Azərbaycan-Fransa münasibətlərinin inkişafı daha dinamik xarakter alır

 

Mayın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Fransa Milli Assambleyasını təmsil edən bir qrup deputatla görüşmüşdür. Fransalı deputaları Azərbaycanda salamlamaqdan məmnunluq ifadə edən Milli Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlərə qatılmaq üçün gələn qonaqlara buna görə təşəkkürünü bildirdi. Sədr qeyd etdi ki, ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə olduqca çətin vəziyyət yaranmışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, baş alıb gedən daxili çəkişmələr və bir sıra digər problemlər xalqımızı yenicə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdirmişdi. Belə vəziyyətdə tarixi müdriklik göstərən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi.

Oqtay Əsədov bildirdi ki, ulu öndərin hakimiyyətə qayıtması ilə Azərbaycanın dövlət müstəqilliyi qorundu, bu müstəqilliyin sarsılmaz və möhkəm təməlləri yarandı, ölkəmizin gələcək inkişaf strategiyası müəyyən edildi. Milli Məclisin Sədri ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini qonaqların diqqətinə çatdırdı.

Milli Məclisin Sədri iki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu vurğuladı. Bildirdi ki, parlament nümayəndə heyətləri dəfələrlə qarşılıqlı səfərlər həyata keçiriblər. Bu günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycanın dövlət müstəqillyinin 20 illiyi münasibətilə tədbirlər keçirildi. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi həmin tədbirlərə Fransada böyük maraq göstərildi. Bunun nəticəsi idi ki, həmin tədbirlər Fransa mediasında geniş şəkildə işıqlandırıldı.

Oqtay Əsədov uğurlu inkişaf yolunda olan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ciddi probleminin olduğunu da qeyd etdi. Münaqişənin dinc yolla həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Fransadır. Azərbaycan Fransa tərəfindən ərazi bütövlüyünün dəstəklənməsini yüksək qiymətləndirir. Sədr əminliyini bildirdi ki, Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapması üçün öz töhfəsini verəcək.

Görüş üçün təşəkkürünü bildirən Fransa nümayəndə heyətinin rəhbəri, Fransa Milli Assambleyasının Müdafiə komissiyasının sədr müavini Mişel Vuazen ölkələrimiz arasında sıx əməkdaşlıq olduğunu qeyd etdi. Azərbaycana 15-ci dəfə gəldiyini diqqətə çatdıran fransalı deputat həmkarları ilə birlikdə Bakı ilə tanış olduqlarını söylədi. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2011.- 11 may.- S. 4.