Milli-mənəvi dəyərlərin böyük hamisi

 

Xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan ideya - milli ideologiya da məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, ulu öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.

Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.

Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Heydər Əliyev Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır.

Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqımızın milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur. Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirən, onların əsərlərinin təkrar nəşrini təmin edən Heydər Əliyev milli ədəbi düşüncənin inkişafına da əsaslı təkan vermişdir.

Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratmaları da Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət olduğunu təsdiqləyir. Vaxtilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.

Bədnam qonşularımız görkəmli tarixçi alim Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını Dövlət mükafatına layiq görən Heydər Əliyevin özünü də millətçilikdə ittiham edirdilər. Lakin ulu öndər belə ittihamlara qətiyyən fikir vermir, böyük siyasi ustalıqla milli yüksəlişə xidmət edən fəaliyyətini davam etdirirdi. Xatırlatmaq yerinə düşər ki, keçən əsrin 70-ci illərində məşhur "Gülüstan" poemasını yazdığına görə DTK-nın təqiblərinə məruz qalan Bəxtiyar Vahabzadə də məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində həbs olunmaqdan qurtulmuşdu. Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu təsdiqləyir.

Xalqımızın milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası XX əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Azərbaycan əbədiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə Qoqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir" - deyən Heydər Əliyevin göstərişi əsasında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, bu mövzuda bədii film də çəkilmişdir.

Azərbaycan xalqının milli düşüncə sisteminin bədii-poetik modeli olan folklorun inkişafı istiqamətində həyata keçirdiyi addımlar da ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə həssas münasibətindən irəli gəlməklə milli özünüdərkə, milli ictimai şüurun oyanışına xidmət etmişdir. Heydər Əliyev xalqın istiqlal düşüncələrinin, azadlıq ideyalarının lirik-emosional təcəssümü olan aşıq poeziyasının və musiqisinin dirçəldilməsinə də xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin həm aşığın doğulduğu Göyçə mahalında, həm Bakıda, həm də Moskvada yüksək səviyyədə keçirilməsi bunu bir daha təsdiqləyir. Belə bir möhtəşəm yubileyin keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğunu, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında Aşıq Şəmşirin də anadan olmasının 80 illik yubileyinin keçirilməsi, adının ədəbiləşdirilməsi haqqında qərar qəbul edilmişdir.

Heydər Əliyev görkəmli şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbuluna nail olmuş, bir il sonra görkəmli klassikin şanlı yubleyi Bakıda və Moskvada təntənə ilə qeyd edilmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyi keçirilmiş, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 90 illik yubileyi də Bakıda və Moskvada yüksək səviyyədə qeyd edilmiş, həmçinin xalqın qəhrəmanlıq epopeyasını əks etdirən "Koroğlu" dastanı yenidən tamaşaya qoyulmuşdur.

Ədəbi irsə qayğını genişləndirən ulu öndər Heydər Əliyev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin İraqdan Azərbaycana köçürülməsi, məqbərəsinin inşası imkanlarını öyrənmək üçün xüsusi komissiya yaratmışdı. Bu istiqamətdə göstərilən davamlı səylər o zaman İraq dövlətinin əngəlləri üzündən nəticə verməsə də, ulu öndər respublikada dahi şairin yaradıcılığının geniş tədqiqinə, öyrənilməsinə xüsusi qayğı göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını yaxşı bilən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur. Ulu öndər birinci dəfə Azərbaycanda hakimiyyətə gələndən dərhal sonra Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmişdir. Bununla da Heydər Əliyev dühası cəmiyyətə milliləşmə zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin etmişdir. Ötən əsrin 70-ci illərinin ortalarında Azərbaycan dilinin tədqiqi və öyrənilməsi istiqamətində dövlət səviyyəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin çapı da ulu öndərin ana dilinə böyük ehtiramla yanaşdığını göstərir. O dövrdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun yaradılması da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmləndirilməsi, ana dilinin tarixinə, dialektologiyasına dair bir çox tədqiqatların meydana çıxmasını şərtləndirmişdir.

Həmin dövrdə humanitar elm sahələrində də böyük irəliləyişlər əldə edilmiş, Azərbaycan dilinin, tarixinin, folklorunun, fəlsəfi fikrinin, incəsənətinin tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da uzaqgörən siyasətin nəticəsi olmuş, xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri Heydər Əliyevin hakimiyyəti dövründə ictimai şüurda geniş yer tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Keçən əsrin 80-cı illərinin sonunda Azərbaycan xalqının milli "Mən"ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də əsası məhz ötən əsrin 70-ci illərində qoyulmuş möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.

N.Makiavellinin "Məqsəd vasitəyə haqq qazandırır" deyimi əsrlər boyu siyasətin populyar aforizmlərindən birinə çevrilmişdir. Bu deyimin ən irticaçı siyasi-ideoloji cərəyanların başlanğıc nöqtəsi qismində çıxış etməsinə baxmayaraq, məqsədə çatmaq naminə istənilən vasitəyə əl atmanın müsbət imicdə təqdim olunması cəhdinə dair yüzlərlə, minlərlə nümunə var. Bu mənada əxlaq və siyasət anlayışlarının qarşılıqlı münasibəti Azərbaycan siyasətinin də aktual problemlərindən sayıla bilər.

