Müstəqil Azərbaycan
dövlətinin təməl prinsipləri və müasirlik
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən ümdə vəzifələrdən biri müstəqil dövlət quruculuğunu həyata keçirmək idi. Qısa müddət ərzində dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyi faktik və hüquqi cəhətdən tanındı. Müstəqilliyimizin ilk illərində qarşıda duran tarixi missiyanı həll etmək üçün bir neçə istiqamətdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməli idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətdə olmuş qüvvələr xalqın və millətin maraqlarını ifadə edən siyasi xətti nəinki həyata keçirə bilmiş, hətta öz əməlləri ilə dövlət müstəqilliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdular. Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının böyük istəyi və tələbi nəticəsində siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət sayəsində müstəqil dövlətimizin quruculuğu istiqamətində ciddi addımlar atılmışdır.
Hər bir xalq öz inkişafının müəyyən mərhələsində taleyüklü məsələləri həll etmək üçün böyük liderə və şəxsiyyətə ehtiyac duyur. Bu baxımdan, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı böyük əhəmiyyət daşıyırdı. Müstəqilliyin bəyan edilməsi hələ qarşıda duran mürəkkəb və çətin vəzifələrin həlli demək deyildi. Əsas məsələ siyasi, iqtisadi, mənəvi, psixoloji, hərbi və s. sahələr üzrə möhkəm zəminə əsaslanan dövlət qurmaq idi.
Sovet sistemi dağıldıqdan sonra müstəqillik əldə edən respublikaların hər birində dövlət quruculuğu istiqamətində müəyyən addımlar atılırdı. Lakin Azərbaycan üçün bu prosesi mürəkkəbləşdirən amillərdən biri Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü, eyni zamanda, daxildə mövcud olan hərcmərclik idi. Müstəqil dövlət quruculuğu sahəsində bir sıra vacib qərarların qəbul olunması zəruri idi. Məlum olduğu kimi, sovet sistemi ictimai mülkiyyətə və vahid ideologiyaya söykənirdi. Bu sistemdə inzibati-amirlik idarə üsulu hökmran rol oynayırdı. Deməli, ilk öncə bazisdə əhəmiyyətli dəyişikliklər etmək zərurəti yaranmışdı.
Sovet iqtisadi sistemindən qalmış modeli yeniləşdirmək, istehsal münasibətlərini dəyişmək, insanların psixologiyasını yeni şəraitə uyğunlaşdırmaq və bu kimi məsələləri həll etmək müəyyən vaxt tələb edirdi.
1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətin ağır və şərəfli məsuliyyətini öz üzərinə götürən Heydər Əliyev bir tərəfdən Azərbaycanı bürümüş total böhranı aradan qaldırmalı, digər tərəfdən, Ermənistanın davam edən təcavüzünün qarşısını almalı, ictimai-siyasi və iqtisadi sabitliyi bərqərar etməli idi. Bu dövrdə, demək olar ki, ölkə əvvəlki iqtidarların naşı siyasətlərinin nəticəsi olaraq tam iflas vəziyyətində idi. Dövlət orqanları öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmir, qanunlar işləmir, hər yerdə insanlar arasında ümidsizlik və inamsızlıq hökm sürürdü. Belə ağır vəziyyətdə ulu öndər Heydər Əliyev ciddi və cəsarətli addımlar ataraq müasir, müstəqil Azərbaycının dövlət quruculuğunun əsaslarını yaratmağa başladı. 1993-95-ci illər arasında müstəqil dövlət quruculuğu sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi.
Dövlət quruculuğu siyasəti - inqilabi və ya təkamül yolu ilə həyata keçirilə bilərdi. Elə sahələr vardı ki, orada qəti addımlar ataraq daha tez irəliləmək lazım idi. Bu, əsasən siyasi sahələri əhatə edirdi. Müstəqil dövlət quruculuğu milli təhlükəsizlik istiqamətində vaxt itirmədən qərarların qəbul olunmasını gündəmə gətirmişdi. Qısa zaman kəsiyində ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanda dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması dövlətin daha da möhkəmlənməsinə və silahlı yolla hakimiyyətə gəlmək iddialarına birdəfəlik son qoydu. Ordu quruculuğu sahəsində mühüm işlərin görülməsi və dövlət idarəçilik sisteminin yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər səmərəli nəticələr verdi.
