Azərbaycan Prezidenti İlham Əliyev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.

İSESKO-nun baş direktoru xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq Əbdüləziz bin Osman əl-Tüveycrinin bu beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğuladı.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd etdi.

Görüşdə Azərbaycan-İSESKO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 may.- S. 4.