Ankarada ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş sərgi açılmışdır

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi İbrahim Çeçen Vəqfinin təşkilatçılığı ilə qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı rəssamların əsərlərindən ibarət "Dünyadan izlənimlər" adlı sərgi açılmışdır.

Sərginin açılış mərasimində Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, ictimaiyyətin nümayəndələri, Ankaranın müxtəlif universitetlərində çalışan azərbaycanlı müəllimlər, mətbuat nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək bildirmişdir ki, türk dünyasının dahi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş sərgidə 33 rəssamın əsərləri nümayiş etdirilir. Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verən "Biz bir millət, iki dövlətik" kəlamı ilə əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış ulu öndərin əziz xatirəsinin bu mədəniyyət tədbiri vasitəsilə anılması əlamətdar hadisədir.

Sərgiyə gələnlər professor Əli Əsgərov, dosent Fikrət Haşımov, Lalə İsgəndərzadə, Lətafət Məmmədova digər rəssamların müxtəlif janrlarda yaratdıqları tablolara maraqla baxmışlar.

Sərgi mayın 25-dək davam edəcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-8 may.- S. 9.