Bəxtiyar Vahabzadə Əskişəhərdə
də çox sevilir
Əskişəhər Türkiyənin qədim şəhərlərindən biridir. Anadolunun mərkəzində yerləşir. Burada iki ali məktəb fəaliyyət göstərir - Anadolu və Osman Qazi universitetləri. Hər iki universitetdə Azərbaycandan gələn alimlər dərs deyirlər, həm də ölkəmizi təmsil edən gənclər burada təhsil alırlar.
Bir ildir ki, burada Əskişəhər Azərbaycanlılar Dərnəyi fəaliyyət göstərir. Dərnəyin qurucusu Anadolu Universitetinin məzunu Cavid Aydındır. Azərbaycan tarixində önəmli yer tutan hadisələr, bayramlar dərnək tərəfindən qeyd olunur. Hər bazar günü Əskişəhərdə yaşayan soydaşlarımız dərnəyə gələrək burada Azərbaycanla bağlı keçirilən söhbətlərdə iştirak edirlər.
Bu günlərdə Əskişəhər Azərbaycanlılar Dərnəyi türk dünaysının böyük şairi Bəxtiyar Vahabzadənin xatirə gecəsini keçirdi. Gecə Qurşunlu külliyəsinin böyük salonunda oldu. Tədbirə gələnlər arasında Əskişəhərin vali müavinləri, bələdiyyələrdə çalışanlar, dekan və kafedra müdirləri, unviersitet müəllimləri, tələbələr, iş adamları, şair və yazarlar vardı. Səhnədə Bəxtiyar Vahabzadənin al qərənfillərlə bəzədilmiş böyük rəsmi asılmışdı. Rəsmin sağ və sol tərəfində Azərbaycan və Türkiyə bayraqları vardı. Səhnəyə Bəxtiyar Vahabzadənin kitabları və öz səsiylə səsləndirilən şeir kasetləri düzülmüşdü.
Öncə Bəxtiyar Vahabzadənin ölməz ruhu bir dəqiqəlik sükutla yad edildi, Sonra Azərbaycan və Türkiyənin himnləri oxundu. Xatirə gecəsini Osman Qazi Universitetinin dosenti, filologiya elmləri namizədi Tamilla Abbasxanlı apardı. Əvvəlcə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verildi, şeirləri söylənildi. Əskişəhər valisinin müavini Əkrəm Ballının çıxışı hər kəsin ürəyindən xəbər verdi. O, sözünə B.Vahabzadənin "Bir millətik, iki dövlət" şeiri ilə başladı.
Əskişəhər Şairlər Dərnəyinin sədri, şair İbrahim Sağır, dərnəyin üzvü Məhərrəm Qubat, Əskişəhər Türk Ocaqları Dərnəyinin sədri, professor N.Ünal, yazıçı Məmməd Sadıq Bozqurt, Osman Qazi Universitetinin Miniatür kafedrasının mudiri, professor X.Buttanrı, M.Buttanrı, yazıçı H.Qaşıqçı B.Vahabzadənin yaradıcılığı haqqında çıxış etdilər. Anadolu Universitetinin müəllimi, professor Ələddin Şamilov B.Vahabzadə ilə bağlı xatirələrini söylədi.
Toplantıda Azərbaycandan və Türkiyənin müxtəlif yerlərindən gələn mesajlar oxundu. Türkiyənin məşhur yazıçısı, Azərbaycanı ikinci Vətən sayan Hüriyə Saraç Hollandiyadan, B.Vahabzadə şeirlərinin vurğunu Regina Höfer Almaniyadan, iş adamı Müzəffər Gülər Belçikadan, şair İsa Kayacan Ankaradan, həkim Salim Çakır Manisadan, KİVATEK-in sədri, İzmir Doqquz Eylül Universitetinin müəllimi Fəyyaz Sağlam və yazıçı Mevlut Kaplan, şair Ayhan Can İzmirdən zəng vuraraq ürək sözlərini söylədilər. Əskişəhərin məşhur firmalarından "Oğlun Ticarət", "Ərcan Qardaşlar" xatirə gecəsinin təşkil olunmasında maddi dəstəklərini əsirgəmədilər. Toplantının sonunda Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın toplantıya gələnlərə təşəkkür etdi.
Tamilla ƏLİYEVA,
Əskişəhər Osman Qazi
Universitetinin müəllimi,
"Azərbaycan" qəzetinin
Türkiyə təmsilçisi
Azərbaycan.- 2011.- 8 may.- S. 11.