Xatirəyə çevrilən ömür yolu

 

O, 1932-ci il mayın 9-da doğulmuşdu və ağlı kəsəndən sonra təsəvvürünə belə gətirməzdi ki, vaxt gələcək, həmin günü bəşəriyyət alman faşizmi üzərində qələbə günü kimi qeyd edəcək, həmin tarixi gün həmişə bayram əhvali-ruhiyyəsi doğuracaq, təqvimdə özünəməxsus məna daşıyacaq. O zaman kiçik Hamlet Hüseynovlar nəslində hərbçilər sülaləsinin əsasını qoymuş əmisi, İkinci dünya müharibəsinin qəhrəmanı, rus-fin savaşının polk komandiri, Qırmızı Bayraq ordenli polkovnik Əlinağı Hüseynovun ibrətamiz ömür yolu ilə yeniyetmə çağlarından həmişə öyünürdü. Tale elə gətirdi, sovet dönəmində o da polkovnik rütbəsinədək yüksəldi, Azərbaycanın bir sıra bölgələrində - Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etdi, respublika hərbi komissarının müavini oldu.

Salyanda "qədim məhəllə" adı ilə tanınan bir məkanda əbədi ünvan tapmışdı Hüseynovlar nəsli. Şərəflə yazılan şəcərələrində bu soykökün Şamaxı zəlzələsindən sonra Muğan tərəfə köç etdiyi ehtimal olunurdu. Polkovnik Hamlet Hüseynovun xatirələrindən: "Nəslimizi Şirvandan konkret surətdə hansı güclü zəlzələ perik salıb, heç kəs bilmir. Bunu mən atam Məşədi Əbdülhəsəndən, o da ata-babalarından öyrənib. 1942-ci ildə bizim ailə İsmayıllıya köçdü. Mən orta məktəbi zəngin, əsrarəngiz təbiətə malik İsmayıllı rayonunda bitirdim və 1950-ci ildə tərəddüd etmədən Bakı Piyada Hərbi Məktəbini seçdim. Daha sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alsam da, hərbi sahə saqqızımı oğurladı. Çünki Hüseynovların bir neçə nümayəndəsi - Qüdrət Hüseynov, İzzət Hüseynov, Məmmədhəsən Hüseynov, polkovnik Əlinağı Hüseynov və başqaları yenicə başa çatan sovet-alman müharibəsində rəşadət göstərmişdilər. Salyanda, İsmayıllıda bunu hamı bilir, nəslimizin hərbçi məharətini yüksək qiymətləndirirdilər. Bu, həm şərəf idi, həm də məsuliyyət. Və beləliklə, bu yolu sevə-sevə davam etdirdim, sələflərimə oxşamağa çalışdım".

İndi səksən yaşının astanasına çatan qocaman hərbçi Hamlet Hüseynov da ötən illərin ənənəsini pozmayıb, böyük bir məktəbin əsasını qoymaqla həm müstəqil Azərbaycanımızın hərb tarixinə, həm də nəslin şərəf kitabına adını qızıl hərflərlə yazmaqla töhfəsini verib. Hüseynovların üç övladı general rütbəsinədək yüksəlib - uzun illər respublikanın hərbi komissarı olmuş, general-leytenant, hazırda doğulduğu Salyandan Milli Məclisə deputat seçilən Əliağa Hüseynov, Fövqəladə Hallar Nazirliyi sistemində çalışan general-mayor Etibar Hamlet oğlu və general-mayor Elmar Ramiz oğlu. Ümumilikdə götürdükdə isə Hüseynovlardan və onların qohum-əqrəbasından 30-dan yuxarı rütbəli zabit çıxıb. Həmçinin tale qismətidir ki, yeganə qızı Nazlının həyat yoldaşı, fəlsəfə doktoru Süleyman Məmmədov da polkovnik rütbəsinədək yüksəlmişdir. Onlar Azərbaycan torpağına soxulan erməni hərbi birləşmələrinə qarşı mücadilədə komandirlik etmiş, döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişlər. Bu mənada polkovnik Hamlet Hüseynovun Qarabağda, ətraf sərhədyanı rayonlarda keçdiyi döyüş yolu gənclərə həqiqətən örnəkdir.

