Əhalinin sosial müdafiəsinin mükəmməl
modelini yaradan lider
Bəşəriyyətin
mövcudluq salnaməsi belə bir həqiqəti aydın
şəkildə sübuta yetirmişdir ki, hər bir cəmiyyətin,
dövlətin tərəqqisini sürətləndirən ən
mühüm amillərdən biri yüksək səmərəliliyə
malik sosial siyasətin həyata keçirilməsidir. Belə vəziyyətdə
həm bütöv halda götürülmüş cəmiyyətin
özü, həm də onun tərkibini formalaşdıran
müxtəlif təbəqələr, ayrı-ayrı fərdlər
inkişaf prosesində maraqlı tərəf kimi
çıxış edir, eyni zamanda bu prosesə özünəməxsus
töhfələr verməyə çalışaraq onun
davamlı xarakter alması istiqamətində fəaliyyətlərini
genişləndirirlər. Bununla inkişaf
prosesinin daha dinamik xarakter alması, onun əsas məqsədlərindən
biri olan maddi rifah halının cəmiyyətin hər bir fərdinin
həyatında əks olunması, vətəndaşın həyat
səviyyəsinin müsbət istiqamətdə sürətlə
dəyişməsi, gəlirlərinin ədalətlilik prinsipi
əsasında bölünməsi təmin edilir.
Bazar iqtisadiyyatı şəraitində
effektiv sosial siyasətin, o cümlədən sosial ədalət
prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli
hər bir insana layiqli iş şəraitinin yaradılması,
əhalinin yüksək sosial müdafiəsi, məşğulluq
probleminin uğurlu həlli, optimal xarakterli müvafiq
infrastrukturun formalaşdırılması kimi məsələlər
işə dəqiq elmi yanaşmalar və qabaqcıl dünya
təcrübəsinin tətbiqini tələb edir. Bütün bunlar həm də həyata keçiriləcək
sosial siyasətin əvvəlcədən ən xırda
detallarına qədər dəqiq və uzaqgörənliklə
düşünülmüş elmi konsepsiyasının
hazırlanmasının vacibliyini, onun uğurlu
icrasının kifayət qədər mürəkkəb bir
mexanizm əsasında baş verdiyini aydın surətdə
meydana qoyur.
Sosial-iqtisadi sahədə
inkişafın özünəməxsus modelini yaradan və
böyük nailiyyətlərlə müşayiət olunan tərəqqi
göstəricilərini nümayiş etdirən, son 7 il ərzində
iqtisadiyyatının artım tempinə görə dünya
dövlətlərinin reytinq cədvəlinə liderlik edən
Azərbaycan bu gün həyata keçirdiyi
sosialyönümlü siyasət strategiyası, eləcə də
onun səmərəlilik əmsalının yüksək
olması baxımından nümunəvi bir mövqeyin sahibi
kimi çıxış edir. Qazanılan
möhtəşəm müvəffəqiyyətləri şərtləndirən
əsas amillər sırasında iqtisadi zəmində sosial
ziddiyyətlərin uğurla aradan qaldırılması, ədalətlilik
prinsipinin hər zaman gözlənilməsi, əhalinin
bütün təbəqələri üçün bərabər
sosial təminat sisteminin yaradılması kimi mühüm məqamlar
ehtiva olunur. Makroiqtisadi sabitliyin qorunub saxlanması şəraitində
ölkədə yoxsulluğun azaldılması, işsizliyin
minimuma endirilməsi, dövlət büdcəsindən sosial
sahələrə ayrılan maliyyə vəsaitlərinin
davamlı şəkildə artırılması, insan
kapitalının, sosial infrastrukturun inkişafı və nəticə
etibarilə əhalinin həyat səviyyəsinin ötən
illərlə müqayisədə daha da yüksəlməsi
müasir Azərbaycanı xarakterizə edən əsas
reallıqlardandır. Bu, həm də ölkənin
inkişafının kifayət qədər mükəmməl
bazis üzərində qurulduğunu, onun zamanın
çağırışlarına adekvat cavab vermək
qabiliyyətində olduğunu, əldə edilən nailiyyətlərin
miqyasının mütəmadi genişlənməsinə
imkan verdiyini real nəticələr əsasında
nümayiş etdirir. Sözügedən
inkişaf strategiyasının müəllifi qismində isə
həyatını təmənnasız olaraq xalqına xidmətə
həsr edən, müasir Azərbaycanın memarı olan
ümummilli lider Heydər Əliyev çıxış edir.