Müstəqil Azərbaycan dövlətinin iqtisadi modelinin yaradılması üçün böyük islahatlar aparılması, yeni qanunların qəbul edilməsi, ən başlıcası, müstəqil Azərbaycanın Konstitusiyasının işlənib hazırlanması ciddi vəzifə kimi qarşıda dayanırdı. Bu baxımdan, iqtisadi sahədə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətli rol oynamışdır. Məlumdur ki, sovetlər sistemində mülkiyyət üzərində dövlət nəzarəti, o cümlədən, torpaq üzərində də nəzarət var idi. Uzun illər Azərbaycan kəndlisi torpağa sahib olmaq istəyi ilə yaşamışdı. Sovet-kommunist rejimində torpaqların kolxoz-sovxoz təsərrüfatı adı ilə kəndlilərin əlindən alınması bu sahədə ciddi problemlər yaratmışdı. Müstəqil Azərbaycanın qarşısında dayanan ciddi islahatlardan biri torpaq islahatı idi. Tarixdən bildiyimiz kimi, torpaq islahatı ən çətin islahatlardan biridir. Aqrar islahat böyük cəsarət, qətiyyət və ardıcıllıq tələb edir. Məsələnin çətinliyinə və mürəkkəbliyinə baxmayaraq, ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə kənd təsərrüfatında islahatlar aparılması üçün qanunlar və proqram işlənib hazırlandı.
1993-cü ildən başlayaraq, Heydər Əliyevin tapşırığı ilə aqrar islahatları həyata keçirmək üçün bir sıra qanunlar - "Torpaq islahatı haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında" və digər qanunlar qəbul edilərək həyata keçirilmişdir. Bununla yanaşı, Prezident aqrar sahəni əhatə edən fərman və sərəncamlar imzalamış, fermer-kəndli təsərrüfatlarının yaradılması və idarə olunması üçün hüquqi baza yaradılmışdır. Həyata keçirilən aqrar islahat ölkənin ictimai-siyasi həyatında, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında təsirli rol oynamışdır. Aqrar sahədə aparılan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda bir çox ərzaq məhsulları ilə özünü tam təmin edir.
Müstəqil dövlət quruculuğu sahəsində qarşıda duran digər vacib bir məsələ Azərbaycanın Konstitusiyasının qəbul edilməsi idi. Bildiyimiz kimi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti öz konstitusiyasını qəbul edə bilməmişdi. Yəni 1920-ci ilin aprelində bolşevik istilasının baş verməsi və cümhuriyyətin süqutu belə bir addımı atmağa imkan verməmişdi. Sovetlərin tərkibində olduğu illərdə Azərbaycanın konstitusiyası olsa da, bu, müstəqil dövlətin konstitusiyası sayıla bilməzdi. Odur ki, müstəqil Azərbaycanın qəbul ediləcək konstitusiyası millətimizin gələcək perspektivlərini və tarixi inkişaf yolunu, eyni zamanda, siyasi-iqtisadi idarəçilik modelini tam şəkildə özündə əks etdirməli idi. Konstitusiyanın qəbulu məsələsi olduqca mühüm məsələ idi. Bütün bu nüansları nəzərə alan ulu öndər Heydər Əliyev konstitusiyanın hazırlanması üçün xüsusi komissiya - Konstitusiya komissiyası yaradılması haqqında fərman vermişdi. Həmin komissiya müəyyən müddət ərzində xalqımızın keçdiyi tarixi yolu, milli inkişaf xüsusiyyətlərimizi və eyni zamanda digər xalqların dövlət idarəçilik təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının layihəsini ümumxalq müzakirəsinə təqdim etmişdi. Ümummilli lider Heydər Əliyevin ideya rəhbəri və müəllifi olduğu bu konstitusiya 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlətimizin iqtisadi və siyasi modelini müəyyən etdi. Konstitusiyaya görə, Azərbaycan hüquqi, demokratik, dünyəvi və unitar dövlət elan edilir və hakimiyyətin bölgüsü prinsipi reallaşırdı. Müstəqil Azərbaycanın Konstitusiyası vətəndaşların hüquq və azadlıqları sahəsində böyük imkanlar yaratmaqla, mülkiyyət münasibətlərində dövlət, bələdiyyə və şəxsi mülkiyyəti toxunulmaz elan edərək, onların qorunmasına dövlət təminatını təsbit edirdi.
