Siyasətdə zəfər rəmzi
Azərbaycan xalqının taleyində həlledici rol oynamış ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Unudulmaz görüşlər" kitabında xalq yazıçısı Anar bu böyük şəxsiyyətin canlı portretini bir cümlə ilə belə ifadə etmişdir: "Dünyaya qalib gəldi, qalib getdi!"
Həqiqətdir!..
Sözün əsl mənasında, Heydər Əliyev - siyasətdə zəfər rəmzidir!..
Onun həyatının başlanğıcından sonuna qədər hansı səhifəsini vərəqləsən, burada qələbənin məğrur təbəssümünü görərsən…
Biz hətta epizodik şəkildə bu həyatın "qələbələr tarixi"ni nəzərdən keçirəndə görürük ki, onlar hamısı Heydər Əliyev şəxsiyyətinin bütövlüyündə pillələnərək getdikcə daha möhtəşəm məna kəsb edir.
Heydər Əliyev ötən əsrin 50-ci illərində təhlükəsizlik strukturlarında çalışan, gələcəyinə böyük ümid bəslənilən bir gənc idi. Lakin birdən məlum olur ki, onun ailə qurmaq istədiyi qızın atası - ölkənin tanınmış şəxsiyyətlərindən biri olan Əziz Əliyev artıq siyasi rəhbərlik tərəfindən "sıxışdırılır" və bu sevda perspektivli bir gəncə öz gələcək karyerasında yaxşı heç nə vəd etmir. Fəqət, gənc Heydər Əliyev öz əqidəsindən dönmür, bütün perspektivini təhlükə altında qoyaraq, sevgilisindən üz döndərməmək cəsarətini göstərir, Zərifə xanımla evlənir. Təməli sədaqətlə qoyulan bu ailənin ocağından gələcəyin dövlət rəhbəri böyük siyasətə yol açır, bu ocaqda vətənpərvər, zəkalı övladlar böyüdür, Azərbaycan ailəsinin müqəddəslik dəyərlərinin siyasətçi taleyində nə qədər əhəmiyyətə malik olduğunu sübut edir.
Heç şübhəsiz, Heydər Əliyevin ilk qələbələrindən biri bu idi. Çünki şəxsi həyatında əqidəli olan bir insan siyasi həyatında da eyni qətiyyəti göstərmək gücündədir. Siyasi əxlaq nümunəsi göstərən Heydər Əliyev lap gəncliyindən yaxın ətrafından, məsləkdaşlarından tutmuş geniş xalq kütlələrinədək hamının üzünə düz baxa bilən, bununla da özünə etibar və etimad yarada bilən müdrik bir şəxsiyyətin həyat yolunu keçmişdir.
Ümumdünya tarixi proseslərinin inkişafı kontekstində yanaşsaq, Heydər Əliyevin keçdiyi bu həyat yolunun zəngin bioqrafiyasında onun şəxsiyyəti bütün əzəməti ilə görünür. Tarixin dövlətçilik praktikasından öyrəndiyi və şəxsi təcrübəsindən qazandığı böyük təcrübəsi onun çoxşaxəli, titanik fəaliyyətində bütün spektrləri ilə öz əksini tapmışdır. Heydər Əliyev dünyanın siyasi inkişafını, sadəcə, kənardan izləyib, ona mexaniki şəkildə "uyğunlaşdırılmış" addımlar atan təqlidçi-siyasətçilərdən deyil, rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan, onun hərəkətverici qüvvəsinə çevirən yaradıcı siyasətçilərdən olmuşdur.
Heydər Əliyev şəxsiyyəti ilə Azərbaycanın müstəqilliyi arasında ona görə birbaşa əlaqə var ki, Azərbaycan da, onun Qurucusu da azadlıqsevərdir, milli və ümumbəşəri dəyərlərin harmoniyasını yaratmağın güclü potensialına və ən başlıcası, qalibiyyət iradəsinə malikdir. Azərbaycanın ümummilli liderini yetişdirən tarixi və çağdaş mühitin bütün təfərrüatlarını, amillər toplusunu göz önünə gətirdikcə bu həqiqətin təkzibedilməz olduğunu yəqin edirsən.
