Yüksək hümanizmə əsaslanan
islahatların müəllifi
Hər bir xalqın özünütəsdiq əzmini təcəssüm etdirən siyasi irsi onu zamanın bütün sınaqlarından üzü ağ çıxararaq zəfərə, təkamülə aparır. Bəşər tarixi göstərir ki, bu siyasi irs əsasən xalqların üzdə olan rəhbərlərinin, sərkərdələrinin, görkəmli şəxsiyyətlərinin fəaliyyəti ilə formalaşır, milli inkişaf yolu müəyyənləşir, milli dövlətçilik bərqərar olur. Yəni xalqa rəhbərlik edən liderin, millətinin müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir.
Bu prizmadan yanaşdıqda, əminliklə demək olar ki, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız bir qisminə sahiblik edir. Fəqət əsrin bir qərinəsini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı kimi şanlı mərhələni əhatələyir.
Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Böyük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ulu öndər bu mərhələdən etibarən ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq "haqlı adam həmişə güclüdür" düsturunu işə salan belə xarüqəladə şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. 1995-ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstititusiyasının qəbuluna nail olan ümummilli lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir.
Ən ümumi şəkildə ifadə etsək, 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi; 32 əfv, 8 amnistiya aktının imzalanması, 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması və "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və digər mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi; üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və hakimlərin test üsulu ilə seçilməsi; 1998-ci ilin 22 fevralında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanın imzalanması; 1998-ci il iyulun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması; Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması; 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi; İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması; 2002-ci il 24 avqust tarixində Azərbaycan Respublikasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi kimi mühüm islahatlar məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatları inamla həyata keçirəcək peşəkar lider də yetişdirmişdir. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əsaslandığını söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.
Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir. İqtisadi sahədə reallaşdırılan islahatlar - azad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasi və hüquqi azadlıqların dərinləşdirilməsi, vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.
Elmi əsaslara söykənən bu siyasətin uğurları özünü məhkəmə-hüquq sistemində də qabarıq göstərir. Azərbaycan Prezidenti çıxışlarında hər zaman bildirir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrinın müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Ötən 8 ildə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, onlar üçün ən müasir tələblərə cavab verən inzibati binaların inşası, hakimlərin sosial müdafiəsi tədbirlərinin geniş vüsət alması və digər konseptual tədbirlər bunu bir daha sübut edir. Bu diqqət və qayğının nəticəsi kimi hələ 2009-cu ilin mayında Ali Məhkəmə üçün ən müasir tələblərə cavab verən möhtəşəm bina istifadəyə verilmişdir.
Uzun əsrlər boyu böyük şəxsiyyət və zaman qarşılıqlı münasibətlərinə dair siyasi və ictimai baxışlar kifayət qədər rəngarəng və fərqli olması ilə seçilmişdir. Lakin bütün bu rəngarənglik və müxtəliflikdə daxili bir bağlılıq da həmişə aydın şəkildə özünü büruzə vermişdir. Yəni insanlığın tarixi şəxsiyyəti zamansız, zamanı isə şəxsiyyətsiz qavramasının mümkünsüzlüyünün təsdiqini tapmışdır. Bu prizmadan yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bu siyasi kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev də Heydər Əliyevin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, möhtəşəm fəaliyyəti ilə yeni tarixi epoxanın əsasını qoymuşdur.
Hikmət MİRZƏYEV,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin
inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2011.- 8 may.- S. 9.