Prezident Kitabxanasının ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən elektron resursu və veb-saytı yenilənmişdir

 

Bütün dövrlərin dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin araşdırılması daim gündəlikdə olan mövzudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi bu baxımdan bitib-tükənməyən xəzinədir. Həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş ulu öndər Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı, hər bir fərd üçün örnəkdir.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən mərhələ, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrindəki dirçəliş və quruculuq illəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərdə Heydər Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazılmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, beynəlxalq nüfuzunun artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli lideri adını qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası 4 il bundan əvvəl elektron resurs hazırlamışdır.

Ulu öndərin anadan olmasının 88-ci ildönümü ərəfəsində Prezident Kitabxanası "Heydər Əliyev. Elektron sənədlər toplusu" adlı resursunu yeni materiallarla zənginləşdirərək istifadəçilərin ixtiyarına vermişdir. Elektron resursun "Xronologiya" adlanan fəslindəki Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlə yanaşı, onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışdığı dövrü və SSRİ Nazilər Soveti sədrinin birinci müavini işlədiyi müddəti özündə əks etdirən bölmələr xeyli dərəcədə zənginləşdirilmişdir.

Elektron resursun "Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları" fəslinə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə söylədiyi nitqlərdən, çıxışlarından, məruzələrindən və müsahibələrindən seçmə materiallar, həmçinin onun fəaliyyətinin 1990-1993-cü illər Naxçıvan dövrünü özündə əks etdirən müsahibələri, çıxışları, məruzələri, bəyanatları və müraciətləri ayrıca bölmələr şəklində əlavə edilmişdir.

Heydər Əliyev haqqında son dövrdə müxtəlif dillərdə çap olunmuş kitabların elektron versiyaları ilə zənginləşdirilmiş elektron resursa, həmçinin kitabxananın fondundakı qəzet və jurnallarda ulu öndər Heydər Əliyev haqqında dərc edilən analitik məqalələrin elektron versiyaları da yeni bölmə kimi əlavə edilmişdir.

Resursun "Biblioqrafiya" fəslinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatlarının biblioqrafiyası əlavə edilmişdir.

Prezident Kitabxanasının www.peslib.az saytı da yeni dizaynda və yeni texniki parametrlərlə istifadəçilərə təqdim olunur.

Yenilənmiş sayt informasiya texnologiyalarının son tələblərinə uyğun qurulmuşdur ki, bu da onun daha çevik və sürətli açılmasına imkan verir. Yenidən qurulan sayt bütün brauzerlərə görə nizamlanmışdır. Saytın ana səhifəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən elektron resurslara birbaşa keçid verilmişdir.

İstifadəçilər Prezident Kitabxanasının yeni saytında tarixi günlər haqqında məlumatlarla və mədəniyyət xəbərləri ilə də tanış ola biləcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 may.- S. 9.