Peşəkar hərbçi kimi Hamlet Məşədi Əbdülhəsən oğlu ermənilərin təhlükəli oyun oynadığına, cığallığına, ağalarına arxayın olub qonşusuna arxa çevirdiyinə heç cür haqq qazandırmır, bu düşmənçiliyin, fitnə-fəsadın xeyir gətirməyəcəyini düşünürdü. Ən nəhayət, 1992-ci il fevralın 25-də Xocalıda törədilən misli görünməmiş faciə ehtiyatda olan zabitin səbir kasasını daşdırdı. O, həmin ilin mart ayının 2-də təqaüdçü zabitlərə, xalqımızın bütün qeyrətli oğul və qızlarına müraciət etdi: "Erməni işğalçılarının Xocalıda törətdikləri dəhşətli soyqırım düşmənlərimizin son dərəcə amansız və qəddar olduğunu bir daha dünyaya sübut etdi. İnsanlıq simasını itirmiş erməni quldurları yüzlərlə dinc sakini qırmış, qadınlara, uşaqlara, qocalara aman verməmiş, mühasirədən çıxanları və yaralıları kütləvi surətdə qırmışlar. Bu qanlı cinayəti heç vaxt düşmənə bağışlamaq olmaz. Ona görə də sizə müraciət edirəm: erməni faşistləri cəzasız qalmamalıdır!

Həmvətənlərim, ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam"...

O zaman Hamlet Məşədi Əbdülhəsən oğlunun bu vətəndaşlıq nümunəsi Azərbaycanda böyük əks-səda yaratdı. Polkovnik əyninə hərbi paltar geyindi, Müdafiə Nazirliyinə yollandı. Burada Hamlet müəllimin təşəbbüsü müsbət qarşılandı, nazirliyin 15 iyun 1992-ci il tarixli əmri ilə o, respublikanın silahlı qüvvələrinə təzədən hərbi xidmətə çağırıldı. Tezliklə Birinci Ordu Korpusu komandirinin müavini vəzifəsinə təyin olundu. Burada xeyli səmərəli fəaliyyət göstərdi, 1993-cü il aprelin 16-dan Birinci Ordu Korpusu komandirinin vəzifəsini icra etməyə başladı. Daha sonra cəbhə komandanının müavini təyin edildi. Komandirliyi dövründə döyüşən orduya ruh yüksəkliyi aşıladı, tabeliyindəki zabitlər, əsgərlər fəxrlə "harada Hamlet Hüseynovun dəst-xətti varsa, orada qələbə var, inam var", - deyirdilər.

Əlbəttə, torpaqlarımızı erməni işğalçılarından təmizləmək bir yana, milli ordunun formalaşdırılmasında təcrübəli zabitlərin fədakarlığına böyük ehtiyac duyulurdu. O vaxt əməli surətdə bu missiyanın bir hissəsini çiyninə götürən Hamlet Hüseynov hərbi məsələlərin icrasında nə qədər ciddi, nizam-intizamı sevən idisə, tabeliyində olan gənc əsgər və zabitlərin ən sevimlisinə çevrilməyi də bacarmış, ürəklərini ovsunlamışdı. Cavan hərbçilər ata-analarına söyləyə bilmədiklərini çəkinmədən polkovnikə deyirdilər. Hamlet müəllim psixoloq-komandir kimi gənclərin ürəklərini oxuyurdu...