Ulu öndər
özünün dövlət quruculuğu fəlsəfəsində
əhalinin sosial təminatının daim güclənməsini
çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən
biri kimi müəyyən edərək bu istiqamətdə məqsədyönlü
siyasət həyata keçirməklə yeni ictimai-iqtisadi
formasiyada insanların yüksək həyat səviyyəsinin
etibarlı təmininə nail olmuşdur. Halbuki ötən əsrin
son onilliyində tarixi zərurətdən və yaşanan
mürəkkəb ictimai-siyasi hadisələrdən, müstəqillik
uğrunda aparılan mübarizədən irəli gələrək
SSRİ adlanan nəhəng imperiyanın
çöküşü ilə yenidən suveren dövlət
olmaq hüququnu reallaşdırmaq imkanı qazanan Azərbaycanda
ilk illərdə hakimiyyətdə olan müxtəlif qüvvələrin
səriştəsiz siyasəti ölkədə olduqca
ağır bir vəziyyətin formalaşması ilə nəticələnmişdi.
Digər tərəfdən, Sovetlər İttifaqına daxil
olan ölkələr arasında 70 il ərzində
formalaşmış iqtisadi əlaqələrin bir anda
pozulması, istehsalın iflic vəziyyətinə düşməsi,
intensiv şəkildə dəyişən qiymət indeksi nəticəsində
inflyasiya prosesinin dərinləşməsi sosial-iqtisadi
böhranı daha da ağırlaşdırdi. Buna paralel şəkildə
ayrı-ayrı silahlı qruplaşmaların hakimiyyət
uğrunda mübarizəsi, ölkənin siyasi və
coğrafi cəhətdən parçalanmaq təhlükəsi
ilə üzləşməsi, vətəndaş müharibəsi
astanasına gəlməsi, Ermənistanın təcavüzünə
məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi
köçkün ordusunun yaranması kimi amillər vəziyyəti
xeyli ağırlaşdırırdı. İşsizliyin,
yoxsulluğun tüğyan etdiyi bu şəraitdə
özünü göstərən sosial gərginliyi azaltmaq
üçün ölkə iqtisadiyyatının real
imkanları nəzərə alınmadan əməkhaqqının
və sosial ödənişlərin yüksəldilməsi cəhdləri
və çoxsaylı güzəştlərin tətbiqi
heç bir nəticə verməyərək inflyasiya prosesinin
genişlənərək hiperinflyasiyaya çevrilməsinə
gətirib çıxarmışdı.
O dövrdə hakimiyyətdə
yer alan qüvvələrin səriştəsizliyi
və idarəçilikdə təcrübəsizliyi, şəxsi
mənafelərini ümumi maraqlardan üstün tutmaları,
sistemsiz, epizodik xarakterli tədbirləri nəinki yaşanan
problemlərin həllinə yol açır, əksinə, Azərbaycanın
bir dövlət olaraq məhvini
yaxınlaşdırırdı. Belə şəraitdə
müdrik qərar verərək ölkənin və
özünün taleyini alternativsiz lider olan dahi oğlu Heydər
Əliyevə həvalə etmək üçün xalq təkidli
tələblə ümummilli liderin yenidən Azərbaycanda
siyasi hakimiyyətə qayıdışına nail oldu. Azərbaycanı suveren ölkə olaraq
yaşatmağı qarşıya əsas məqsəd kimi
qoyan, onun həqiqi dövlət müstəqilliyinin banisinə
çevrilən ulu öndər bir iqtisadi formasiyadan digərinə
transformasiya prosesinin uğurlu əsaslarını və
hüquqi bazasını yaratdı. Bu zaman
sosialyönümlü bazar iqtisadiyyatının
formalaşması ilə bağlı əhalinin bütün təbəqələrinin
həyat səviyyəsinin
yaxşılaşdırılması məqsədilə
müvafiq və mümkün zəruri tədbirlər
gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı
təbəqənin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mühüm addımlar
atılmışıdr.