Vaxtilə Azərbaycana rəhbərlik etmiş adamlardan heç biri ölkədə gedən tarixi-siyasi proseslərin mahiyyətini, milli-mədəni münasibətlərin formalaşma qanunauyğunluqlarını və prinsiplərini Heydər Əliyev qədər dərindən duya və bu sahədə, bu təməl üzərində ideologiya yarada bilməyib: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlıdır".
Bu milli ideologiya - azərbaycançılıqdır. Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayındakı tarixi nitqində birmənalı şəkildə bəyan etmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır". Heç kim də azərbaycançılıq ideologiyasını Heydər Əliyev qədər dərindən əsaslandıra bilməyib. Ona görə ki, bu ideologiyanın arxasında Heydər Əliyevin qüdrətli şəxsiyyəti, nüfuzu, təcrübəsi, xalqın onun sözünə, əqidəsinə, mövqeyinə inamı, etibarı dayanır.
Azərbaycançılıq ideologiyasına qələbə qazandıran, onu ölkənin bütün vətəndaşları üçün birləşdirici istinad mənbəyinə çevirən onun Lider-Simvolu - elə Heydər Əliyevin özüdür!
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, o öz siyasi fəaliyyətində planetin tarixində çox dərin iz qoymuş, bu tarixin gedişinə yönəldici təsirlər göstərmiş türklərin klassik dövlətçilik ənənələri ilə onların bir hissəsinin məskunlaşdığı Azərbaycandakı dövlətçilik ənənələrini birləşdirə bilmişdir.
Heydər Əliyevin şəxsiyyətində Azərbaycançılıq ruhunun formalaşmasının kökləri olduqca dərindir: hər şeydən öncə, o, klassik Azərbaycan dövlətçiliyinin ana yurdu Naxçıvanda doğulub. Naxçıvanın sərt təbiəti, ötən əsrin otuzuncu illərinin ağır mənəvi mühiti, ermənilərlə hələ o vaxtdan başlayan münasibətlərin gərginliyi onun xarakterini möhkəmləndirib, onda ən çətin sınaqlara dözüm, ən mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq cəsarəti, qələbəyə inam yaradıb.
İyirminci əsrin otuz-qırxıncı illərinin fırtınalı hadisələrinin, sosializm quruculuğunun ümumi axarında Heydər Əliyev taleyin onun üçün ayırdığı yeri axtarırdı. Böyük siyasətin "uvertürası"nı - onun nəzəriyyəsini və praktikasını birlikdə öyrənməklə, yəni öncə də qeyd etdiyim kimi, dövlət təhlükəsizliyi orqanlarındakı işlə və buradakı tədrici və qətiyyətli yüksəlişlə başladı. Təsadüfi deyil ki, Heydər Əliyev məhz buradan - dövlət təhlükəsizliyi orqanlarından Azərbaycan rəhbərliyinə yüksəlib. 1930-1960-cı illərdə dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti Sovet İttifaqının və onun tərkibindəki Azərbaycan SSR-in nəinki bütün siyasi həyatının, ümumiyyətlə, onun bir dövlət kimi mövcudluğunun ilkin şərti idi. Heydər Əliyev də məhz bu çətin və məsuliyyətli fəaliyyətin müstəsna peşəkarlarından oldu. Heç şübhəsiz, o, belə bir təcrübəni qazanmasaydı, "Sovet Azərbaycanı"nın içərisindən "milli Azərbaycan Respublikasını" yetişdirə bilməzdi.
