Şuşdan o yanda görünən
nədir?!
Bu Şəhəri hamı sevib - görən də, görməyən də. Bu ŞƏHƏR hamını özünə çəkib - yaxından, uzaqdan hamının ziyarət yerinə çevrilib. Axtarsaq, ona bu sevgi, bu həsrət də elə özündən doğub, öz gözəlliyindən, öz qeyri-adiliyindən yaranıb. Bu qeyri-adi ŞƏHƏRin başına nə gəldisə, ona da əmin ola bilərsiniz, elə öz gözəlliyindən, öz təkrarsızlığından gəldi...
Bir də axı, biz bu ŞƏHƏRə təkcə şəhər kimi baxmırdıq. Baxmayaraq ki, elə bu mövzuda 1993-cü ildə - işğalın birinci ildönümündə hazırladığım verilişlərin birində bu sualıma müxtəlif insanlardan cavab almağa çalışmışdım: "Şuşasız necə yaşayırsınız?" Aldığım cavablardan birini indiyə kimi xatırlayıram. Bu, o dövrün ən fəal, Şuşa ilə bərabər digər torpaqlarımızın da işğalında adı tez-tez hallanan ictimai-siyasi "xadim"lərdən birinin cavabı idi: "Faciə yaratmayın. Şəhərdir də, bu gün onlardadır, sabah qaytararıq - olar bizdə."
19 ildir Şuşa gedib, amma hələ ki o "sabah"lardan bir xəbər yoxdur...
Çünki müqəddəs yerlərimizə, eləcə də Şuşamıza adicə daşdan, qumdan, çınqıldan tikilmiş bir yaşayış məskəni kimi baxdığımız vaxt əziz, doğma torpaqlarla birlikdə Şuşanı da itirdik. Şuşa bir də "bu gün verək, sabah lazım olanda qaytararıq" - söhbətlərinə mövzu olanda əldən getdi, itdi. Ona bitib-tükənməyən bu Qarabağ savaşında sadəcə, bir "strateji yüksəklik" kimi baxanda Şuşa düşüb sındı. Axı, vaxtilə o "şüşənin içində" Qarabağın sahibi İbrahim xan da oturmuşdu, başına da hər gün Topxanadan od-alov yağırdı, o isə özündən də, vətəndaşlarından da, şəhərindən də arxayın idi. Çünki ora, o şəhərə Allahın bəxş etdiyi ən əlçatmaz ucalıq, toxunulmazlıq yeri kimi baxırdı. Qalanı mühasirədə saxlayan şaha da ona görə belə inamla, təkəbbürlə cavab vermişdi: "Məni saxlayan Allahdırsa, məni şüşənin (yəni, Şuşanın) içində salamat saxlar."
Beləcə illər ötdü, bu ŞƏHƏRlə onun sakinlərini bir-birindən ayırmağa, ayrı salmağa çalışanlar çox oldu, amma istədiklərinə çata bilmədilər. ŞƏHƏRi dəfələrlə odlara qaladılar, ərazisini kəsdilər, evlərini uçurdular, adını dəyişdilər, böyük bir xanlığın, vilayətin mərkəzindən adi bir rayon səviyyəsinə endirdilər, 1963-cü ildə onu da əlindən aldılar, 2 il - 1965-ci ilə kimi Xankəndiyə tabe etdilər. Amma ŞƏHƏR sınmadı, ruhdan düşmədi, tarixinə sığınıb yaşadı.
Tarixində isə yada salınası, xatırlanası çox şey vardı. Bu ŞƏHƏR 1905-1907 - ci illərdəki qırğınları, bu qırğınlara sinə gərən övladlarını görmüşdü. Bu ŞƏHƏR xalqımızın ən ağır günlərdə həmişə öndə olmuşdu. Onda da belə oldu. Bütün türk dünyasının fəxri olan, burda - bu ŞƏHƏRdə dünyaya göz açan Əhməd bəy Ağayevin (1869-1939) yaratdığı "Difai" təşkilatının üzvləri millətin ermənilər tərəfindən axıdılan nahaq qanını yerdə qoymadılar. Harda gizlənməyindən və milliyətindən asılı olmayaraq - erməni, ya digər millətdən olsun - əli türk-müsəlman qanına batan hər kəsin cəzasını verdi. Cümhuriyyət yarananda isə onun ilk əsgərləri də məhz onlar - difayiçilər oldular.
1918-1920-ci illərdə ŞƏHƏR yenə tarixinin çətin, həm də qürurlu günlərini yaşadı. Əvvəlki kimi Zəngəzurdan, Cəbrayıldan, Cavanşir mahallarından ibarət olan Qarabağ general-qubernatorluğunun mərkəzinə çevrildi, yeni, şərəfli bir tarix yaratdı. General övladlarının - Səməd Paşa Mehmandarovun (1856-1931), Xosrov bəy Sultanovun (1879-1941) başçılığı altında Azərbaycan əsgərləri Qarabağda baş qaldıran növbəti erməni-bolşevik qiyamlarının qarşısını aldı...
SSRİ-də xalqlar dostluğu, beynəlmiləlçilik "ideya"larının ayaq tutub yeridiyi bir vaxtda - 1945-ci ildə ermənilər növbəti dəfə Moskvaya üz tutub Qarabağı bir də istəyəndə ŞƏHƏR öz şanlı tarixi, öz keçmişi ilə övladlarının dadına çatdı. Çünki bu ŞƏHƏRin yazdığı tarixi danmaq çox çətin idi. Bunu İttifaq mərkəzi də bilirdi, erməni də. Məhz ona görə 1945-ci ildə ermənilərin Moskvadan gələn sorğusuna Mir Cəfər Bağırov belə cavab verdi:
"...Dağlıq Qarabağın tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistana verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır...
