Azərbaycan müasirləşmə
yolu ilə sürətlə irəliləyir
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və kommunist partiyasının süqutundan sonra müstəqillik əldə etmiş digər respublikalarda olduğu kimi, Azərbaycanda da müxtəlif siyasi partiyalar və qurumlar təşəkkül tapmağa başlamışdı.
Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmüş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaradıldı.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır.
1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci il noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir.
Yeni Azərbaycan Partiyası bu vəzifələrin həyata keçirilməsini özünün siyasi strategiyasının əsas hədəfləri hesab edir və öz fəaliyyətində aşağıdakı ideoloji prinsiplərə əsaslanır:
Müstəqil dövlətçilik prinsipi: yaşadığımız tarixi dövrün reallıqları müstəqil dövlət quruculuğu prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa, səriştəliliyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı tələb edir. Yalnız güclü, qüdrətli müstəqil dövlət sayəsində xalqımızın tarixi arzularını reallaşdıra və onun taleyüklü məsələlərini həll edə bilərik. Odur ki, müstəqil, güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir.
Qanunçuluq prinsipi: hüquqi dövlət və vətəndaş cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə qollarına bölünməsini və onlar arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlərin yaradılmasını tələb edir. Sivil, demokratik dövlətin fundamental əsaslarından birini təşkil edən bu əsas prinsip ictimai praktikada reallaşdırılmadan qanunların aliliyi, idarəetmədə peşəkarlığın üstünlyü və dövlət idarəçiliyinin mükəmməlliyi təmin edilə bilməz. Çünki ictimai həyatda prinsipsizlik, sosial ədalətin pozulması, ayrı-ayrı qrupların mənafelərinin milli maraqları üstələməsi baş verər ki, bu da cəmiyyətdə nizamsızlığa, xaosa, qeyri-sivil idarəetmə formalarına gətirib çıxarar.
Yaxşı hökumət o hökumətdir ki, nəinki insanları xoşbəxt etmək istəyir, həm də buna hansı yolla nail olmağı bilir və bunu həyata keçirməyə qadirdir. Buna görə də dövlətdə Prezidentdən tutmuş adi vətəndaşa qədər hamı qanun qarşısında bərabər hüquqlara malik olmaqla ümummilli mənafeləri rəhbər tutmalı, siyasi, iqtisadi, hüquqi və ictimai normalara tabe olmalı, onlara riayət etməlidir.
Sivil cəmiyyətlərdə demokratik idarəetmə münasibətlərinin mövcudluğu vətəndaşların iqtisadi, siyasi, mədəni hüquqlarının müdafiəsində böyük rol oynayır. Dünya praktikası sübut edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətində qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara hörmət etməklə vətəndaş birliyi yaranır. Məhz bu baxımdan bizim uğrunda mübarizə apardığımız əsas amallardan biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar çərçivəsində insanların və hakimiyyət orqanlarının fəaliyyətini tənzimləməkdir. Buna görə də partiyanın ikinci əsas prinsipi qanunçuluqdur.
Azərbaycançılıq, vətənçilik prinsipi: Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz vətəni, doğma yurdu hesab edir.
Partiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunmasını hamı üçün ümumi vətən hesab olunan və xalqımızın dövlətçilik hissələrini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə bağlayır.
Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firavan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən azərbaycançılıq və vətənçilikdir.
Varislik, yaradıcı təkamül prinsipi: tarix bizə güclü, demokratik, müstəqil dövlət qurmaq, xalqımıza firavan, dinc həyat bəxş etmək, planetimizin sivil, birgəyaşayış sisteminə qatılmaq üçün geniş imkan yaratmışdır. Bundan istifadə etməmək gələcək nəsillər qarşısında bağışlanılmaz səhv olardı.
Yeni cəmiyyət quruculuğunda tarixin ibrət dərslərindən nəticə çıxarıb keçmişin obyektiv, yaradıcı-konstruktiv istiqamətdə tənqid və təhlil olunması zəruridir. Bu məsələdə nihilizmə yuvarlanaraq keçmişə nifrət hissindən çıxış etmək cəhdləri yolverilməzdir. Biz sağlam düşüncənin qüdrətinə, cəmiyyətin inkişaf qanunauyğunluqlarını nəzərə alaraq islahatların təkamül yolu ilə aparılmasının düzgün yol olduğuna inanırıq və "inqilabi dağıntılar" vasitəsilə həyata keçirilən hər bir dəyişikliyi rədd edirik.