Müstəqil Azərbaycanın Konstitusiyasından bəhs edərkən Heydər Əliyev demişdir: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".
Müstəqil dövlətimizin Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyası Azərbaycanın gələcək inkişaf yolunu dəqiq və aydın şəkildə müəyyən edirdi. Bu məsələdən danışarkən Heydər Əliyev deyirdi: "Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var. ...Hesab edirəm ki, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd hazırlamışıq".
Müstəqil dövlət quruculuğunda mühüm məsələlərdən biri ölkənin strateji mövqeyini möhkəmlətmək, onun təbii sərvətinə tam sahib çıxaraq xalqın rifahını yüksəltməkdir. Sovet rejimi illərində Azərbaycan xalqına aid olan təbii sərvətlər keçmiş İttifaqın məqsədlərinə sərf olunurdu. Coğrafi baxımdan əlverişli regionda yerləşən Azərbaycan bundan yararlana bilmirdi. Neft və digər yeraltı-yerüstü sərvətlərə sahib olsa da, Azərbaycan xalqı bundan lazımınca öz xeyrinə istifadə edə bilmirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, yəni XX əsrin 70-80-cı illərində onun həyata keçirildiyi siyasət sayəsində Azərbaycanda bir sıra sənaye obyektlərinin tikilməsi, iqtisadi infrastrukturun yaradılması Azərbaycanın mövqelərini xeyli möhkəmlətsə də, faktiki olaraq respublika iqtisadiyyatı keçmiş İttifaqın iqtisadi sisteminin tərkibində idi. Azərbaycanın istiqlalının bərpası ilə iqtisadi sahədə müstəqil siyasəti həyata keçirmək, ölkənin təbii sərvətlərindən milli maraqlar naminə istifadə etmək imkanı yarandı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs bütün sahələri, o cümlədən Azərbaycanın öz təbii sərvətlərinə sahib olması üçün həyata keçirilən siyasəti əhatə etdi. Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, milli sərvətimizə sahib olmadan, milli iqtisadiyyatımızı yaratmadan Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edə bilmərik.
Siyasi müstəqilliyi iqtisadi müstəqilliklə möhkəmləndirmək ən mühüm vəzifələrdən biri idi. Əks təqdirdə siyasi müstəqillik formal xarakter daşıya bilərdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan yaratdı və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı - Tbilisi - Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.
Özünün təbii sərvətlərinə sahib çıxan Azərbaycan xalqı bu gün regionun lider dövləti olaraq, dünyanın 150-yə qədər ölkəsi ilə ticarət-iqtisadi əlaqələrə malikdir. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar həyata keçirilən düzgün siyasətin məntiqi nəticəsidir. İqtisadi inkişafın Azərbaycan modeli özünəməxsus xüsusiyyətlərə malik olmaqla, dünya iqtisadi sistemində istifadə olunan yenilikləri səmərəli şəkildə mənimsəyə bilmişdir. Siyasi və iqtisadi baxımdan keçid dövrünü başa vuran Azərbaycan zamanında Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçilik modelinin təməli üzərində uğurla irəli gedir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Ölkədə neft və qeyri-neft bölmələrinin inkişafı çoxşaxəli iqtisadiyyatın ahəngdar yüksəlişini təmin etmişdir. 2008-ci ildə dünyanı bürümüş maliyyə-iqtisadi böhran və onun nəticələri Azərbaycanın iqtisadi inkişaf modelinin üstünlüyünü göstərdi. Yəni Azərbaycan bu böhrandan ən az zərər çəkən ölkələrdən biridir.
Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçilik modeli bütün sahələrdə - iqtisadi, sosial, humanitar, xarici siyasət və s. özünü doğrultmuşdur. Həyata keçirilən siyasət sayəsində Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuş, ölkənin beynəlxalq enerji sahəsində yeri və rolu əhəmiyyətli dərəcədə artmışdır.
Ümummilli lider Heydər Əliyevin dövlət qurucuğulu sahəsində reallaşdırdığı siyasətdə demokratik təsisatların və vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması xüsusi yer tuturdu. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni qurulan dövlətdə insan hüquq və azadlıqlarının təmin edilməsi ümumi siyasətin tərkib hissəsi olaraq həyata keçirilirdi. Bu istiqamətdə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mühüm addımlar atılmışdır. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada vətəndaşların hüquq və azadlıqları geniş şəkildə təsbit olunmuş, söz, mətbuat və məlumat azadlığına təminat verilmişdir. Medianın azad fəaliyyəti üçün geniş imkanlar yaradılmış, senzura ləğv edilmiş, bütövlükdə bu sahədə əsaslı irəliləyişə nail olunmuşdur.