Ulu öndərin
həyata keçirdiyi məqsədyönlü, ardıcıl
siyasət yaşanan iqtisadi tənəzzülün
qarşısını almaqla bərabər, ölkənin
maliyyə durumunun, xalqın həyat səviyyəsinin
yaxşılaşması, eyni zamanda daxili sabitliyin möhkəm
özüllər üzərində qurulması, vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi ilə nəticələndi. Aparılan sosial siyasətin
real əsaslara söykənməsi, iqtisadiyyatın
inkişafının əsaslı şəkildə bazar tənzimləyicilərinin
təsiri altına keçirilməsi, qiymətlərin, xarici
iqtisadi fəaliyyətin, valyuta bazarının
liberallaşdırılması, manatın məzənnəsinin
sabitləşdirilməsi, sahibkarlığın
inkişafı, əlverişli investisiya mühitinin
formalaşdırılması, xüsusən də
çoxmilyardlı xarici sərmayənin ölkə
iqtisadiyyatının müxtəlfi sahələrinə, o
cümlədən neft-qaz sektoruna gəlişinin təmini və
bu qəbildən olan digər tədbirlər sosial-iqtisadi
yüksəliş mərhələsinin yaşanmasına rəvac
verdi.
Sürətli
tərəqqiyə xidmət edən islahatlar, dövlətçiliyin
əsaslarının tam şəkildə qurulması, buna
paralel olaraq iqtisadiyyatın gücləndirilməsi xalqın
sosial rifahının daha dinamik tərzdə
yaxşılaşması ilə müşayiət olunurdu. Bazar münasibətləri əsasında
formalaşan sosialyönümlü milli iqtisadiyyatın
yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi
və bununla bağlı müvafiq qanunvericilik bazasının
formalaşdırılması, şəxsiyyətin azad
inkişafı üçün bərabər imkanların təmini,
sosial təminatların gücləndirilməsi, sığorta
və sosial xidmətlər, hamı üçün
mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət
sistemlərinin inkişaf etdirilməsi ölkədə
uğurlu sosial müdafiə modelinin ərsəyə gəlməsinin
vacib göstəriciləri kimi çıxış edirdi. Bu
kontekstdə sosial bərabərliyə nail olunması, əməyin
və insanların sağlamlığının qorunması,
vətəndaşlara göstərilən dövlət
yardımlarının artırılması, orta aylıq əməkhaqlarının
davamlı şəkildə çoxaldılması diqqət mərkəzində
xüsusi yer alırdı.
İqtisadi tənəzzülə
son qoyulması fonunda ümummilli liderin diqqət yetirdiyi
mühüm məqamlardan biri sosial müdafiə sahəsində
ünvanlılıq prinsipinin gözlənilməsi ilə əlaqədar
olmuşdur. Bunun nəticəsi olaraq ayrı-ayrı
kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə
müxtəlif qanunlar qəbul olunaraq icraya yönləndirilmiş,
sosial müdafiəyə daha çox ehtiyacı olanlara
dövlət tərəfindən yardımların göstərilməsi
əsas məqsədlərdən birini təşkil
etmişdir. Bu xüsusda "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında", "Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında",
"Veteranlar haqqında" və digər qəbul edilmiş
qanunların adını çəkmək olar. Ulu öndərin
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında" 1994-cü il
15 iyun tarixli fərmanı əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
çıxış edən növbəti mühüm sənəd
olmuşdur. Fərmandan irəli gələn vəzifələrin
daha effektiv yerinə yetirilməsinin təmininə nail olmaq və
yol verilən bəzi qüsurların aradan
qaldırılması üçün Heydər Əliyev
"Əhalinin sosial müdafiəsi sahəsində əlavə
tədbirlər haqqında" növbəti sənəd
imzalamışdır ki, bu, bilavasitə əhalinin sosial
müdafiəsinin daha etibarlı şəkildə
qorunmasında vacib əhəmiyyət kəsb etmişdir.
