsalını təmin edəcəkdir.
Vüqar Seyidov,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2011.-8 may.- S. 5.