Leyla Əliyeva: Onun həyata qayıtmasını arzu edən təkcə mən deyildim

 

AzərTAc xəbər verir ki, "Baku" jurnalının bu ilin may-iyun aylarını əhatə edən növbəti, 23-cü nömrəsi çapdan çıxmışdır.

Jurnalın bu nömrəsində redaktor sütununda dərc edilmiş "Mövcudluq" sərlövhəli material diqqəti cəlb edir. Bu yazının müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, jurnalın baş redaktoru Leyla Əliyevadır.

Leyla xanım yazır: "Heydər Əliyev dünyasını dəyişəndə mən bu sətirləri yazmışdım: əgər göydəki ulduzlar nərdivan kimi düzülsəydi və Ay mənim baxışlarımı işıqlandırsaydı, mən həmin nərdivanla səmaya qalxar və səni geri qaytarardım".

Lakin Heydər Əliyevi həyata qaytarmaq arzusunda olan təkcə Leyla xanım deyildi, bütün Azərbaycan xalqı belə düşünürdü, ona görə ki, bu xalq inanırdı: "Heydər Əliyev başqalarının gücü çatmayan məsələləri həll etməyə qadirdir. Onun xarizmasına, intellektinə, fantastik siyasi duyumuna olan inam hissi onu bütün həyatı boyu müşayiət edirdi".

Leyla Əliyeva yazır: "Məndən ötrü o, təkcə baba deyil, həm də dost, məsləhətçi, arxamda dağ kimi dayanan bir qüvvə idi. Elə bir problem yox idi ki, Heydər Əliyev onu həll edə bilməsin. Ətrafımdakı bütün insanlar kimi mən də hələ uşaq yaşlarımdan onun gücünü hiss edir, hiss edirdim ki, bu, nə isə qeyri-adi, kosmik qüvvədir".

Məqalədə müəllifin qəlbinin dərinliklərindən gələn çox səmimi sözlər vardır. Artıq xeyli vaxtdır ki, Heydər Əliyev aramızda yoxdur, lakin hər birimiz onun mövcudluğunu hiss edirik: "Onunla əlaqənin qorunub saxlanması hissi bizim hər birimizin - onun sevdiyi insanların və onu sevən insanların daxilində dərin kök salmışdır, bu hiss bizi dəstəkləyir və irəliyə doğru hərəkət etməyimizə kömək edir".

İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman "Lider formulu" sərlövhəli məqaləsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında həm özünün, həm də sıx əməkdaşlıq etdiyi insanların səmimi xatirələrini oxucularla bölüşür: "Bu yaxınlarda otuz il bundan əvvəl Heydər Əliyevlə birlikdə Moskvada, hökumətdə işləmiş insanların onun haqqında xatirələrini eşitdim. Onlar Heydər Əliyev haqqında, sadəcə, bir qohum kimi səmimi danışmırdılar, elə bil onunla dünən ayrılmışdılar. Onların dedikləri ürəkdən gələn sözlər idi".

Bakıdakı Qara şəhər özünün 150 illiyini yeni görkəmdə qarşılayacaqdır. Nikita Aronovun "Qara üzərində ağ" adlı məqaləsi bu mövzuya həsr edilmişdir. Müəllif yazır ki, zavod korpuslarının, neft anbarlarının və mazut hopmuş torpağın əvəzinə burada postsovet məkanında ən möhtəşəm memarlıq layihələrindən biri həyata keçiriləcəkdir.

Natalya Yasnovanın məqaləsində böyük Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin Böyük teatrın səhnəsində premyerasından, bu əsərin folklor ənənələrinə əsaslanan ecazkar musiqisindən, Dmitri Şostakoviçin bu əsəri böyük şövqlə qarşılamasından bəhs edilir.

Jurnalın bu nömrəsində həyatı boyu tamaşaçıların diqqət mərkəzində olmuş, ecazkar səsi ilə bütün dünyanı valeh etmiş Tamara Sinyavskaya ilə müsahibə də dərc edilmişdir.

Bundan əlavə, jurnalda bir sıra başqa materiallara da yer ayrılmışdır.

 

 

Azərbaycan.- 2011.- 8 may.- S. 9.