Polkovnikin kitablara sığmayan cəbhə gündəliyindən: "Hələ sovet hakimiyyəti illərində Gədəbəy-Tovuz bölgəsində hərbi komissar işləməyim köməyimə çatdı. Həm əhalinin psixologiyasına bələd olmaq baxımından, həm də ərazini qarış-qarış tanımaq baxımından. Gədəbəy camaatı igid, cəsur, qorxmazdır. Tovuz əhalisi də eləcə. Onların qadınları da döyüş əməliyyatlarında bizə qoşulur, düşmənlə vuruşmaqdan çəkinmirdilər. Mənə o zaman baş komandanlıq tərəfindən tapşırıq verilmişdi: məşhur Başkənd əməliyyatını həyata keçirmək. Şınıxa yaxın bu böyük yaşayış məskəni strateji məntəqə idi. Hələ sovet dönəmində Mikoyan bu Azərbaycan kəndini zorla qopararaq Ermənistana peşkəş eləmişdi. 1992-ci il avqustun 8-də əməliyyat keçirdik, əvvəl Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Həmin döyüşlərdə Xudu Xuduyev, Özbəkistandan qovulmuş məhsəti türkü İsgəndər Aznaurov, polkovnik Cahangir Rüstəmov böyük qəhrəmanlıq göstərdilər. Korpus komandiri vəzifəsini tutan general Dadaş Rzayevin ağıllı rəhbərliyi danılmazdır. Biz həmin döyüşlərdə əsgər, zabit itirmədik. Lakin istəyimizə çatdıq: Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq..."

Gədəbəylilərin, eyni zamanda ətraf rayon sakinlərinin yaxşı tanıdıqları Hamlet Hüseynov ən çətin məqamlarda, ağır döyüşlərdə belə cəngavər əsgərlərimizin yanında olub. Hətta bir neçə dəfə ölümdən dönüb. Qorxmaz polkovnik Kəlbəcər əhalisinə də köməyini əsirgəməyib. Onda 1993-cü ilin yazıydı. Buna baxmayaraq, martın soyuğu adamın iliyinə işləyir, qılınc kimi kəsirdi. Murovun şaxtası insanın dilini ağzında dondururdu. Aprelin əvvəlinəcən döyüşlər səngimədi.

Yenə gündəlikdən: "Həmin ayın 2-sində həqiqətən mühasirəyə düşdük. Böyük çətinliklə aprelin 3-də Sarıdaş-Sabirkənd-Yanşaq istiqamətində meşə yolu ilə mühasirəni yarıb qurtulduq".

Bu da igid polkovnikə həsr olunmuş "Döyüş balladası" mənzum poemasından bir parca:

 

Hamlet Hüseynov kimi,

Zabitlərin var olsun.

Döyüşün, igidlərim,

Allah sizə yar olsun!

 

Onun yaddaşı bir salnamədir. İstər Böyük Vətən müharibəsi olsun, istərsə də Qarabağ müharibəsi. Qocaman polkovnikin bu savaşlara özünəməxsus, fərdi münasibətləri var. Hamlet Hüseynov deyir ki, alman-sovet qarşıdurması ötən əsrin qırxıncı illərində gözlənilirdi. Ona görə faşist Almaniyası qəflətən SSRİ-yə hücum etsə də, tezliklə nəhəng ölkədə aparılan səfərbərlik tədbirləri, adamların əksəriyyətinin könüllü surətdə vətən uğrunda qeyri-bərabər mübarizəyə atılmaları, inam, etibar sonda qələbəyə gətirib çıxardı. Ancaq Qarabağda baş verən hadisələr kökündən müəyyən iri dövlətlərin siyasi maraqlarını ifadə edir, erməniyə hamilik, tərəfkeşlik, dini təəssübkeşlik müvəqqəti məğlubiyyətimizi şərtləndirib. Bu, heç də ordumuzun acizliyi deyil. Əgər Ermənistanın arxasında duran olmasa, beynəlxalq təşkilatlar ciddi qanuni sanksiyalar tətbiq etsələr, qorxaq erməni Xankəndidən, Şuşadan baş götürüb qaçar.

