Heydər Əliyev ideyalarından ilham alan mərhəmət ünvanı

 

Dövlət müstəqilliyinin 20-ci ilinə qədəm qoyan Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyib inkişaf edir. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir.

7 il öncə elə bu zərurətdən yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti eyni zamanda bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.

Fondun təntənəli açılışı 2004-cü il mayın 10-da, Heydər Əliyevin doğum günündə oldu. Mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib: "Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında fondun rolu böyük olacaqdır".

Bəli, ulu öndərin adını daşıyan, ideyalarını layiqincə gerçəkləşdirən fond ötən 7 ildə öz fəaliyyəti ilə Azərbaycanın həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai qurum olduğunu sübut edib. Bu müddətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr, doğurdan da, olduqca geniş spektrli, maraqlı və rəngarəngdir. Fond xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafına, mədəniyyətimizin və mədəni irsimizin dünyada təbliğinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin dünyadakı imicinin formalaşmasına, amnistiya təşəbbüsçüsü olmağa qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirməklə ulu öndərin ideyalarına ləyaqətlə xidmət etdiyini təsdiqləyib. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu 7 illik fəaliyyətilə insanların ümid yerinə çevrilib.

Prezident İlham Əliyev qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd edib: "Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran kəhkəşan fəaliyyətinin əsasında təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə və ümumən fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq! "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri qoruyur və davam etdirməyə çalışırıq"-deyə Mehriban xanım Əliyeva bildirib.

Son illərdə ölkəmizin dörd bir yanında geniş vüsət alan məktəb və xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik təbdirlərinin nəticəsində yüzlərlə insan normal sağlam həyata dönüb.

Məhz nəcib əməllərinə görə Mehriban xanım Əliyeva ötən 7 ildə bir sıra beynəlxalq mükafatlara, adlara layiq görülüb. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilib. Mehriban xanım Əliyeva 2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub. 2010-cu il dekabrın 30-da Mehriban xanım Əliyeva türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

Heydər Əliyev Fondu ulu öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir. Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə alması işində bundan sonra da yeni zirvələr fəth edəcək, doğma Azərbaycanın adını hər zaman layiqincə ucaldacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-11 may.- S. 9.