Heydər Əliyevin siyasətdə ən böyük qələbələrindən biri məhz bu dövrdə Azərbaycanda milli şüuru inkişaf etdirməsi olmuşdur. O zaman hamıya bəlli idi ki, sovet dövləti müttəfiq respublikalardan ibarət olsa da, faktiki olaraq, bu unitar siyasi sistemdə onların müstəqilliyindən söhbət belə gedə bilməzdi. Heydər Əliyev isə nadir şəxsiyyətlərdən idi ki, bu sistemin dəmir qaydalarına sinə gərə bilmişdi!
Azərbaycan müstəqillik dövründə məhz Heydər Əliyevin qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesini başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutdu.
Hələ SSRİ-nin tərəqqi etdiyi, beynəlmiləlçilik ruhunun ən yüksək səviyyədə olduğu çağlarda da türk mənşəli dövlət adamlarının ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə də, onların həmin mövqedən türk respublikalarının milli mənafeyi üçün çalışmaları daha da çətin idi və demək olar, qeyri-mümkün idi. Belə təzadlı bir dövrdə bu qeyri-mümkünlüyü mümkün edən yalnız mahir siyasət ustası Heydər Əliyev oldu. Ancaq bu mövqeyə yüksəlmək üçün ilk öncə Azərbaycanda birinci olmaq lazım idi. Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən bir neçə il sonra respublikamızın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr - hərtərəfli milli inkişaf dövrü başladı. Hər bir azərbaycanlıda qürur doğuran bu tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyərləndirdiyi kimi, "Azərbaycanın intibah dövrünə" çevrildi.
Fəqət, Azərbaycanın Rusiya imperiyasına qatıldığı vaxtdan etibarən ardıcıl olaraq yeridilən saxta beynəlmiləlçilik siyasəti nəticəsində ölkəmizin nəinki ərazisinə, həm də idarəetmə orqanlarına yerləşdirilən digər millətlərin nümayəndələri, xüsusən də ermənilər XX əsrin birinci yarısında Azərbaycan SSR-də bir sıra mühüm vəzifələri ələ keçirib xalqımızın gələcək taleyinə təsir göstərmək, onun milli dövlətçilik hisslərini boğmaq üçün əllərindən gələni edirdilər. Sovet sistemi çərçivəsində də Azərbaycanın milli dövlətçilik elementlərini məhvə doğru aparan bu təhlükəli siyasətə qarşı durmaq, onu neytrallaşdırmaq nə qədər çətin olsa da, Heydər Əliyev tarixi şəraitin verdiyi minimum imkanlardan maksimum yararlana bildi. Buna görə də hələ sovet dövründə onun fəaliyyətində milli şüur oyanışının "çarxları"nı hərəkətə gətirmək cəhdləri açıq-aydın sezilir. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin rəhbərliyi dövründə ilk dəfə olaraq milli dövlətçilik təfəkkürü olan yerli kadrlar ali hakimiyyət orqanlarında yerləşdirildi. Altmış-səksəninci illərin tarixi situasiyasında köklü dəyişmələr məhz Heydər Əliyevin məqsədyönlü siyasi iradəsi ilə baş vermiş və dəqiq məqsədlərə istiqamətlənmişdi.
Heydər Əliyevin SSRİ rəhbərliyinə yüksələnədək böyük tarixi əhəmiyyət daşıyan çoxşaxəli fəaliyyətinin əsas konturları və başlıca məqsədləri artıq bu ərəfədə müəyyənləşmişdi. Həmin onilliklərdə Heydər Əliyev SSRİ dövlətinin rəhbəri, Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevin xüsusi rəğbət və etimadını qazanaraq və bundan Azərbaycan SSR-nin tərəqqisi üçün məharətlə istifadə edərək özünə daha geniş fəaliyyət üçün şərait və perspektiv aça bilmişdi.