Bununla yanaşı, əhalinin müxtəlif təbəqələrinin,
məsələn, şəhid ailələrinin,
qaçqınların, məcburi köçkünlərin,
müharibə və 20 Yanvar əlillərinin, veteranların
sosial təminatının yaxşılaşdırılması
istiqamətində çoxsaylı fərman və sərəncamların
imzalanması ümummilli liderin rəhbərliyi altında həyata
keçirilən sosial siyasətin effektivliyini və sosial
qayğıya ehtiyac duyan daha çox insanı əhatə etməsi
ilə yekunlaşırdı.
Əhalinin
sosial müdafiəsi ilə bağlı qanunvericilik
bazasının güclənməsi istiqamətində
atılan növbəti mühüm addımlardan biri ulu
öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə hazırlanan müstəqil Azərbaycanın ilk
Konstitusiyası olmuşdur və burada dövlətin məqsədi
kimi iqtisadiyyatın inkişafının müxtəlif
mülkiyyət növlərinə əsaslanaraq xalqın
sosial rifahının yaxşılaşdırılması təsbit
edilir. 1995-ci
ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilən, yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq
edən, Avropa dəyərlərinə, demokratiya və insan
azadlığına söykənən ölkənin Əsas
qanununun müvafiq müddəalarına əsasən, dövlət
sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən
siyasətlə vətəndaş cəmiyyətinin
yaradılmasını, bazar iqtisadiyyatında insanın
dövlət tərəfindən sosial müdafiə
olunmasını və sosial ədalət prinsipinə xidmət
etməyi öz üzərinə
götürmüşdür. Konstitusiyanın
16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti
xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin
və layiqli həyat səviyyəsinin qayğısına
qalır. Bununla faktiki olaraq müəyyən
edilir ki, bütün inkişaf etmiş sivil dövlətlərdə
olduğu kimi, iqtisadiyyat fərdin maddi, sosial, mənəvi tələbatlarının
ödənilməsinə istiqamətləndirilməlidir.
Beləliklə, ulu öndərin həyata
keçirdiyi sosial siyasətin məzmunu onun ölkənin
iqtisadi bazisinə əsaslandığını,
dayanıqlı olduğunu, eyni zamanda mükəmməl
normativ-hüquqi bazaya söykəndiyini göstərir.
Sosial müdafiənin
və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə
dair atılan növbəti addımlar, bu istiqamətdə həyata
keçirilən siyasətin elmi-nəzəri dəyərlərə
və dünyanın ən mütərəqqi təcrübəsinə
əsaslanması vətəndaşların həyat səviyyəsinin
daha da yaxşılaşdırılması ilə
müşayiət olunmuşdur. Əməkhaqlarının,
pensiya və digər sosial müavinətlərin
vaxtaşırı artırılması, yoxsulluq probleminin həlli
ilə bağlı görülən tədbirlər ölkənin
sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə
yol açmışdır. Bu zaman ulu
öndər müvafiq islahatların həyata keçirilməsini
də xüsusi diqqət mərkəzində saxlayır,
sözügedən kontekstdə əhalinin sosial müdafiəsini
gücləndirmək məqsədilə zəruri tədbirlər
görürdü. 2002-ci il
yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni
bir mərhələnin başlanğıcı qoyuldu. "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" 15 noyabr
2001-ci il tarxli qanunla güzəşt və
imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə
yenidən baxıldı, həmçinin kommunal və nəqliyyatdan
istifadəyə görə güzəştlər müavinətlərlə
əvəz olundu. Bütün bunlar bazar iqtisadiyyatı
şəraitində dövlət vəsaitlərinin xərclənməsinin
səmərəliliyinin yüksəldilməsinə,
enerjidaşıyıcılarından səmərəli və
qənaətlə istifadənin təmin olunmasına, sosial
müdafiənin ünvanlılığının
artırılmasına xidmət edən vacib məqamlara
çevrildi və zaman bu islahatların nə dərəcədə
doğru olduğunu sübuta yetirdi. Görülən
digər tədbirlər, o cümlədən yoxsulluğun səviyyəsinin
azaldılması üçün müvafiq proqramın təsdiqi
ulu öndərin rəhbərliyi altında həyata
keçirilən sosial siyasətin yüksək səmərəliliyi
ilə yanaşı, xalqın rifah halının yüksəldilməsi
istiqamətində real nəticələr əldə
olunması ilə yekunlaşırdı.