Bununla əlaqədar partiyanın dördüncü əsas prinsipi özündə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsini və onların yaradıcı təkamül yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı təkamül prinsipinə əsaslanması həm cəmiyyətin, həm də ictimai şüurun inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin qüdrətli vasitəsinə çevrilir.
Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi: cəmiyyətimizin yeniləşməsi naminə Azərbaycan vətəndaşlarının qarşısında duran ali məqsədlərdən birini sağlam qüvvələr arasında vətəndaş həmrəyliyinə və konsensusa nail olmaq, dövlətçiliyin möhkəmləndirilməsi naminə istənilən qarşıdurmanı rədd edərək şəxsi, qrup maraqlarını aradan qaldırmaq təşkil edir.
Buna görə də partiyaınn beşinci əsas prinsipi vətəndaş həmrəyliyinə nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyə malik olan ictimai təşkilatlarla və partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməkdən, milli maraqlarımızın qorunması naminə bütün səviyyələrdə ümumi mənafeləri uyğunlaşdırmaqdan, başqa əqidədə olanlarla vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
Sosial ədalət prinsipi: insanlar eyni ağıla, zəkaya, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyillər. Hüquqi dövlətdə də hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdə bərabər şəraitdən, qanun və imkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik olan dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.
YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, idarə heyətinin üzvlərini, icra katibini və onun müavinlərini seçmişdir.
2000-ci il noyabr ayının 12-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.
Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir.
Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.
Ölkəmizdə 2002-ci ilin avqust ayının 24-də keçirilmiş referendumda Yeni Azərbaycan Partiyası Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləmiş və xalqın böyük əksəriyyətinin lehinə səsverməsi ilə respublikanın ali qanununda mühüm islahatlar aparılmışdır.
2004-cü il dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünüidarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.
2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir.
2 avqust 2008-ci ildə YAP-ın IV qurultayı keçirilmişdir. Qurultay partiyanın sədri İlham Əliyevin növbəti müddətə prezidentliyə namizədliyini irəli sürmüş və həmin ilin 15 oktyabrında keçirilən prezident seçkilərində cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Yeni Azərbaycan Partiyası 2008-ci il dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür. Azərbaycan Respublikasının Milli Məclisi YAP- ın təşəbbüsünü dəstəkləyərək dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etmiş və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir. Yeni Azərbaycan Partiyası dekabrın 31-də "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaratmış və Referendum Aktının qəbul olunması lehinə təşviqat kampaniyası aparmışdır. 18 mart 2009-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir.
Yeni Azərbaycan Partiyası 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanmış və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoymuşdur.
Geridə qoyduğumuz 2010-cu ilin ən mühüm siyasi kampaniyası, heç şübhəsiz, 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə YAP növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi.
Ümumiyyətlə, ölkədə seçkilərin demokratikliyini və şəffaflığını təmin etmək üçün hər cür şərait yaradılmışdı. "Exit poll"un keçirilməsi, 500-dən artıq məntəqədə veb-kameraların quraşdırılması bu mühüm kampaniyanın demokratik xarakterinə əlavə töhfə olmuşdur. Seçkilərin demokratikliyini təmin edən amillərdən biri də prosesin müşahidəçilər tərəfindən izlənilməsidir.
Ümumilikdə seçkiləri izləmək üçün 50 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçmişdi. Mərkəzi Seçki Komissiyasında uzun və qısamüddətli müşahidə məqsədilə mindən artıq xarici müşahidəçi akkreditə olunmuşdu ki, onlar da 19 beynəlxalq qurumu təmsil edirdi. Bura AŞPA, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB, GUAM, eyni zamanda ABŞ, Böyük Britaniya, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Belçika səfirlikləri, eləcə də Avropa Seçki Müşahidə Akademiyası daxil idi. Beynəlxalq müşahidəçilər ümumilikdə 48 ölkəni təmsil edirdilər.
