Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir
Paris
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Fransanın görkəmli sərkərdəsi Napoleon Bonapartın yaralı əsgərlərinin vaxtilə müalicə olunduğu Əlil Milli Ordu Muzeyində müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü təntənəli şəkildə qeyd edilmişdir.
Fransa dövlət rəsmilərinin, senator və deputatlarının, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, diasporumuzun təmsilçilərinin və tələbələrimizin iştirak etdiyi tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırmışdır.
Səfir bildirmişdir ki, keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin uzun illərdən sonra yenidən bərpa etdiyi müstəqilliyini və suverenliyini qoruyub saxlamaq, tamamilə dağılmış iqtisadiyyatını inkişaf etdirmək, güclü və qüdrətli bir dövlətə çevirmək sahəsində Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.
Səfir 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyevin Azərbaycanı böhrandan çıxarmaq üçün ilk növbədə atəşkəsin əldə edilməsinə nail olmağı qarşısına məqsəd qoyduğunu və 1994-cü ildə Ermənistanla atəşkəs barədə razılıq əldə edildiyini xüsusi vurğulamışdır. Heydər Əliyevin təşəbbüsü sayəsində 1995-ci ildə Azərbaycanın işıqlı gələcəyini və siyasi perspektivlərini müəyyən edən yeni Konstitusiya qəbul edilmişdir.
Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə xarici neft şirkətləri ilə 1994-cü ildə bağlanmış və "Əsrin müqaviləsi" adı ilə tarixə düşmüş hadisə məhz Heydər Əliyevin uzaqgörən iqtisadi və xarici siyasətinin nəticəsi olduğunu qeyd edən E.Əmirbəyov Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasını ulu öndərin tarixi xidmətləri kimi dəyərləndirmişdir.
Məhz Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına tam və bərabərhüquqlu üzvlüyə qəbul edilmiş, BMT, NATO, ATƏT və digər beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq etməyə başlamış, NATO-nun beynəlxalq terrorizmə qarşı apardığı əməliyyatlarda müvəffəqiyyətlə iştirak etdiyi qeyd olunmuşdur.
Səfir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulamışdır.
Sonra tədbir Azərbaycan və Fransa musiqisevərlərinin birgə konsert proqramı ilə davam etmişdir. Şərq və Qərb musiqisinin dialoquna çevrilən konsertdə məşhur dirijor Loran Petijirarın rəhbərliyi altında, əsası 1873-cü ildə qoyulmuş məşhur Kolon simfonik orkestrinin müşayiəti ilə əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov pianoda Fikrət Əmirovun, habelə dünyaşöhrətli Şumanın və Brahmsın əsərlərindən parçalar ifa etmişdir.
London
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ölkəmizin Londondakı səfirliyində tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, diasporumuzun nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdəki büstünün önünə əklil qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Səfir Fəxrəddin Qurbanov ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi irsindən danışmışdır. Diplomat ölkəmizin müstəqilliyinin gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırmışdır. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan inkişafın, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulamışdır.
F.Qurbanov qeyd etmişdir ki, bu strategiyanın həyata keçirilməsi nəticəsində bu gün Azərbaycanda bütün istiqamətlərdə ciddi tərəqqi əldə olunmuş, ölkəmizin iqtisadiyyatı gündən-günə inkişaf edir.
Mərasimdə ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən film göstərilmişdir. Londonda yaşayan gənc azərbaycanlı musiqiçilər Nəzrin Rəşidova və Ayan Salahovanın ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.
Brüssel
Mayın 9-da Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyi tərəfindən Brüsseldə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar klassik musiqi gecəsi təşkil edilmişdir.
Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov ulu öndər Heydər Əliyevin həyatı, keçdiyi siyasi yol, Azərbaycan xalqı qarşısında unudulmaz xidmətləri barədə ətraflı məlumat vermişdir. Bu il həm də Azərbaycan Respublikasının yaranmasının 20-ci ildönümünün geniş qeyd olunacağını deyən diplomat dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində mühüm rolu haqqında danışmış, onun uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qonaqlar skripkaçı, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyevanın və avstraliyalı pianoçu Fred Zangın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləmişlər.
Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, deputatlar, xarici ölkələrin səfirləri, Azərbaycan və türk icmalarının təmsilçiləri iştirak etmişlər.
Buxarest
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində yubiley tədbirləri keçirilmişdir.
Ölkəmizin Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Tey Parkın Heydər Əliyev xiyabanında keçirilən tədbirdə bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumıniya Türk Demokrat Birliyinin üzvləri də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmış, xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən məşəqqətli ömür yolundan danışmışlar.
Tədbirdə dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlərinin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xüsusi rolu olduğu diqqətə çatdırılmışdır. Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə, regional və qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.
Sonra ümummilli liderin büstü önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət, ehtiram ifadə olunmuşdur.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında bu dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən foto-sərgi ilə də tanış olmuş, ulu öndərə həsr olunmuş sənədli filmə baxmışlar.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ilə əlaqədar Rumıniyanın bir
sıra aparıcı mətbuat orqanlarında yazılar dərc
olunmuşdur.
Azərbaycan.- 2011.- 11 may.- S. 10.