Unudulmaqda olan xalq sənəti nümunələri

 

Xalqımızın özünəməxsus və maraqlı olduğu qədər də zənginliyi ilə seçilən folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bugünümüzədək gəlib çatıb.

Belə milli oyunlar həyatın bütün cəhətlərini, eləcə də müxtəlif mərasimləri özündə əks etdirən qədim folklor nümunələrindəndir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını özündə əks etdirmək baxımından da xüsusi maraq doğurur. Belə oyunlar mövzu, məzmun baxımından da çox zəngin və rəngarəngdir. Bu oyunlarda yüksək humanist insani duyğular: şəri cəzalandırmaq, yaxın insanları, ailəni qorumaq, onlara dayaq durmaq və s. bu kimi müsbət keyfiyyətlər aşılanır.

Belə milli-mənəvi sərvətlərimizin qorunması və gənc nəslə çatdırılmsı istiqamətində həyata keçirilən müxtəlif tədbirlərin müəllifi olan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği" adlı daha bir layihənin icrasına həsr edilmiş tədbir keçirilib.

Birliyin əməkdaşı, layihənin rəhbəri Həbib Misirovun verdiyi məlumata görə, unudulmaqda olan xalq sənəti nümunələrinin, xüsusən də ailə-məişət mövzusundan bəhs edən xalq oyun-tamaşalarının toplanması, lentə alınması və bu istiqamətdə maarifləndirici materialların hazırlanması əsas məqsəddir: "Hazırda qloballaşan dünyada insan-cəmiyyət münasibətlərinin düzgün istiqamətdə və soy-kökümüzə bağlı şəkildə inkişaf etdirilməsinin bir yolu da milli-mənəvi dəyərlərimizi yaşatmaq və təbliğ etməklə yanaşı, onları gənc nəslə aşılamaqdan keçir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, "cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

Məhz ulu öndərin bu sahədəki əsas ideyası gənclərimizə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş, müasir biliklərə əsaslanan və onlara milli kimliyimizi tanıtdıra biləcək bir tərbiyənin verilməsindən ibarət olmuşdur. Ulu babalarımızdan bizlərə əmanət qalan maddi və mənəvi mədəniyyət nümunələrimizin qorunması, onların araşdırılması və gənc nəslə bu istiqamətdə biliklərin verilməsi Azərbaycan dövlətinin prioritetlərindəndir".

Bu məqsəd naminə gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərimizdən, xalq oyun-tamaşalarından istifadənin vacibliyini nəzərə alaraq, onların təbliği və gənc nəslə çatdırılması adıçəkilən layihənin əsasını təşkil edir.

Layihə ölkənin üç müxtəlif regionunda həyata keçirilir, toplanılan materiallar müqayisəli təhlil edildikdən sonra lentə köçürülür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 8 may.- S.11.