Sovet İttifaqını idarə edən rəhbərlərdən heç biri Heydər Əliyev səviyyəsində deyildi. Onun Brejnevdən üstünlüyü isə açıq-aşkar sezilirdi. Sadəcə olaraq, "yazılmamış qanunlara görə" türk əsilli azərbaycanlının Sovet Sosialist Respublikaları İttifaqına rəhbərlik etməsi mümkün deyildi. Ancaq SSRİ ali hakimiyyətinə yüksəlmək Heydər Əliyevə müyəssər oldu. Bu yüksəliş tamamilə qanunauyğun, məntiqi olduğu qədər də labüd bir qələbə idi!
Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Heydər Əliyevin siyasi portretinin əzəməti onun SSRİ ali hakimiyyətindəki fəaliyyətinin geniş miqyasında daha parlaq görünür. Artıq bu mərhələ - Heydər Əliyevin böyük quruculuq dövrüdür. M.Qorbaçov Sovet İttifaqında böhran situasiyası yaradana, siyasi kursu idarəolunmaz bir həddə çatdırana qədər Heydər Əliyev quruculuğu ittifaq miqyasında davam edir və təqdir olunurdu. Bu dövr ulu öndərin coşqun quruculuq qələbələrinin sıralandığı bir dövrdür.
Həmin dövrdə ölkə rəhbərliyində daha iki türk əsilli siyasətçi vardı - Dinmühəmməd Kunayev (qazax) və Şərəf Rəşidov (özbək). Ancaq onlar Heydər Əliyev nüfuzunda deyildilər. Heydər Əliyevin Azərbaycan dayağı vardı və Sovetlər miqyasında, bəlkə də dünya qarşısında Avrasiya bütövlüyünü simvolizə edən yeganə siyasi xadim idi. Həm də başda rus xalqı olmaqla, bütün SSRİ xalqları Heydər Əliyevə dərin etimad bəsləyirdilər. SSRİ kimi nəhəng dövlətdə belə böyük nüfuz, etimad qazanmaq Heydər Əliyev siyasətinin danılmaz qələbəsi idi.
Heydər Əliyevi zirvəyə qalxdığı məqamlarda daha yaxından tanıyırdıq, doğmalığını daha dərindən hiss edirdik. Hər bir azərbaycanlı onunla fəxr edirdi. Bu şəxsiyyət yüksəldikcə, onun xalqla, torpaqla, vətənlə bağlılığı daha aydın cizgiləri ilə görünürdü.
Heydər Əliyev bu zaman həm də dünya şöhrətli dövlət adamı kimi nüfuz qazanmaqla öz siyasi karyerasının zirvəsinə çataraq bu böyük dövlətin idarə olunmasında birinci şəxsə çevrilməyin bir addımlığında idi. Buna görə də M.Qorbaçov üçün ən böyük rəqib bu zaman məhz Heydər Əliyev idi. Çernenkodan sonra kimin Sov.İKP MK-nın Baş Katibi olacağı məsələsi ortaya çıxanda, Qərb mətbuatı daha çox Heydər Əliyev barəsində yazırdı.
Sovet İttifaqında siyasi hakimiyyət böhranının ən qızğın çağında - həlledici "tarixi səhv" buraxıldı... Daxili və xarici amillərlə şərtlənən və M.Qorbaçovla düyünlənən SSRİ-nin süqutu qaçılmaz oldu. Heydər Əliyevin böyük siyasətdən uzaqlaşdırılması ilə Azərbaycanın "sıxışdırılması" sanki eyni ssenari üzrə baş verdi. Formal da olsa, Sovetlər İttifaqında federativ dövlət quruluşu vardı... Qorbaçov isə respublikaların hüquqlarını tapdalamağa, milli ləyaqətini təhqir etməyə, buna etinasız yanaşmağa başladı və bu da milli ərazilərdə oyanmaqda olan milli şüurla toqquşaraq münaqişəyə gətirib çıxardı...
