"İki sahil" qəzetinin
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr edilmiş "Xüsusi
buraxılış"ı çap olunmuşdur
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "İki sahil" qəzetinin "Xüsusi buraxılış"ı çap olunmuşdur.
"İki sahil" qəzetinin redaksiyasından AzərTAc-a bildirmişlər ki, 84 səhifəlik xüsusi buraxılış ümummillli liderin rəhbərliyi ilə Azərbaycanın müxtəlif sahələr üzrə qazandığı uğurları əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir. Nəşrin üz qabığında qeyd edilən "...Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradıbsınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan" fikri ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri, müstəqil dövlətimizin dünəninə, bu gününə və gələcəyinə bələdçilik edən inkaredilməz reallıqdır.
Xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamları, siyasi fəaliyyəti, hakimiyyətdə olduğu illər, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, bu uğurların davamlılığını təmin etmək üçün 2003-cü il prezident seçkilərində öz namizədliyini geri götürərək xalqa müraciəti, sonrakı dövrlərdə bu etimadın real işlərdə öz əksini tapması xüsusi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlıdır. Qəzetin əməkdaşı Nail Rəhimzadə "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" adı altında hazırladığı yazıda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini və keçdiyi inkişaf yolunu geniş təhlil edir. Müəllif yazır ki, YAP yaranandan 6 ay sonra partiyanın yaradıcısı Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xalqımızın ulu öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başlandı. Ümummilli liderin YAP-ın gələcəyi ilə bağlı söylədiyi həmin fikir sonrakı proseslərin gedişində bir daha təsdiqini tapdı. Bu gün YAP nəinki ölkənin, ümumilikdə, regionun aparıcı siyasi təşkilatıdır.
"İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə "Uğurlu gələcəyə böyük inamla" yazısında ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər bir daha oxuculara çatdırılır. Yazıda bu fikir xüsusi vurğulanır ki, xalq-Prezident birliyi möhkəmdir, sarsılmazdır. Azərbaycan xalqı verilən hər bir vədin konkret əməli işdə təsdiqini tapdığının şahidinə çevrilməklə həyata keçirilən siyasətə dəstək olur, dövlət başçısının ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyir.
Xüsusi
buraxılışın son səhifəsində ulu öndər
Heydər Əliyevin "Müstəqil Azərbaycanın
böyük gələcəyi var. Mən bu gələcəyə
inanıram" fikrinin əksini tapması təbii ki, səbəbsiz
deyildir. Azərbaycanın bugünkü uğurları həmin
tezisin təsdiqidir. Bu gün ölkəmizin regionda və
dünyada əsl söz sahibinə çevrilməsi ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətin və hazırda bu kursun Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
"Nə qədər ki, müstəqil Azərbaycan dövləti
var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə
yaşayacaqdır".
Azərbaycan.- 2011.- 11 may.- S. 10.