Beləliklə, bütün siyasi partiya və seçki blokları üçün yaradılmış demokratik, plüralist və bərabər şərtlərdən yararlanaraq Yeni Azərbaycan Partiyası "güclü dövlət, yüksək rifah" şüarı altında bütün ölkə ərazisində Milli Məclisin deputatları və respublikanın elmi ictimaiyyətinin nümayəndələri, aparıcı QHT təmsilçiləri ilə birgə fəal təşviqat kampaniyası həyata keçirməyə başladı. Kampaniya çərçivəsində ölkənin bütün regionlarında vətəndaşlarla yüzlərlə görüş keçirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı, işsizliyin ləğvi və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsi oldu. Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı YAP-ın namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırdı.
Təşviqat kampaniyası zamanı, qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək, davamlı sosial-iqtisadi inkişafa nail olmuş, respublikamızın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan öz inkişaf xəttini müəyyənləşdirərək demokratiya yolu ilə gedir və bu sahədə böyük uğurlar qazanıb, həmçinin, insan və vətəndaş hüquqları, söz və mətbuat azadlığı təmin edilib. Ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar dövlət idarəçiliyinin çevik sistemini yaratmağa imkan vermişdir. Dövlətin bir sıra funksiyalarının vətəndaş cəmiyyətinə ötürülməsi prosesi uğurla gedir, hökumətin fəaliyyətinə ictimai nəzarət güclənir. Vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının inkişafına dövlət dəstəyi göstərilməsi üçün vacib qərarlar qəbul olunmuşdur. Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün oldu və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açdı.
Bütün ölkə ərazisini və milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyasından sonra bir daha aydın oldu ki, xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının Milli Məclisə irəli sürdüyü namizədləri dəstəkləyəcək və seçki məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafına səs verəcəkdir.
Beynəlxalq təşkilatların və dövlətlərin müşahidə missiyaları seçkilərin nəticələri ilə bağlı rəylərini açıqlayaraq, seçkinin yüksək əhvali-ruhiyyədə keçməsini, 23 siyasi partiyanın prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını və namizədlərə təbilğat-təşviqat kampaniyalarını yüksək səviyyədə həyata keçirmək üçün efir vaxtının verilməsini yüksək dəyərləndirdilər. ATƏT-in müşahidə missiyası dövlət qurumlarının ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi qeyd etmişdir. Həmçinin AŞ PA müşahidə missiyası bəyan etmişdir ki, seçkilər beynəlxalq standartlara tam uyğun keçirilib. Rəylərdə bu fikir xüsusi qeyd edilmişdir ki, seçki praktikasının ildən-ilə təkmilləşməsi seçki kampaniyalarının demokratikliyinə, şəffaflığına geniş imkanlar açır və Azərbaycan demokratik prinsiplərə sədaqətini atdığı addımlarla aydın şəkildə təsdiqləyir.
Seçkilərin nəticələrini və Azərbaycanda parlamentarizm ənənələrinin inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti, YAP sədri möhtərəm İlham Əliyev Milli Məclisin IV çağırış birinci iclasındakı çıxışında xüsusi olaraq vurğulamışdır: "Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin, bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil qaydalarla aparılmasına töhfəsini verəcəkdir".
2010-cu ilin 7 noyabr seçkiləri həm də onunla yaddaqalan oldu ki, xalqımız radikal müxalifət dairələrinə birmənalı olaraq "yox" dedi. Bu amil bir daha sübur edir ki, elektoral bazası tamamilə tükənmiş radikal müxalifət artıq Azərbaycanın siyasi arenasını tamamilə tərk etmək üzrədir. Beləliklə, Yeni Azərbaycan Partiyasının simasında xalqımız bir daha Heydər Əliyev ideyalarına səs verdi, onun əsasını qoyduğu siyasi kursun davamını - zəngin və qüdrətli Azərbaycan ideyasını qətiyyətlə dəstəklədi. Bir daha sübut olundu ki, qazanılan nailiyyətlər və uğurlar xalqımız tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin müstəqilliyinin, firavan gələcəyinin təmin olunmasına xidmət edən bu siyasətin bundan sonra da davam etdirilməsinin zəruriliyini cəmiyyətin bütün təbəqələri təsdiq edir.
Murtuz ƏLƏSGƏROV,
Yeni Azərbaycan Partiyasının
sədr müavini
Azərbaycan.- 2011.- 8 may.- S. 7.