Latviyanın birinci xanımı
Lilita Zatlere ulu öndər Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibətilə
Bakıda təşkil edilmiş Gül bayramında iştirak
etmişdir
Ölkəmizdə səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil edilmiş Gül bayramında iştirak etmişdir.
Lilita Zatlere müstəqil dövlətimizin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ətrafı gül-çiçəyə qərq olmuş əzəmətli abidəsini ziyarət etmiş, önündə xatirə şəkli çəkdirmişdir.
Latviyanın birinci xanımına gül dəstəsi təqdim olunmuşdur.
Qonaq 50-dək xarici ölkədən gətirilmiş gül-çiçəklə bəzədilən parkın gözəlliyini seyr etmişdir. Burada diqqəti ilk olaraq müstəqil dövlətimizin xilaskarı və qurucusunun abidəsinin ətrafında gözəl çiçəklərdən "toxunmuş" əlvan naxışlı "xalçalar" cəlb edirdi. Hər tərəf rəngarəng, bahar ətirli güllərə qərq olmuşdur. Çiçəklərdən hörülmüş mənzərələr, qurulmuş kompozisiyalar, güllərdən hazırlanmış rəngarəng tablolar bənzərsiz görünüşü və ifadəliliyi ilə göz oxşayır, gözəlliyin, insan təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirirdi. Ulu öndərin güllərdən toxunmuş əzəmətli portreti öz gözəlliyi ilə önündə dönə-dönə ayaq saxlamağa vadar edirdi.
Təbii çiçəklər və yarpaqlarla düzəldilmiş stendlərdə ulu öndər Heydər Əliyevin təbiətin qoynunda çəkilmiş fotoşəkilləri göz oxşayırdı. Prezident İlham Əliyevin və ailə üzvlərinin müxtəlif illərdə təşkil edilmiş gül bayramlarında iştirakını əks etdirən və güllərlə bəzədilmiş fotostendlər də Lilita Zatleredə maraq doğurmuşdur.
Gül kimi bəzənmiş və bayramı daha da gözəlləşdirən fidan balalar Latviyanın birinci xanımını səmimiyyətlə salamladılar.
Lilita Zatlere
uşaqlarla söhbət etmiş, onlarla xatirə şəkli
çəkdirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-11 may.- S. 4.