AzərTAc-da ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Mayın 7-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, agentliyin birinci mərtəbəsindəki abidəsi önünə gül dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə açan AzərTAc-ın baş direktoru Aslan Aslanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən danışmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı fəlakətlərdən xilas edərək sürətli inkişaf yoluna çıxarmışdır. Ulu öndərin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğu qeyd edilmiş və bunun görkəmli liderlər tərəfindən dəfələrlə vurğulandığı diqqətə çatdırılmışdır. AzərTAc-ın baş direktoru, həmçinin ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Sonra agentliyin əməkdaşları çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışmış, onun sosial-iqtisadi, ordu quruculuğu sahələrində həyata keçirdiyi proqram və layihələri qeyd etmiş, mətbuatın inkişafına qayğısından danışmışlar. Tədbirdə bildirilmişdir ki, ulu öndərin titanik səyləri nəticəsində Azərbaycanda siyasi, iqtisadi stabillik yaranmış, uğurlu demokratik islahatlar həyata keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 8 may.- S. 9.