Ulu öndərin
layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi
altında ümummilli liderin inkişaf strategiyasının
uğurlu davamı məşğulluq və sosial sferada da
özünü qabarıq büruzə verərək bu sahənin
tərəqqisini daha dinamik hala gətirmişdir. Ölkəmizin malik
olduğu iqtisadi potensialın daha da gücləndirilərək
onun kompleks şəkildə səmərəli
reallaşdırılması nəticəsində əməkhaqları
və pensiyaların, digər sosial müavinətlərin
mütəmadi artırılması, yeni iş yerlərinin
açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə
etməsi vətəndaşların sosial müdafiəsini
davamlı olaraq yaxşılaşdırmışdır. Cəmiyyətin sosiomədəni bazisinin postindustrial
dəyərlər və demokratik ənənələr məcrasına
uğurlu transformasiyası istiqamətində möhtəşəm
nailiyyətlərə imza atan Azərbaycanın dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin daim özünü qabarıq verən
ən önəmli cəhətlərindən biri məhz onun
sosialyönümlü xarakter daşımasıdır.
Azərbaycanın davamlı
şəkildə artan iqtisadi imkanları fonunda cənab
İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda,
təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni
iş yerlərinin açılmasına şərait
yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin
və ünvanlılığının mütəmadi
artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr
daim əsas planda yer alır. Digər tərəfdən,
dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən məqsədyönlü
siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi,
bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi
nəticə etibarilə xalqın maddi rifah halının daha
da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın
daha qüdrətli bir ölkəyə çevrilməsini təmin
etməkdədir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi
siyasətinin əsas məqsədidir.
Bu gün ölkəmizdə
uğurla həyata keçirilən modern sosial siyasətin
malik olduğu konrkret parametrlərdən biri yoxsulluğun
azaldılmasıdır və qeyd edilən istiqamətdə
Prezident İlham Əliyevin 2008-ci il
sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı" uğurla icra
edilir. Bunun nəticəsidir ki, 2010-cu ilin
yekunlarına əsasən, yoxsulluq səviyyəsi 9 faiz təşkil
etmişdir və 2015-ci ilə kimi ölkədə yoxsulluq
probleminin tamamilə həlli gözlənilir. 2003-2010-cu
illər ərzində ölkəmizə 900 mindən çox
iş yerinin açılması isə
yoxsulluğun ləğvinə uğurlu töhfə verməklə
yanaşı, əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır.
Prezident İlham Əliyevin
aztəminatlı vətəndaşların sosial müdafiəsinin
daha da gücləndirilməsi məqsədilə 21 oktyabr
2005-ci il tarixdə təsdiqlədiyi "Ünvanlı
dövlət sosial yardımı haqqında" Azərbaycan
Respublikası Qanununa əsasən, artıq 5 ilə
yaxındır ki, ölkəmizdə ünvanlı dövlət
sosial yardımı sistemi tətbiq olunur. Ötən
dövr ərzində ünvanlı dövlət sosial
yardımı mexanizminin təkmilləşdirilməsi məqsədi
ilə müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə
və dəyişikliklər edilmiş, nəticədə
ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə,
yoxsul ailələrin bu yardım növündən yararlanmaq
imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə
qaydaları sadələşdirilmişdir. Ünvanlı
yardımın hesablanması üçün əsas
götürülən ehtiyac meyarının
yaşayış minimumuna çatdırılması istiqamətində
də müvafiq addımlar atılır və ötən
müddətdə ehtiyac meyarının həddi 30 manatdan 75
manata qaldırılmışdır ki, bu da 2,5 dəfə
artım deməkdir.