Azərbaycanda mətbuatın cəmiyyətdəki rolundan danışarkən Prezident İlham Əliyev demişdir: "...Müstəqillik əldə olunandan sonra, əlbəttə ki, azad mətbuatın formalaşması daha da sürətlə getmişdir. Ancaq mən hesab edirəm ki, bu sahədə əsaslı dönüş 1998-ci ildə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi, sözün əsl mənasında azad, müstəqil mətbuatın formalaşması, yaranması üçün həlledici rol oynamışdır".
Mətbuatın hərtərəfli inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərilmiş, bu sahəyə dəstək üçün 2003-cü ildə Mətbuat Şurası yaradılmışdır. İndi Azərbaycanda 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika televiziya kanalı fəaliyyət göstərir. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, Heydər Əliyevin dövlət quruculuğu siyasəti hər bir sahədə olduğu kimi, azad və demokratik medianın yaradılmasında da mühüm uğurlar qazanmışdır.
Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu ilə bağlı həyata keçirdiyi siyasətdə müstəqil Azərbaycan dövlətinin söykəndiyi ideoloji prinsiplərin müəyyən olunması çox əhəmiyyətli yer tutur. Müstəqil Azərbaycanın əsaslandığı dövlətçilik prinsipləri vardır. Bu prinsiplər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan dövlətinin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə ölkəmizin inkişafı üçün də başlıca mənbə rolunu oynayacaqdır. Ümummilli lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ali prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır. Bu prinsiplər içərisində ən mühüm yerlərdən birini dövlətçilik prinsipi tutur. Dövlətin mövcudluğu müəyyən sərhədlər, müəyyən iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda ənənələrə də söykənir. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə, ilk növbədə tarixdən bizə ötürülən, nəsillərlə əxz etdiyimiz, qazandığımız dövlət prinsiplərinin saxlanılması, qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar? Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir.
Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin təmin olunmasına ölkəmizdə nail oldu. Dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq. Dövlət qanuna söykənməlidir. Qanunçuluq prinsipi bir tərəfdən qanunun aliliyidir, digər tərəfdən isə zamanın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsidir. Prezident İlham Əliyev qanunçuluğun qorunmasının inkişaf üçün ən önəmli şərtlərdən biri olduğunu bildirir: "Azərbaycanda qayda-qanun var və hər bir vətəndaş qanunlara tabe olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək inkişafımız üçün ən önəmli şərtlərdən biridir". Qanunçuluq Heydər Əliyevin dövlətçiliyə, dövlətin idarə olunmasına, dövlətin təməl prinsiplərinə verdiyi ən böyük töfhələrdən biridir. Qanunçuluğa söykənən cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının qorunması başlıca yerlərdən birini tutur. Heydər Əliyevin müəyyən etdiyi qanunçuluq prinsipinin əsasları onun müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.
Heydər Əliyevin irəli sürdüyü digər bir prinsip azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, vətənə sevgi, məhəbbətdir. Azərbaycançılıq, eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideologiya ətrafında birləşməsi deməkdir. Azərbaycançılıq dövlətin möhkəmləndirilməsinə çalışmaq, ölkənin inkişafı naminə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyət göstərməsi, bu yöndə öz töhfəsini verməsi deməkdir. Azərbaycançılığı Azərbaycanda ictimai-siyasi dövriyyəyə gətirən və onun yerini praktik olaraq möhkəmləndirən Heydər Əliyevdir. Ümummilli lider çox haqlı olaraq deyirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərin əsasıdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Heydər Əliyev azərbaycançılıq dedikdə, Azərbaycan xalqının öz milli dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul etməsini və onlardan yararlanmasını nəzərdə tuturdu. Heydər Əliyev azərbaycançılıq ideologiyasının nəzəri cəhətdən elan edilməsi ilə məsələni bitmiş hesab etməmiş və azərbaycançılığın dünyada olan bütün azərbaycanlılar üçün birləşdirici bir ideologiyaya çevrilməsi üçün xeyli tədbirlər həyata keçirmişdir. Bu baxımdan dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi və burada həmin ideyanın bütün dünyada yaşayan azərbaycanlılara çatdırılması olduqca əhəmiyyətli rol oynamışdır. Bu gün azərbaycançılıq dünyada olan 50 milyon azərbaycanlını vahid ideya ətrafında birləşdirir. Bu məsələ ilə bağlı danışarkən prezident İlham Əliyev demişdir: "Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar".