SSRİ-nin dağılmasının "uvertürası" olan "Miatsum" (Qarabağın Azərbaycandan qoparılıb zorla Ermənistana birləşdirilməsi iddiası ilə çıxış edən erməni hərəkatı) başladılanda, faktiki olaraq, Azərbaycanın parçalanması siyasətinə rəvac veriləndə artıq Azərbaycan nə etdiyini bilməyən oyuncaq bir rejimin əlində tamamilə çaşdırılaraq müdafiəsiz qalmışdı. Ən böyük faciə isə bu idi ki, Azərbaycan onu dünya miqyasında bir siyasi şəxsiyyət olaraq müdafiə edə biləcək Heydər Əliyev kimi bir dayaqdan məhrum edilmişdi.
Uzun müddət SSRİ-ni unitar dövlət şəklində saxlamaq, avtoritar rejim üsulunda idarə etmək onsuz da mümkün deyildi. M.Qorbaçovun qondarma yenidənqurması ölkəni yeniləşdirməyin ən uğursuz variantı, labüd fiaskoya aparan yol idi. Ölkəni əvvəlcə böhrana, sonra isə süquta sürükləyən bu tendensiyaya qarşı Heydər Əliyev daha çox ona görə mübarizə aparmağa başlamışdı ki, bu süqutun xarabalıqları altında Azərbaycan və digər türk respublikaları qala bilərdi. Heydər Əliyev var qüvvəsi ilə Vətənini bu böyük miqyaslı fəlakətdən yayındırmağa çalışırdı.
Biz Heydər Əliyevi ən çətin günlərində də zirvədə olduğu tək, ən müdrik insan kimi, təqib olunan çağlarında da ən mətin, əyilməz bir şəxsiyyət kimi, bütün hakimiyyət dəstəyi əlindən alınan zamanda da ən mübariz və qüvvətli bir mücahid kimi gördük!
Qorbaçov onu ali hakimiyyətdən uzaqlaşdırdı. Ancaq bu, məğlubiyyət olmadı! Heydər Əliyevin enişi onun qələbəsinə, Qorbaçovunsa enişinə və məğlubiyyətinə səbəb və təməl oldu! Qorbaçov böyük bir ölkəni dağıdan oyuncaq fiqur, Heydər Əliyev isə dağılmaq, məhv olmaq təhlükəsi ilə üzbəüz qalmış ölkəni - vətəni Azərbaycanı yenidən quran, özü də müstəqil dövlət kimi quran öndər kimi tarixə düşdü! Bax budur Azərbaycan siyasətçisinin qələbəsi!
Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyev qədər qalibiyyətlərlə zəngin olmayıb. Onların heç birinin siyasi irsi və kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi - Heydər Əliyevdən başqa!
Azərbaycan qarşısındakı xidmətlərinin xalqımız tərəfindən qiymətləndirilərək, yenidən müstəqil dövlətimizin rəhbərliyinə müzəffər sərkərdə kimi qayıtması Heydər Əliyevin ən böyük qələbəsi idi!
Heydər Əliyevin siyasi fəaliyyəti və mübarizəsi hətta onun vəfatı ilə də bitməyən "Azərbaycan səhifəsi"nin daha dolğun panoramında dərk oluna bilir. Demək olar ki, bütün addımlarında öz xalqına, onun istedadına və həqiqəti dərindən duymaq qabiliyyətinə inanan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq potensialı əsasında qurmağın tarixi missiyasını şərəflə yerinə yetirdi. O, didilib parçalanan Azərbaycanı bütövləşdirərək regionun nüfuzlu dövlətinə çevirdi. Yenə də türk dünyasını parçalamaq istəyənlərə qarşı duraraq Azərbaycanın müdafiə və inkişaf strategiyasını hazırladı.
Tarixdə ilk dəfə olaraq məhz iyirminci əsrin sonu - iyirmi birinci əsrin əvvəllərində Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının qlobal konsolidasiyası mümkün oldu və onların Vətən naminə birləşmək, fəaliyyət göstərmək səylərinə Azərbaycan yurdundan start verildi: "İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır".
