Adil İsgəndərov məktəbi

 

1936-cı ildə Akademik Milli Dram Teatrına qədəm basan Adil İsgəndərov bu sənət məbədində baş rejissor, sonra isə direktor işləyib. O, 25 ilə yaxın bir dövrdə teatrda öz məktəbini yaradıb. Təsadüfi deyil ki, o vaxtlar bu sənət ocağı "Adil İsgəndərov teatrı" adlanırdı. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurmuşdu. Bir-birinin ardınca quruluş verdiyi "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşaları teatr tarixində əlamətdar hadisəyə çevrilmişdi. O dövrü xatırlayanlar deyirlər ki, həmin tamaşalara düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də bu möhtəşəm sənət ocağı öz tarixində belə qələbəlik görməmişdi.

 

Elə bu gün də teatrda qələbəlik vardı. Azərbaycanın tanınmış sənət adamları görkəmli rejissorun 100 illik yubiley gecəsinə toplaşmışdılar.

Gecəni giriş sözü ilə açan Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Adil İsgəndərovun teatrımıza verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Adil İsgəndərov 1930-cu ildə Azərbaycan Dövlət Teatr Məktəbini, 1936-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Onun teatrda ilk işi 1936-cı ildə A.Korneyçukun "Platon Kreçet" pyesi (bu əsər Azərbaycan dilinə çevrilib və "Polad qartal" adı ilə oynanılıb) olub. 1937-ci ildə teatrın bədii rəhbəri təyin edilən sənətkar 1960-cı ilin sonuna qədər kollektivin yaradıcılıq işini istiqamətləndirib. Adil İsgəndərovun yaratdığı monumental tamaşalar (Mirzə İbrahimovun "Həyat", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Sabit Rəhmanın "Xoşbəxtlər", Nazim Hikmətin "Türkiyədə", İlyas Əfəndiyevin "Bahar suları", Mehdi Hüseynin "Cavanşir", Ənvər Məmmədxanlının "Şərqin səhəri" və başqaları) indi də teatr tarixinin ən şərəfli səhifələri hesab edilir. Rejissorun Şekspirin "Otello" pyesinə Azərbaycan teatrında da səhnə həyatı verməsi yalnız sənətkarın deyil, milli mədəniyyətin ən böyük uğurlarından idi. Adil İsgəndərovun adı həm də böyük Hüseyn Cavidin əsərlərinin milli teatra tarixi qayıdışı ilə bağlıdır. 1956-cı ildə yüksək səviyyədə hazırlanan "Şeyx Sənan" tamaşası 20 illik fasilədən sonra yenidən teatra dönən Hüseyn Cavidin unudulmaz xatirəsinə hörmətin, eyni zamanda, Adil İsgəndərovun rejissor sənətinin əzəmətinin parlaq nümayişi olub.

Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov milli teatrımızın 25 ilinin aktyorun adı ilə bağlı odluğunu diqqətə çatdırdı: "68 illik ömrünün az qala yarısını Azərbaycan Milli Dram Teatrının inkişafına həsr edən Adil İsgəndərov rəhbərlik etdiyi bu sənət ocağında əsl yaradıcılıq məktəbi yaratdı. Dövrünün ən yüksək titullarına - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı adlarına layiq görülən rejissor, aktyor, pedaqoq Adil İsgəndərovun həyatının mənası teatr idi. O, sənətə özünəməxsus dəst-xətt, yaradıcılıq yenilikləri bəxş edib".

Gecənin aparıcısı, sənətşünas Məryəm Əlizadə aktyorun həyat və yaradıcılığına daha geniş işıq salaraq bildirdi ki, Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı Kərbəlayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının "Kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olmuşdu. Aktyorun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov xüsusi qeyd edilməlidir.

Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. "Əhməd haradadır?" bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. Bu isə Adil İsgəndərovun insani keyfiyyətlərindən irəli gəlirdi.

Digər çıxışçılar da 68 illik ömrünün 42 ilini sənətə həsr etmiş qüdrətli sənətkarın xatirəsindən danışaraq bildirdilər ki, Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsl məktəbdir. Bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.

Gecədə Akademik Milli Dram Teatrının aktyorları bir vaxtlar Adil İsəgəndərovun oynadığı tamaşalardan parçalar göstərdilər.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2011.- 8 may.- S. 11.