Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunmuşdur

 

Mayın 10-da Milli Aviasiya Akademiyasında (MAA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə akademiyanın müəllim və tələbələri ulu öndərin xatirəsini ehtiramla yad edərək, büstü önünə gül dəstələri qoymuşlar.

Sonra tədbir akademiyanın akt zalında davam etmişdir.

MAA-nın prorektoru Şəmsəddin Axundov "Heydər Əliyev yeni Azərbaycanın qurucusudur" mövzusuna həsr olunmuş tədbiri açaraq ulu öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Azərbaycan dövlətinin yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin bütün sahələrində misilsiz xidmətlərindən bəhs edən natiq onun azərbaycançılıq ideyasını xüsusi vurğulamışdır.

Ş.Axundov ulu öndər Heydər Əliyevin Azərbaycan aviasiyasının təşəkkülündə və inkişafında rolu, bu sahədə milli kadrların yetişməsində göstərdiyi qayğı barədə danışmışdır. O, MAA-da tələbə elmi yaradıcılığına həmişə diqqət verildiyini bildirmiş və Beynəlxalq Aviasiya Olimpiadasının qalibi Emil Vahablı haqqında qısametrajlı filmin çəkildiyini demişdir.

MAA-nın əməkdaşı, əməkdar jurnalist Yusif Kərimovun ssenarisi əsasında hazırlanmış film nümayiş etdirilmişdir.

Kadrda Azərbaycan bayrağı dalğalanır. Fonda ulu öndərin gülümsər çöhrəsi görünür. O, iftixarla deyir: "Mən xoşbəxtəm ki, indi Azərbaycan mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər".

Sonra Emil Vahablının Moskva olimpiadasında iştirakını əks etdirən fotoşəkillər diqqəti çəkir. Diktor bildirir ki, Emil 15 suala düzgün cavab göndərdiyi üçün olimpiadanın yekun turuna dəvət almışdır. Gənc tədqiqatçımız geniş məruzə ilə çıxış etmiş, təyyarələrdə müxtəlif təyinatlı konstruksiyalı güc qurğularının tətbiqi üzrə arqumentlərini uğurla müdafiə etmişdir. Beynəlxalq Aviasiya Olimpiadasının münsiflər heyəti Azərbaycan təmsilçisinin elmi-tədqiqat işini və cavablarını yüksək qiymətləndirərək, onu birinci yerə layiq görmüşdür.

Filmdə Emilin və onun atası T.Vahablının çıxışları, eləcə da MAA-nın sonuncu iclasından çəkilən fotoşəkillər də yer almışdır.

Sonda MAA-nın tələbələrinin ifasında ulu öndərin fəaliyyəti barədə ədəbi-bədii kompozisiya göstərilmişdir.

 

 

Azərbaycan.- 2011.- 11 may.- S. 10.