Azərbaycan dövlətinin təməl prinsiplərindən biri də varislik, yaradıcı təkamül prinsipidir. Bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quruculuğunda əsas vəzifələrimizdən biri keçmişimizdən ibrət dərsi almaqla cəmiyyətimizi irəli aparmaqdır. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsidir. Bu gün dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mübadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin həllində dövlətlərin əməkdaşlığı deməkdir. Qloballaşma milli mədəniyyətlərin aradan çıxması, milli-mənəvi dəyərlərin arxa plana keçməsi demək deyil. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiya prosesinə təkan verir. Amma dünyaya qovuşmaq Azərbaycan xalqının özünəməxsusluğuna zərər vurmamalıdır.
Vətəndaş həmrəyliyi ümummilli liderin müəyyən etdiyi prinsiplərdən biridir. Vətəndaş həmrəyliyi Azərbaycan cəmiyyəti üçün olduqca vacib prinsiplərdəndir. Çünki cəmiyyətdə sabitliyə nail olmasaq, demokratik dəyərlərə söykənməsək, xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə uyğun fəaliyyətimizi həyata keçirməsək, inkişafa nail ola bilmərik. Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi xalqımızı daxildən birliyə çağıran məsələdir. Vətəndaş həmrəyliyi həm də azərbaycançılıq ideyası əsasında birləşmək deməkdir. Vətəndaş həmrəyliyinə Azərbaycanda faktiki surətdə nail olunub. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olunmuşdur. Bu, mövcud prinsiplərdən biri kimi qalmalıdır. Heç kəs vətəndaş həmrəyliyinin pozulmasına gətirib çıxaran hərəkətlərə yol verməməlidir. Vətəndaş həmrəyliyinin pozulması, vətəndaş qarşıdurmasının yaranması Azərbaycan cəmiyyəti üçün təhlükələrə gətirib çıxara bilər. Tarixi təcrübəmizdən ibrət götürməliyik. Vətəndaş sülhü Heydər Əliyevin müəyyən etdiyi mühüm bir prinsip kimi Azərbaycan vətəndaşlarının daimi nəzərindədir və gələcəkdə daha da inkişaf etdirilməlidir.
Azərbaycan dövlətinin digər bir təməl prinsipi sosial ədalətdir. Cəmiyyətdə ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə də özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda, cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə, hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü göstərir. Prezident İlham Əliyev deyir: "Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaqdır".
Cəmiyyətimizin söykəndiyi ideoloji prinsiplər sırasında respublika idarə üsulu, ölkənin idarəçiliyində xalqın iştirakı da əsas rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasında ən mühüm müddəa "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" tezisidir. Xalqın hakimiyyətin mənbəyi olması prinsipi respublika idarə üsulunun ən bariz nümunəsidir.
Ulu öndərin irəli sürdüyü əsas prinsiplər sırasında demokratiya da önəmli yerlərdən birini tutur. Demokratik dəyərlərə sədaqət Azərbaycan cəmiyyəti üçün əsas prinsiplərdən biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu həmişə xüsusi olaraq vurğulayırdı. Heydər Əliyev həmişə qeyd edirdi ki, dövlətin inkişafı milli sərvətlərlə ölçülmür. Dövlət zəngin sərvətlərə malik ola bilər. Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənməsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaq. Dövlət o zaman inkişaf edə bilir ki, demokratik dəyərlərə söykənir. Bu barədə Prezident İlham Əliyev deyib: "Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, - o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir".
Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçiridiyi siyasət uğurla davam edir. Dövlət quruculuğu prosesi daimi xarakter daşıyır. Cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən prosesə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.
Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran strateji vəzifələrdən danışarkən qeyd etmişdir ki, başlıca məqsədimiz sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Prezident deyir: "Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. ...Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirilməlidir".
Ölkə rəhbərinin dediyi bu fikirlər real həyatda öz əksini tapır. Bu gün modern Azərbaycan quruculuğu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri əsasında uğurla davam edir.
Mübariz QURBANLI,
Milli Məclisin komissiya sədri,
Azərbaycan.- 2011.- 8 may.- S. 8.