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
...DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən Ermənistan SSR-in Azərbaycan SSR-ə bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır..."
(Qarabağ. Real tarix,
faktlar, sənədlər. Bakı-2005).
Onda tək Ermənistan
deyil, bütün SSRİ susmalı oldu. Çünki Azərbaycan
Gürcüstandan da, Rusiyadan da öz tarixi torpaqlarını -
Borçalını və Dərbəndlə Qasımkənd
rayonlarını istəyirdi...
ŞƏHƏRin
yenidən dirçəlməsi və özünə
qayıtması, misilsiz gözəlliyinin bərpası, milli
ruhun güclənməsi ulu öndərin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdən başlayır. 1977-ci ilin
avqustunda Azərbaycan SSR Nazirlər Sovetinin "
1980-ci illərdə
ermənilər yenidən baş qaldırıb bu dəfə
açıq-aşkar Qarabağa iddialarını bildirəndə
ŞƏHƏR yenidən uşaqlı-böyüklü
hamının yadına düşdü. Artıq hər
tərəfdən ermənilər tökülüşüb
onun ağaclarını doğrayır, meşələrini
qırır, yollarını güdür,
cığırlarını pusur, adamlarını
öldürür, irzinə-namusuna toxunurdular. Bir sözlə, ŞƏHƏRi təkləmişdilər.
Düşmən bilirdi ki,
Oraya yol Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən,
şəhərlərindən - Qaradağlıdan, Malıbəylidən,
Quşçulardan, Meşəlidən, Cəmillidən, Kərkicahandan,
Kosalardan, Xocalıdan... keçir. Bunu ŞƏHƏR
də bilirdi. Ona görə bütün
gücüylə çabalayırdı,
çalışırdı, vuruşurdu. Həm
özü üçün, həm onlar üçün.
Amma...
Məşhur bir el şeirində
deyildiyi kimi: "Haşa, sevdiciyim, haşa, deyilənlər gəldi
başa". 1992-ci ilin 8 mayında ŞƏHƏR
işğal olundu. Heç kəs gözləmirdi.
Elə düşmənlər də uzun müddət
ürək eləyib qalaya girə bilməmişdilər.
Düşünürdülər ki, yəqin azərbaycanlılar
onlara bu Qalada tələ qurublar... Sonradan qurulacaq bir məhkəmə
prosesində hakimin: "Boş şəhərə niyə
girmədin?" - sualına ŞƏHƏRin
müdafiəsinə, təhlükəsizliyinə cavabdeh olan
generallardan biri belə cavab verəcək: "Girməmişəm,
yaxşı eləmişəm!" Bunu eşidəndə adam dəli olur, ŞƏHƏR neyləsin...
İşğal
nəticəsində azərbaycanlılara məxsus yüzlərlə
mədəniyyət və tarixi abidə məhv edildi, muzeylər
talandı. Üzeyir bəyin, Xan qızı Natəvanın,
Bülbülün evləri yağmalandı, heykəlləri
güllələndi. İndi güllələnmiş
heykəllərin özləri Bakıda, ruhları orda - o
böyük, qədim, doğma, müqəddəs ŞƏHƏRdədir...
19 ildir ŞƏHƏR
yoxdur. Artıq neçə vaxtdır buna nə biz inana
bilirik, nə o. Özündən sonra hər birimizin ürəyində
qalan saya-hesaba gəlməyən xatirələr, bir də
quru, statistik rəqəmlərdir. Mən mənəviyyatımızın,
ruhumuzun işğal günündə sizə o ŞƏHƏRlə
bağlı xatirələr danışmayacağam. Sizə də bunu etməməyi məsləhət
görürəm. Qoy xatirələr
Şuşaya qayıdan günümüzə qalsın.
Bir də son olaraq ŞƏHƏRdən
yadigar şəkillərə baxın, bəlkə Siz bildiniz,
tanıdınız: ŞUŞAdan o yanda görünən nədir!..
Sadə, acı və konkret rəqəmlər
●Şəhərin
işğal günü -
8 may 1992-ci il.
●Ərazisi - 289 kv.km,
●Əhalisinin sayı:
işğaldan
əvvəl - 24971, işğaldan
sonra (01.01.2005) - 24165,
●Şəhidləri -
200-ə yaxın,
●Əlilləri - 600,
●Itkinləri - 68,
●Yetim uşaqları -
552,
●Milli qəhrəmanları
- 5 nəfər.
●Yaşayış məskənləri
- 33, o cümlədən: Malıbəyli, Yuxarı
Quşçular, Aşağı Quşçular,
Xəlfəli, Dükanlar,
Zamanpəyəsi, Şüşülü, Mirzələr,
Qaybalı,
Laçınlar,
Şırlan Çaykənd,
Paşalar, Məmişlər,
Xanalılar, İmanqulular, Əmilər,
Səfixanlar, Xanlıq - pəyə,
Allahqulular, Böyük Qala
Dərəsi, Kiçik Qala
Dərəsi,
Salatın kənd,
Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər...
●İşğalçılar
tərəfindən dağıdılmış,
yandırılmış və talan edilmiş:
sənaye və kənd təsərrüfatı
obyekti - 79, mədəni-maarif müəssisəsi-79, texnikum-2
(mədəni-maarif və kənd təsərrüfatı), mədəniyyət
evi-8, klub-14, kitabxana-20, kinoteatr-2, muzey-3, Şərq musiqi alətləri
fabriki-1, məktəbəqədər uşaq müəssisəsi-7,
ümumtəhsil müəssisəsi-22, tarixi abidə və
muzeylər-279.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 8 may.- S. 12.