Azərbaycan elmi və təhsilində
uğurlu islahatların müəllifi
Hər bir xalqın tarixində müstəsna xidmətləri olan böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür. Bu sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.
Dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlər olmuşdur. Ümummilli liderin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. "Təhsil millətin gələcəyidir" - deyən müstəqil Azərbaycan dövlətinin qurucusunun ötən əsrin 70-80-cı illərində respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Böyük strateq məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.
Böyük rəhbər keçmiş İttifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafın yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev kosmopolit ideyaların zehinlərə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev üçün ana dili azərbaycançılığın başlanğıc məqamı, təməl pirinsipi olmuşdur. Müdrik rəhbər yaxşı bilirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu rəhbər vəzifəlilərin hər birindən tələb edirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi cəsarəti də xüsusi xatırlanmalıdır. Bununla bağlı Kreml "emissarları"nın dəfələrlə Bakıya gələrək Heydər Əliyevi fikrindən daşındırmağa səy göstərdiyini, lakin məqsədlərinə nail olmadıqlarını da mühüm fakt kimi vurğulamaq lazımdır. Eyni zamanda ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə Dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.
Faktlar göstərir ki, əgər sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, bu zərərli tendensiyaya məhz ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyulmuşdur. Bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində elmi nəşrlərin sayı çoxalmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması dəstəklənmişdir. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyən Heydər Əliyev çox sonralar Azərbaycan dilinin inkişafı üçün gördüyü tədbirləri belə izah edirdi.
Xüsusi vurğulamaq istərdim ki, Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü universitet həyatında bilik və elmin zirvələrinə doğru yüksəliş illəri sayılır. Həmin illərdə milli-mütərəqqi fikrin, ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən BDU-ya (o zaman Azərbaycan Dövlət Universiteti) diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Heydər Əliyev müdrik rəhbər kimi yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs verən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar.
Ulu öndərin 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi də onun bu elm məbədinə verdiyi yüksək qiymət kimi bu gün də rəğbətlə xatırlanır: "Bu gün Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan elminin həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatının yüksəlişində yubilyarımız böyük və səmərəli rol oynamışdır. Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübuta yetirmişdir. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır".
Ulu öndər Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmış, Bakı Dövlət Universitetində layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Məhz Heydər Əliyev dühasının qətiyyətli addımları hesabına universitetdə bilik yeganə meyar kimi qorunmuş, bir sıra nüfuzlu ixtisaslara qəbul zamanı yol verilən nöqsanların qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır.
Ulu öndər BDU-nun 60 illik yubileyinin də keçirilməsinin əsas təşəbbüskarı olmuşdur. Sovetlər birliyi dövründə təhsil ocağının beynəlxalq əlaqələrinin genişlənməsi məhz Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu ali təhsil ocağının 40-dan çox müəllimi məhz Heydər Əliyevin himayəsi və qayğısı sayəsində müxtəlif xarici ölkələrə pedaqoji işə göndərilmişdir. Ümumilikdə universitetin 300-dən artıq müəllimi və tələbəsi Asiya və Afrika ölkələrində tərcüməçi işləmiş, 30 müəllim və elmi işçi Avropa, ABŞ və Yaponiyada uzunmüddətli elmi ezamiyyətdə olmuşdur.
Həmin dövrdə ulu öndərin diqqət və qayğısı ilə universitetin maddi-texniki bazası, iş şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, kabinet və laboratoriyaların sayı 115-i keçmiş, 15 ixtisaslaşmış laboratoriya yaradılmış, təhsil ocağının ikinci korpusu tikilərək istifadəyə verilmişdir. Eyni zamanda professor-müəllim heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, onların yeni mənzillərlə təminatına xüsusi diqqət yetirilmişdir.
