Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü Mərakeşdə
də qeyd olunmuşdur
Mayın 6-da Azərbaycanın Mərakeşdəki səfirliyində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin, Rusiya, Ukrayna və digər ölkələrin səfirlərinin və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə səfir Sabir Ağabəyov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermiş, dahi şəxsiyyətin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən danışmışdır. Respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunan siyasi sabitlikdən və iqtisadi inkişafdan söz açan diplomat bu dahi insanın Azərbaycan xalqının qəlbində daim yaşayacağını qeyd etmişdir.
S.Ağabəyov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda dahi rəhbərin həyat və fəaliyyətinə dair fotosərgi və film nümayiş etdirilmişdir.
Azərbaycan.- 2011.- 8 may.- S. 9.