Azərbaycanın milli diviziyalarının rəşadətli döyüş yolu

 

İkinci dünya müharibəsi dövründə qələbənin əldə olunmasında Azərbaycan xalqının, Bakı neftinin və hər bir vətəndaşın böyük əməyi olmuşdur. Misilsiz rəşadətlər göstərmiş Azərbaycanın beş atıcı diviziyası isə Mozdokdan Berlinədək ağır döyüş yolu keçmişdir. Hər ilin may ayında müharibə veteranları dövlət səviyyəsində bir daha anılır, cəbhədə həlak olanların və sonradan dünyasını dəyişənlərin əziz xatirəsi yad edilir.

Mayın 6-da Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 66-cı ildönümü, həmçinin 402-ci və 223-cü milli Azərbaycan atıcı diviziyalarının yaradılmasının 70 illiyi münasibətilə elmi-praktik konfrans keçirildi. Toplantıda Müdafiə Nazirliyinin, ali hərbi və hərbi dəniz məktəblərinin, hərbi hissələrin, Hərbi Akademiyanın, AMEA-nın tarix, arxeologiya və etnoqrafiya institutlarının, şəhər muzeylərinin əməkdaşları, qəhrəman 416-cı dviziyanın veteranları və məktəblilər iştirak edirdilər.

Tədbiri muzeyin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov açaraq müharibə illərində xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışdı. Məktəblilərin kompozisiyalarından sonra muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Nuru Məmmədov "Faşizm üzərində qələbədə Azərbaycanın rolu" mövzusunda məruzə etdi. Sonra tədbir iştirakçıları "Salnamə" studiyasının çəkdiyi 223-cü diviziyanın döyüş yoluna həsr olunmuş sənədli filmə baxdılar.

Muzeyin ekspozisiya hissəsinin rəisi Lalə Hüseynovanın məruzəsi "Milli diviziyalarımızın döyüş yolu"na həsr olunmuşdu. O bildirdi ki, Böyük Vətən müharibəsi illərində Azərbaycanın 5 milli diviziyası şanlı döyüş yolu keçmişdir: "Bunlar 77-ci, 402-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları idi. Bu diviziyalar Qafqaz uğrunda döyüşlərdə, Kuban, Krım, Ukrayna və Baltikyanının azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərmişlər. 77-ci diviziya üç ay ərzində Çeçen-İnquşetiyanı, Şimali Osetiyanı, Kabardin-Balkar MSSR-i, Rostovun çox hissəsini düşməndən azad etmişdir.

396-cı milli Azərbaycan atıcı diviziyası 1941-1942-ci illərdə Kerç-Feodosiya əməliyyatlarında misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Qara dəniz və Azov hərbi donanmalarının birgə qüvvələrinin keçirdikləri əməliyyatın məqsədi Kerç yarımadasının almanlardan təmizlənməsi və Krımın azad edilməsi idi".

Sənədli filmdən məlum olur ki, 223-cü Belqrad diviziyası Mozdokdan Vyanayadək gedib çıxmışdır. Bu diviziya 1943-cü il yanvarın 3-də iri yaşayış məntəqəsi olan Mozdoku düşməndən təmizlədi. 100 günlük aramsız döyüşlər zamanı 223-cü atıcı diviziya alman faşistlərini Qafqazdan qovub çıxardı. Azərbaycanlı qəhrəmanların yuqoslav qoşunları ilə birgə səyləri nəticəsində almanların 20 minlik Belqrad qrupu darmadağın edildi. Həmin vaxtdan 223-cü Azərbaycan atıcı dviziyası Ali Baş Komandanın əmri ilə "Belqrad diviziyası" adlanır. 30 aylıq fasiləsiz döyüşlərdə iştirak edən 223-ün əsgərləri Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Avstriya və Çexoslovakiyadan keçmişlər.

Məruzəçi Lalə Hüseynova hərb tariximizə qızıl hərflərlə yazılan 416-cı Taqanroq diviziyasının yaranmasından və şanlı döyüş yolundan ətraflı danışdı: "Bu diviziyanın döyüşçüləri iki sütka ərzində düşmənin üç mindən çox əsgər və zabitini məhv edir. Diviziya döyüşə-döyüşə Melitopol şəhərinə gəlib çıxır. Melitopol yanında Moloçnaya çayı üzərində diviziya yeni döyüş şöhrəti qazanır və "Qızıl Bayraq" ordeni ilə təltif olunur. İkinci dünya müharibəsində bəlkə də elə bir şəhər, kənd, qəsəbə, çay, dəniz, hətta zirzəmi belə olmamışdır ki, 416-cı Taqanroq diviziyasının azərbaycanlı qəhrəmanları orada döyüşməsin. 416-cı diviziyanın igidliyi yüksək dəyərləndirilmişdir. Səkkiz nəfər taqanroqçuya Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmiş, 11 nəfər Lenin ordeni, 358 əsgər və zabit Qırmızı Bayraq Ordeni, iki nəfər II dərəcəli Kutuzov ordeni, 47 nəfər Aleksandr Nevski, 1756 nəfərə II dərəcəli "Vətən müharibəsi", 5205 nəfər Qırmızı Ulduz ordeni, 5664 döyüşçü isə "İgidliyə görə" və "Döyüş xidmətlərinə görə" medalları ilə təltif olunmuşdur".

Muzeyin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov "Cənubi Azərbaycan sovet-alman müharibəsi dövründə" mövzusunda çıxış etdi. Toplantıda müharibə veteranları keçdikləri döyüş yolundan, xalqımızın bir nəfər kimi bu müharibədə iştirakından, diviziyalarımızın qəhrəmanlıq nümunələrindən danışdılar. Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin dərnək üzvlərinin bədii kompozisiyası, "Günəş" rəsm studiyası üzvlərinin Böyük Vətən müharibəsi mövzusunda çəkdikləri rəsm işlərinin sərgisi də maraqla qarşılandı.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 8 may.- S. 10.