Bu gün Heydər Əliyevin dünya azərbaycanlılarını bir araya gətirərək onların birliyini yaratmaq və təşkilatlandırmaq sahəsində apardığı ardıcıl siyasətin necə uğurlu nəticələr verdiyini və azərbaycançılığın ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar arasında vahid ideoloji xəttə çevrilməsinin hansı böyük perspektivlər açdığını görürük. Bu dövrədək Azərbaycan qürbətdə yaşayan soydaşlarımız üçün yalnız "romantik" ana yurd, "coğrafi" Vətən idi. Heydər Əliyev bu Vətəni onlar üçün "siyasi" Vətənə, planetin hər yerindən axıb gələn milli enerjinin toplandığı və real qüvvədə birləşdiyi müstəqil və qüdrətli bir Vətənə çevirdi. Bu da Heydər Əliyevin milli siyasət tarixində ən diqqətəlayiq qələbələrindəndir.
Heydər Əliyev və Azərbaycan bir tarixi mənəviyyat bioqrafiyasına, taleyinə malikdir. Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi kataklizmlərlə dolu olan, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Heydər Əliyev fenomeni Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici faktordur. Heydər Əliyevin Azərbaycanda sivil, müstəqilliyini əbədiləşdirən bir dövlət qurmaq konsepsiyasının xalq tərəfindən birmənalı dəstəklənməsi ölkənin gələcəyini müəyyən edən başlıca amil oldu.
Heydər Əliyev milli dövləti idarə etməyin beynəlxalq siyasi sistemlə ideal bağlılığını tapa bilən müstəsna siyasət yaradıcılarındandır. Onun Azərbaycan dövlətçiliyi praktikasındakı bu nailiyyəti, formalaşdırdığı siyasi idarəetmə sistemində bu qaynaq məqamının tapılması - onun siyasi kursunun uğurla davam etdirilməsinin ən başlıca reallıqlarındandır.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur.
Cənab İlham Əliyev Prezident seçilərkən dünyanın ən gənc dövlət başçılarından idi. Ancaq buna baxmayaraq, dünyanın siyasi mədəniyyət ənənələrinə və siyasət praktikasına (əsasən Heydər Əliyev məktəbi nümunəsində) mükəmməl yiyələnən İlham Əliyevin dövlətçi - lider kimi üstünlüklərini bütün təzahür xüsusiyyətləri və potensial parametrləri ilə görmək mümkün idi.
Səkkiz il müddətində Azərbaycanı
Qafqazın ən qüdrətli dövlətinə
çevirmiş, ölkəsinin bütün sahələrdə
qalibiyyət potensialını üzə
çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan
xalqı özünə ən etibarlı siyasi gələcək,
mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.
Cənab İlham Əliyevin siyasi rəhbər kimi ən
ümdə keyfiyyətlərindən biri onun "hakimiyyət"
gücünün Heydər Əliyev kimi qüdrətli bir
siyasətçidə güvənc yaratmasıdır. Bu
güvənc İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçiləndən sonra ölkəmizin
inkişafının bütün istiqamətlərində,
qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsində
özünü doğrultdu.
Bu gün də Azərbaycan xalqının yeni liderinə böyük inamı var. Bu inam Prezident İlham Əliyevin dövlət rəhbəri kimi fəaliyyətinin uğurlu başlanğıcından bu günədək, demək olar ki, hər gün, hər saat qazanılmış yeni nailiyyətlərlə sübuta yetirilir. Bu inkişaf Azərbaycan və Heydər Əliyevin ölməz ruhu qarşısında böyük məsuliyyətlə çalışmağın nəticəsidir.
Dünyaya qalib gəlib, qalib gedən Heydər Əliyev bu dünyadan köçəndən sonra da onun qələbəsi davam edir: bu qələbə - Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycan, onun Heydər Əliyevə böyük ehtiram göstərən, inkişaf yolunda qətiyyətlə irəliləyən nikbin xalqı, sarsılmaz milli dövlətçilik ideallarımızdır!
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-11 may.- S. 8.