Sıravi azərbaycanlının da milli düşüncəsində, şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyası dərin kök salmışdır. Kişi sözü, mərdlik, iradə, dosta və prinsiplərə sədaqət, dildə və əməldə birlik orta statistik azərbaycanlı üçün tarixən ən vacib və vicdanlı yaşam atributları olmuşdur. Bu mənada, siyasətdə əxlaq mövzusunda danışarkən silahdaşa və dosta qayğı, tərəfdarlar qarşısında sözübütövlülük və yaxın ətrafın sadiqlik məsələləri də nəzərə alınmalıdır. Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ulu öndər istər ailədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, etnik-mental baxımından əsl azərbaycanlı-türk dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi dəyərləri və əxlaqı, sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, qorxmazlıq kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Ulu öndərin idarəçiliyinin bütün mərhələrində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" mövqeyindən çıxış etmişdir.

Məhz yüksək mənəvi-əxlaqi keyfiyyətlər sayəsində ümummilli lider Heydər Əliyev siyasətdə məğlubiyyət sözünü heç zaman yaxına buraxmamışdır. Bu gün əksəriyyət yaxşı xatırlayır ki, hələ 1990-cı ilin əvvəllərində müəyyən qüvvələr, hətta bir sıra tanınmış şəxslər də ulu öndər Heydər Əliyevə qarşı ədalətsiz kampaniyalar təşkil edir, fürsət düşdükcə onun üzərinə hücüm çəkir, onu məğlub etməyə, hətta fiziki cəhətdən aradan götürmək cəhdlərindən də çəkinmirdilər. Amma zaman heç kimə Heydər Əliyevi məğlub durumda görmək, "Heydər Əliyev mənə məğlub oldu" deyə tarix qarşısında öyünmək fürsəti verməmişdir. Heydər Əliyev məğlubedilməz şəxsiyyət kimi, bu dünyaya sanki böyük qələbələr üçün gəlmişdi. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, ən çıxılmaz anlarda belə, arxayınlıq hissini itirmirdi. Çünki bütün mürəkkəbliklər Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü.

Bir vaxtlar parlamentdə Heydər Əliyevin çıxış etməsinə mane olmağa çalışanlar, ona qarşı hədyanlar söyləyənlər sonradan ulu öndərin böyüklüyü qarşısında kiçildilər, səhvlərini dərk edərək mövqelərini dəyişdilər. Fəqət, milli-mənəvi dəyərlərə bağlı olan ümummilli lider geniş ürək sahibi kimi həmin şəxsləri də bağışladı, onların bir qismini hətta yüksək vəzifələrə təyin etdi. Sonralar Heydər Əliyev həmin şəxslərə xitabən deyirdi: "Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur".

Böyük strateq həmişə deyirdi ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər milli mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Onun 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Həmin bəyanatında ulu öndər mətbuat orqanlarında baş alıb gedən, əxlaqımıza, mentalitetimizə yad, milli-mənəvi dəyərlərimiz üçün təhlükə törədə biləcək yazı və fotoşəkillərə çox kəskin münasibət bildirmişdir.

Xalqın təkidi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürən ulu öndər qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Milli Elmlər Akademiyasını seçən ümummilli lider humanitar və ictimai elmlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər qoymuşdur.

Ölkəyə ilk rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıcılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahəyə qayğısı sayəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə çatması üçün lazım olan bütün zəruri addımlar atılmışdır.

Hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Şübhəsiz, milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının real siyasi məqsədlər naminə səfərbər edilməsidir. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qrupların dilinin, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması, dövlət idarəçiliyi orqanlarında onların düzgün təmsil olunması və s. amillər mühüm yer tutur.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Dünya Azərbaycanlılarının 2001-ci il noyabr ayının 9-10-da keçirilmiş I Qurultayında ümummilli lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin qorunmasında öz əksini tapır.

Azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti ilk növbədə onun milli maraqlarımızın tam palitrasını əhatə etməsidir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün də cəlbedicidir. Məhz bu ideologiya Azərbaycan xalqını Avropanın və Qərbin mütərəqqi inkişaf meyillərini mənimsəməklə yanaşı, özünün milli-mənəvi, dini dəyərlərini qoruyub saxlamağa, ona sadiq qalmağa sövq edir.

Mövqe və münasibətlərin müxtəlifliyindən asılı olmayaraq, qloballaşma bütün planeti öz ardınca aparır. Mümkün olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək qoşulmasından ibarət ola bilər. İndi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğan müqavimət hissinin qabarıq şəkildə üzə çıxması isə milli lider amili ilə şərtlənir. Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çat-dırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.

Ölkə rəhbəri İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə ötürülməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, Vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Ölkə rəhbəri ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Prezident İlham Əliyevin mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərini xüsusi diqqət mərkəzində saxlaması, onların iş şəraitini yaxşılaşdırması üçün göstəriş verməsi də xüsusi vurğulanmalıdır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri rahat həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. İndi biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik, bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artirmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır.

Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarca fərman və sərəncamlar, dövlət proqramları imzalaması böyüməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm cəhətləridir. Bütün bunlar mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 11 may.- S. 7.