Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Ölkəmizdə səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç mayın 10-da Mətbuat Şurasında (MŞ) olmuşdur.

MŞ-dən AzərTAc-a bildirmişlər ki, sədr Əflatun Amaşov qurumun əsas məqsədinin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən, mövcud sahədə meydana çıxan çətinliklərin aradan qaldırılmasına kömək göstərməkdən ibarət olduğunu diqqətə çatdırmışdır.

Diffamasiya ilə əlaqədar ATƏT-in Bakı ofisi ilə birgə həyata keçirilən layihənin müsbət nəticələr verdiyini qeyd edən Ə.Amaşov bildirmişdir ki, layihənin ilk istiqaməti uğurla yekunlaşmışdır. O, həmçinin "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"nın təkmilləşdirildiyini, diffamasiya ilə bağlı qanun layihəsinin hazırlandığını qeyd edərək, artıq bu istiqamətdə müzakirələrə başlandığını da diqqətə çatdırmışdır.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi D.Miyatoviç Mətbuat Şurasının fəaliyyətinə toxunaraq quruma etimadın mövcudluğunu vacib məqam kimi önə çəkmişdir. O, MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə layihəsinin uğurlarına da toxunaraq diffamasiya ilə bağlı qanun layihəsi ilə tanış olduğunu bildirmişdir. Bu istiqamətdə MŞ-nin göstərdiyi səyləri yüksək qiymətləndirən qonaq ATƏT-in Daimi Şurasının iclasındakı çıxışında ölkəmizdə bu istiqamətdə aparılan işləri qeyd edəcəyini diqqətə çatdırmışdır.

Görüşdə MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə əməkdaşlığına dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-11 may.- S. 9.