AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda ümumrespublika
elmi-praktiki konfransı keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və bu elm müəssisəsində fəaliyyət göstərən "Heydər Əliyev məktəbi"nin 5 illik fəaliyyətinə həsr olunmuş ümumrespublika elmi-praktiki konfransı keçirilmişdir.
FSHİ-dən AzərTAc-a bildirmişlər ki, konfransda institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə böyük siyasi xadimin irsinin öyrənilməsi və tədqiqi sahəsindəki mövcud təcrübələrə əsaslanaraq əldə olunmuş nailiyyətlər, habelə ulu öndərin irsinin müasir inkişaf strategiyamızdakı roluna dair elmi təhlil aparılmışdır. Ölkəmizin qloballaşma şəraitində yeni dünya məkanına inteqrasiyası proseslərinin əsasının ulu öndərin siyasi strategiyası ilə qoyulduğu, müasir şəraitdə bu strategiyanın Prezident İlham Əliyev tərəfindən modernləşmə xətti ilə davam etdirildiyi faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Vüqar Səlimov çıxış edərək, 1993-cü ildən başlayaraq ölkəmizdə mərhələlərlə həyata keçirilən hüquqi-siyasi, sosial-iqtisadi islahatların xalqımızın həyatındakı müstəsna əhəmiyyətindən danışmışdır. Vüqar Səlimov xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimizin siyasi iradəsi nəticəsində ölkədə vətəndaş müharibəsinin, xaosun, parçalanma təhlükəsinin aradan qaldırılmasının müasir sabitliyə və inkişafa yol açdığını konkret faktlarla əsaslandırmışdır.
İnstitutun direktor müavinləri - hüquq elmləri doktoru Bəhram Zahidov, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Ruida Rzayeva, politologiya və siyasi sosiologiya şöbəsinin aparıcı elmi işçisi Habil Həmidov, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev və başqaları çıxış edərək ulu öndərin siyasi irsinin öyrənilməsinin əhəmiyyətindən danışmışlar. Bu məsələdə elm və təhsil sahəsində çalışanların müasirlik və dünyəvilik baxımından qarşısında duran yeni vəzifələrin istiqamətləri müəyyənləşdirilmişdir.
Elmi-praktiki konfransda "Heydər Əliyev məktəbi"nin məsul katibi, elmi işçi Sənan Həsənov məktəbin 5 illik fəaliyyətini əks etdirən məruzə ilə çıxış etmişdir. Natiq məktəbin qarşısına qoyulan vəzifələri, görülmüş işlərin ideoloji-siyasi əhəmiyyətini və perspektivlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Azərbaycan.- 2011.- 11 may.- S. 10.