Tədqiqatlar
onu da göstərmişdir ki, Azərbaycanda
sosialyönümlü proqramların icrası
üçün ayrılan vəsaitlərin xərclənməsinin
effektivlik göstəriciləri digər ölkələrlə
müqayisədə daha yüksəkdir. Belə ki,
ünvanlılığın səmərəliliyi sahəsində
Azərbaycan MDB ölkələri arasında Ukrayna ilə 1-ci
və 2-ci yerləri bölüşdürür.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planına əsasən, nazirlik tərəfindən
"Azərbaycan Respublikasında aztəminatlı ailələrin
sosial reabilitasiyası üzrə Dövlət Proqramı"
layihəsinin hazırlanması işləri davam etdirilir. Eyni zamanda, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən
çıxarılmasına aktiv tədbirlər vasitəsilə
və onların mövcud daxili resurslarından istifadə
olunmaqla kömək göstərilməsi məqsədilə
hazırlanan "Özünədəstək"
ünvanlı sosial yardım layihəsi ilə bağlı
sınaq işlərinə start verilmişdir. Bundan
başqa, cənab İlham Əliyevin "Aztəminatlı əhalinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
barədə" 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən,
ölkəmizdə aylıq və birdəfəlik sosial
müavinətlərin məbləği 1 sentyabr 2010-cu il
tarixdən orta hesabla 12 faiz artmışdır.
Ölkəmizin
ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ailə üzvlərinin
və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılmasına
ölkə rəhbəri tərəfindən böyük diqqət
və qayğı göstərilir. Möhtərəm
Prezident tərəfindən qarşıya qoyulan
tapşırığın icrası olaraq mənzillərin
inşasında müsbət dinamika saxlanılmaqla, nəzərdə
tutulan layihələr yüksək keyfiyyətlə həyata
keçirilir.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və
şəhid ailələrinə təqdim olunan mənzillərin
sayında son 3 il ərzində ciddi
artım yaşanmışdır. Bu vaxtadək
dövlət hesabına mənzillə təmin olunmuş əlil
və şəhid ailələrinin sayı 3600-dən
çoxdur. Əlillərin minik avtomobilləri
ilə təminatı işləri də uğurla davam
etdirilir. 2010-cu ildə 478 ədəd
"Slavuta" markalı minik avtomobili Qarabağ müharibəsi
və Böyük Vətən müharibəsi əlillərinə
paylanmışdır. Ümumiyyətlə,
indiyədək 3000-ə yaxın minik avtomobili müvafiq
kateqoriyalardan olan əlillərə təqdim edilmişdir.
Bir qədər öncə isə
Çernobıl AES-də baş vermiş qəzanın 25
illiyi ilə əlaqədar 14 nəfər Çernobıl əlilinə
minik avtomobili verilmişdir. Mənzillərin və avtomobillərin
təqdimat mərasimlərinin bir çoxunda Prezident İlham Əliyev
iştirak etmiş, həmçinin ötən ilin
dekabrında Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində
əlil və şəhid ailələri üçün hər
biri 81 mənzilli 3 ədəd binadan ibarət olacaq
yaşayış kompleksinin təməlini qoymuşdur ki, bu əlamətdar
hadisələr həmin ailələrə yüksək səviyyədə
qayğı və diqqətin real nümunəsi kimi dəyərləndirilir.
Əlillərin
müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı
işləri də ilbəil yüksək səviyyədə
davam etdirilir və onların hər hansı reabilitasiya
avadanlıqlarına olan ehtiyacı vaxtlı-vaxtında aradan
qaldırılır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən, hazırda dünya üzrə əlillərin
əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda
isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında
ən aşağı göstəricilərdəndir.