Ötən əsrin 70-ci illərində məhkəmə, prokurorluq, daxili işlər orqanlarında həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımlar, hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşdırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması da ulu öndərin cəmiyyətdə hüquq normalarının möhkəmlənməsində, milli ruhlu hüquqşünas kadrların yetişməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Nüfuzu daim yüksək olmuş Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə özünə daha uca zirvələrdə yer alması, hüquq elminin daha da populyarlaşması bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Məsələ bundadır ki, o zamanlarda bəzi neqativ hallar üzündən sıravi vətəndaşların hüquq fakültəsinə daxil olması əlçatmaz məsələyə çevrilmişdi. Hüquq fakültəsi o illərdə "imtiyazlı" bir təbəqənin - "sovet-partiya elitası"nın inhisarında olduğundan, qəbul prosesində adamsız, sadə gənclərə müxtəlif problemlər yaradılırdı. Burada əsasən yüksək vəzifəli partiya və sovet məmurlarının, hüquq-mühafizə və dövlət orqanları əməkdaşlarının övladları təhsil alırdı. Fəhlə-kəndli ailəsindən, orta ziyalı təbəqəsindən çıxan gənclərin bu fakültəyə qəbul olunmaq imkanları çox məhdudlaşdırılmışdı. Həmin illərdə Tibb İnstitutunda və Xalq Təsərrüfatı İnstitutunda da təxminən eyni vəziyyət hökm sürürdü.
Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən belə neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Eyni zamanda həmin illərdə hüquq fakültəsinə qəbul prosesində fəhlə və zəhmətkeş övladlarına üstünlük verilməsi ulu öndərin insanpərvər və ədalət tərəfdarı olduğunu bir daha təsdiqləyir. Məhz bu qətiyyətli tədbirlərin nəticəsi olaraq o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur.
Bakı Dövlət Universitetindən pərvazlanan, təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə milli elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə, elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Ümumiyyətlə, o dövrdə Heydər Əliyevin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda təhsil almağa göndərilmişdi. Keçmiş İttifaqın müxtəlif yerlərində, xüsusən Moskva, Sankt-Peterburq şəhərlərində ali təhsil alaraq Bakıya dönmüş mütəxəssislər sonradan cəmiyyətin aparıcı təbəqəsinə çevrilmiş və bugünün özündə də həmin insanlar dövlət idarəçiliyində layiqli yerlərini tuturlar.
1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum".
Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir. Ulu öndərin parlaq şəxsiyyəti, tükənməz yaradıcılıq qabiliyyəti, müxtəlif səmərəli ideyaları həyata keçirmək cəhdi dağılmaqda olan imperiya çərçivəsinə sığmırdı. Buna görə də böyük öndərin fəaliyyəti siyasi və mənəvi tənəzzülə uğrayan imperiya rəhbərlərinin qısqanclığı ilə qarşılanırdı. Ulu öndər ötən əsrin 80-ci illərinin sonlarına doğru ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiasını reallaşdırmaq yolunda böyük maneə idi.
Bütün bunlar göstərir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan xalqı və dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi naminə etibarlı zəmin formalaşdırmaq ulu öndərin başlıca amalı olmuşdur. Bu siyasəti 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da inamla davam etdirən Heydər Əliyev ilk növbədə, Azərbaycanın intellektual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ümummilli liderin elm və təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir.
Böyük strateq müstəqil Azərbaycana rəhbərliyi dövründə məzunu olduğu Bakı Dövlət Universitetinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin BDU-ya hər gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən, onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında universitetə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.
Heydər Əliyevin Bakı Dövlət Universitetinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı ilk növbədə bu ali təhsil ocağının çağdaş dövlətçilik tariximizdəki əlahiddə yeri ilə şərtlənir. 90 ilə yaxın müddətdə Bakı Dövlət Universiteti Azərbaycanda yüksək ixtisaslı milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, bir çox ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasında böyük rol oynamışdır. Xalqın ziyalı təbəqəsinin və elmi-intellektual potensialının formalaşmasında, dövlətçiliyin inkişafında müstəsna əhəmiyyət kəsb etmiş, elmin, mədəniyyətin və ictimai-siyasi fikrin inkişafında sözünü demiş ziyalıların və dövlət xadimlərinin bütöv bir nəsli məhz Bakı Dövlət Universitetinin auditoriyalarından çıxmış və burada yetişmişlər. Bütün bunları nəzərə alan ulu öndər BDU-nu Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirmişdir.
Ümummilli lider Azərbaycan elminə, təhsilə davamlı qayğı siyasətinin əsasını qoymaqla yanaşı, bu kursu özündən sonra layiqincə davam etdirəcək varis də yetişdirmişdir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Dövlət başçısı ötən 8 ildə respublikada elmi intibahın təmin edilməsini, bu sahədə problemlərin həllini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin xüsusi qayğısı ilə universitet son illərdə inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. Universitetin tikintisi uzun illər yarımçıq qalmış III korpusunun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək 2008-2009-cu dərs ili qarşısında istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğı siyasətinin bariz təcəssümü olmuşdur.
Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə noyabrın 2-də universitetin təntənəli yubileyi keçirilmiş, müxtəlif səviyyələrdə təhsil ocağının keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir.
Hamıya məlumdur ki, siyasi sistem o halda uğurlu fəaliyyət göstərir ki, yetişməkdə olan gənc nəslin cəmiyyətin həyatında qurucu rolu tam şəkildə nəzərə alınır. Bu baxımdan Azərbaycanda modernləşmə prosesinin sürətlə aparılması üçün yeni düşüncəli, intellektual səviyyəli, kreativ baxışlı gəncliyin yetişdirilməsi, maddi resursların insan kapitalına çevrilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi siyasəti keyfiyyətcə yeni mərhələdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev elmin, təhsilin problemlərinin həlli istiqamətində inamlı addımlar atır. Dövlət başçısının bir müddət əvvəl imzaladığı sərəncamlarla akademik və müxbir üzvlərin, elmi işçilərin əməkhaqları artırılmışdır. Ölkə rəhbərinin 29 aprel 2011-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və mövcud bir sıra problemlərinin həlli məqsədinə xidmət edir.
Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etmiş və toplantıdakı dərin məzmunlu nitqində bir daha xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində ilk növbədə cəmiyyətin intellektual potensialına istinad edir. Respublikada təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına, insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Bütün bunlarla yanaşı, cənab İlham Əliyev hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunması, daha dəqiqi, elmlə iqtisadiyyatın uğurlu vəhdətinin təmin edilməsi vacibliyini diqqətə çatdırmışdır: "Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq reytinqləri artır. Hətta 2009-2010-cu illərdə bu göstəricilər ən yüksək səviyyədədir. Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir".
Dövlət başçısının AMEA-nın illik ümumi yığıncağındakı nitqində ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayırması, akademiyada aqrar sahə ilə bağlı elmi tədqiqatların genişləndirilməsi vacibliyini vurğulaması da müəyyən reallıqlarla şərtlənir. Məsələ burasındadır ki, Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir. Bütün bunlar aqrar elmin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsini, aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir sözlə, innovasion inkişafın təmin edilməsi vacibliyini ön plana çıxarır. Məhz bu reallıqdan çıxış edən cənab İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında akademiyanın aqrar bölməsinin yaradılması vacibliyini diqqətə çəkmişdir: "Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, kreditlərin verilməsi, özəl sektorun inkişafı - bütün bu məsələlər bir məqsəd güdür: ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və bununla bərabər, çox güclü ixrac potensialımızı da yaratmalıyıq. Ona görə aqrar elmlərin inkişafı və iqtisadı inkişafla uzlaşması xüsusi məna daşıyıb. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmalıdır. Vaxt itirmədən bu bölmə yaradılmalıdır və fəal işə başlamalıdır".
Dövlət başçısı möhtərəm İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan, dövlət proqramlarından, habelə dəyərli tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələr Bakı Dövlət Universitetində ciddiliklə nəzərə alınır. Elm sahəsində aparılan tədqiqatların günümüzün tələblərinə cavab verməsi, elmlə iqtisadiyyatın vəhdətinin təmin olunması, əldə olunan yeniliklərin praktikada tətbiqi üçün universitetdə mühüm işlər həyata keçirilir. Eyni zamanda elmlə ali təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür.
İqtisadi cəhətdən ildən-ilə möhkəmlənən Azərbaycanda elmin və təhsilin üzləşdiyi problemlərin həlli istiqamətində son illər qətiyyətli addımlar atılır. Mütərəqqi ruhlu bu islahatları Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti də yaxından hiss edir, ölkəmizi firavanlığa, xoş gələcəyə, daha da güclənən hüquqi dövlətə və vətəndaş cəmiyyətinə aparan elmi inkişaf strategiyasını birmənalı dəstəkləyir. İnanırıq ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində elm və təhsilin bütün mövcud problemləri öz uğurlu həllini tapacaqdır. Bu gün hamıya məlumdur ki, Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla, respublikanın müstəqilliyinə əbədi təminatdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-11 may.- S. 6.