Hamlet Hüseynovu hamı mətin, əqidəli, ədalətli hərbçi, Azərbaycanla daim öyünən, uğurlarına sevinən, qürurlu vətəndaş kimi tanıyır. Bu gün ünsiyyətdə olduğu adamlar da, ehtiyatda olan zabitlər, yazıçı-jurnalist dostları, adi qonum-qonşuları, sadə insanlar da ona hörmət edir. Bu onun obyektivliyindən, səmimiliyindən irəli gəlir. "Mən siyasətçi deyiləm, heç özümü onlara qatmıram da. Bu gün vətənimiz müstəqildir. Düşünürəm, o göz kordur ki, ölkəmizdə gedən çoxşaxəli quruculuq, mədəni işləri, reallaşan layihələri görmür, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili, xarici siyasət kursunu qəbul etmək istəmir. Mən bir peşəkar hərbçi kimi başımıza gələn olaylarda ölkəmizi məğlub saymıram və saymaq da istəmirəm, ordumuzun sabahına dərin inamım var, xalqımın qeyrətinə də şübhəm yoxdur. Çünki cəbhə yolu keçmişəm, böyük həqiqətlərin canlı şahidiyəm. Bilirəm ki, erməni gec-tez yerində otuzdurulacaq" - deyə bildirir.

Polkovnikin söhbət əsnasında söylədiklərindən: "1987-ci il idi. Soçidə Müdafiə Nazirliyinə məxsus sanatoriyada dincəlirdim. Bir gün səs yayıldı ki, SSRİ Nazirlər Sovetinin geniş iclası keçirilir. Məruzəçi görkəmli dövlət xadimi, Siyasi Büronun üzvü Heydər Əliyevdir, mərkəzi televiziya onun çıxışını birbaşa translyasiya edir. O vaxt Heydər Əlirza oğlunun parlaq, səlis, aydın nitqini bütün hərbçilər çox böyük maraqla dinlədilər. Generallar, hətta marşallar Azərbaycan oğlunun çıxışına görə mənə fəxrlə yaxınlaşır, məruzənin məzmununu dəyərləndirir, məni təbrik edirdilər. Onların arasında SSRİ Silahlı Qüvvələri Baş Qərargahının rəisi, marşal Oqarkov da var idi. Səmimi sözləri indi də yadımdadır: "Hüseynov, ciddi sözümdür, belə şəxsiyyəti xarici siyasətə rəhbər qoymaq gərəkdir, ölkəmizin başını hər yerdə ucaltsın, ona hörmət, şərəf gətirsin" deyib təbəssümlə mənə əl uzatdı. "Mən isə sevincimdən göyün yeddinci qatında idim, özümə sığmırdım".

Doğum tarixi ilə faşizm üzərində qələbə tarixi üst-üstə düşən, söhbətcil, məlumatlı, yaşına görə enerjili Hamlet müəllimin yaxasını "Qırmızı Ulduz" ordeni, saysız-hesabsız medallar bəzəyir. Ehtiyatda olan zabitin təsəllisi, həmsöhbəti vaxtilə çəkdirdiyi dilsiz şəkillər, aldığı fəxri fərmanlar, saysız təşəkkürnamələrdir. Doqquz il öncə sevimli ömür-gün yoldaşı Rəfiqə ananı itirən Hamlet müəllim hər cümə axşamı Köhnə Yasamal qəbiristanlığına baş çəkir, sədaqətli, nəcib həyat yoldaşının görüşünə tələsir. Hərbçilər sülaləsinin yetirməsi isə ən böyük təsəllisini kamil insan kimi yetişdirdiyi üç övladından, nəvələrindən alır. Hərdən isə həkim nəvəsi Nigar Süleymanqızının şeirləri ilə ovunur. Axı Nigarın "Baba" adlı şeirinin ünvanı məhz elə Hamlet babadır:

 

...Səninlə tək mən yox,

Bütün ailəmiz öyünür.

Indi nəvə sinəsində

Bir baba ürəyi döyünür.

Mən Allaha minnətdaram,

Mən babama minnətdaram.

 

 

Ağacəfər HƏSƏNLİ

 

Azərbaycan.- 2011.- 8 may.- S. 10.