Aktiv məşğulluq
tədbirlərinin davam etdirilməsi də diqqət mərkəzindədir. 2010-cu ildə
Dövlət Məşğulluq Xidməti tərəfindən
29 399 nəfər, cari ilin birinci rübündə isə 5261
nəfər işsiz və işaxtaran vətəndaş
münasib işlə təmin olunmuşdur. Əhali tərəfindən həmişə maraqla
qarşılanan tədbirlərdən biri də aktiv məşğulluq
tədbiri olan əmək yarmarkalarıdır. Cari ilin birinci rübündə
paytaxtımızın 11 rayonu üzrə belə yarmarkalar
keçirilib və həmin tədbirlər müsbət nəticələrini
verib. İl ərzində paytaxtda mütəmadi
olaraq belə tədbirlərin keçirilməsi qərara
alınıb. Digər tərəfdən, hər il
olduğu kimi, bu il də ölkənin ayrı-ayrı rayon və
şəhərlərində növbəti əmək
yarmarkaları, həmçinin məzun və tələbələrin
əmək bazarına inteqrasiyası məqsədilə
"Karyerada ilk addım" devizi altında aktiv tədbirlər
keçiriləcək.
Əməyin mühafizəsinin
təşkilinə dövlət nəzarətinin gücləndirilməsi
nəticəsində iş yerlərində baş verən bədbəxt
hadisələrin və bu hadisələr zamanı həlak
olanların sayı azalmaqdadır. Dünya Bankı ilə birgə
həyata keçirilən Sosial Müdafiənin
İnkişafı Layihəsi çərçivəsində
isə "İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş
Peşə Standartları və Əlaqədar Təlim
Standartlarının hazırlanması" layihəsinin
icrası işləri davam etdirilir. Layihə çərçivəsində
3 il ərzində 200 peşə və 100 təlim
standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə
forması, peşə təsnifatının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə təkliflər
və Peşə Standartları Mərkəzinin
yaradılması üçün hüquqi-institusional baza
hazırlanacaq.
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, aztəminatlı vətəndaşlara
dövlət qayğısının artırılması
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin
Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair 14 yanvar 2011-ci
il tarixdə keçirilmiş iclasında qarşıya
qoyduğu vəzifələri rəhbər tutaraq və Azərbaycan
Respublikasının Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyasının 27 yanvar 2011-ci il tarixli
iclasında verilmiş tapşırıqların həyata
keçirilməsi ilə bağlı konkret və məqsədyönlü
işlər görür. Ünvanlı sosial
yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə
göstərilən xidmət səviyyəsinin, tibbi-sosial
ekspert komissiyalarında (TSEK) və rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzlərində
çalışan işçilərin məsuliyyətinin
artırılması, "Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi məqsədi
ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Vəzifələrinin icrasında, həmçinin vətəndaşlara
xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara
görə Quba, Yardımlı və Xızı
rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin
direktorları və 13 nəfər məsul əməkdaşı
vəzifələrindən azad edilmiş, 5 rayonun (Kürdəmir,
Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz
direktorları müvəqqəti olaraq vəzifələrindən
kənarlaşdırılmış, 15 nəfərə isə
töhmət verilmişdir. İctimai nəzarətin
gücləndirilməsi məqsədilə "Ünvanlı
sosial yardım təyin edən komissiya haqqında Əsasnamə"yə
əlavə və dəyişikliklər edilərək, həmin
komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəsissə
və təşkilatların (qeyri-hökumət təşkilatları
və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri
də daxil edilmişdir.
Qarabağ müharibəsi əlillərinə
və şəhid ailələrinə dövlət
hesabına mənzillərin və avtomobillərin verilməsi
üçün yaradılmış xüsusi komissiyanın
işində şəffaflığın daha da
artırılması məqsədilə 2011-ci ilin mart
ayında komissiyanın tərkibinə Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının nümayəndələri,
ayrı-ayrı əlil təşkilatlarının sədrləri
də daxil edilmişdir.
Beynəlxalq Əmək Təşkilatının
prinsiplərinə uyğun olaraq Dövlət Əmək
Müfəttişliyi Xidməti fəaliyyətini sosial tərəfdaşlarla
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası ilə sıx əməkdaşlıq
şəraitində qurur. Bu istiqamətdə işlərin
davamı kimi iş yerlərində əmək qanunvericiliyinə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsində, habelə istehsalatda baş vermiş
bədbəxt hadisələrin təhqiqatının
aparılmasında sosial tərəfdaşların
iştirakının təmin olunması məqsədilə
Sosial Şuranın yaradılması qərara
alınmışdır.
Digər tərəfdən,
1997-ci ildə qəbul edilmiş "Tibbi-sosial ekspert
komissiyaları (TSEK) haqqında Əsasnamə"yə dəyişiklik
edilməklə Zona TSEK-lər ləğv edilmiş, əvəzində
TSEK-lərin sayı artırılmaqla onların iş
yükü azaldılmışdır. Vətəndaşların
qəbulunu asanlaşdırmaq və onlara göstərilən
xidmətin keyfiyyətini artırmaq məqsədilə zona
TSEK-lərin sayı 22-dən 38-ə
artırılmışdır. Eyni zamanda, əlilliyin
müəyyən edilməsi meyarları barədə 1997-ci
ildə qəbul edilmiş 99 nömrəli əsasnaməyə
dəyişikliklər barədə təkliflər
hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Korrupsiyaya qarşı mübarizədə şəffaflığın
artırılması, ərizə və şikayətlərin
vaxtında və yerində araşdırılması məqsədilə
həkim-ekspertlər zonalara ezam edilmişdir. Bununla yanaşı, 7 zona üzrə tibbi-sosial
ekspert komissiyalarının sədrləri müvəqqəti
olaraq vəzifələrindən kənarlaşdırılmış,
8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla
şiddətli töhmət verilmişdir. Vətəndaş
müraciətlərinin daha operativ cavablandırılması
ilə bağlı nazirlikdə artıq müasir elektron
nailiyyətlərdən geniş istifadə olunur. Həyata keçirilən tədbirlərin müsbət
nəticəsi kimi vətəndaşlar tərəfindən
nazirliyə və ayrı-ayrı instansiyalara ünvanlanan
şikayət xarakterli müraciətlərin sayında ciddi
azalma müşahidə olunmaqdadır.
Əhaliyə göstərilən
xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə
şəffaflığın artırılması, korrupsiya
hallarına qarşı mübarizənin gücləndirilməsi
istiqamətində işlərin davamı olaraq 22 aprel 2011-ci
il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyasının,
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman)
Aparatının və Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının "Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində
ictimai nəzarətin daha da gücləndirilməsi"
mövzusunda birgə müşavirəsi keçirilmişdir.
Müşavirənin sonunda nazirliyin fəaliyyətində ictimai
nəzarətin gücləndirilməsi, QHT ilə birgə
layihələrin təşkili və müvafiq
normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə
aidiyyəti dövlət qurumları və vətəndaş
cəmiyyəti institutlarının nümayəndələrindən
ibarət "İctimai Şura"nın
yaradılması barədə qərar qəbul edilmişdir.
2011-ci ilin 5
mayında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində Böyük Vətən müharibəsi əlilləri
və iştirakçıları ilə görüş
keçirilmişdir. Tədbirdə qeyd olunub ki, Böyük Vətən
müharibəsi əlilləri və
iştirakçıları daim dövlət tərəfindən
qayğı ilə əhatə olunub, bu sahədə tədbirlərin
bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Məlumat üçün bildirim ki, hazırda 31 nəfər
Böyük Vətən müharibəsi əlili və
iştirakçısı mənzil növbəsindədir.
Bütün
bunlar ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən sosial siyasətin
böyük uğurlarla müşayiət olunmasının və
onun səmərəlilik dərəcəsinin daim yüksələn
xətt üzrə inkişaf etməsinin bariz formada
özünü göstərən təzahürləri, eləcə
də qarşıdakı dövr ərzində əldə
olunan nailiyyətlərin miqyasının daha da genişlənməsi
üçün möhkəm təməllərə söykənən
zəminin formalaşmasının real göstəricisidir.
Fizuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan.- 2011.- 11 may.- S.5.